Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmrliklərinin Qətərlə əlaqələrini kəsməsinin əsl səbəbi heç də rəsmən iddia edilənlər yox, Qətərin Xarici İşlər nazirinin Tehranda İranın əfsanəvi generalı Qasim Süleymanilə görüşməsiymiş.
Ovqat.com xəbər verir ki, bu məlumatı İsrail kəşfiyyatına bağlı “Debka” agentliyi yayıb.
Agentliyin iddiasına görə, nazirlə generalın gizli görüşü ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən bir həftə əvvəl keçirilib. Qətərin baş diplomatı Əbdürrəhman Rəşid əl-Sani ilə İranın Yaxın Şərqdəki ən güclü adamının görüşündə ABŞ-dan İrana yönələcəyi ehtimal olunan həmlələrin qarşısını almaq yolları müzakirə edilib. Bu da Səudi Ərəbistanı kralı Səlman Bin Əbdüləzizi, Birləşmiş Ərəb Əmirlikləri şeyxi Məhəmməd Bin Zayd əl Nihiyanı və Misir prezidenti Əbdülfəttah Sisini cin atına mindirib. Ərəb liderləri Qətər qarşısında 4 ciddi tələb qoyublar:
- İranla bütün hərbi və kəşfiyyat əlaqələrinə son verilməli,
- Doha ilə Tehran arasındakı xüsusilə Suriya, İraq və Livanı maraqlandıran razılaşmalar ləğv olunmalı,
- İxvani-Musliminə (Müsəlman Qardaşlar) verilən bütün yardımlar dayandırılmalı və bu qrupun Qatardakı fəaliyyətlərinə göz yumulmamalı,
- Qatar Həmas ilə əlaqələrini sonlandırmalı, təşkilat rəhbərlərinin ölkədəki fəaliyyətləri əngəllənməlidir.
“Debka”nın məlumatına görə, Qətərin bu tələbləri yerinə yetirməyəcəyi təqdirdə, ciddi sanksiyalara əl atılacağı da onun nəzərinə çatdırılıb. Bu sanksiyalar təkcə iqtisadi və siyasi əlaqələri dondurmaqla qalmayacaq, verilən vaxt nəticəsiz tamamlanandan sonra Qətərin hərbi obyektləri də vurulacaqmış.
Paylaş: