İnqilabçı baş nazirin düşmənlərinə dəstək verilməyə başlaması nəyə hesablanıb?
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan yenidən siyasi səhnəyə qayıdır. Maraqlıdır ki, bu dəfə S.Sərkisyana ABŞ-dan dəstək müşahidə olunur. İkin gün öncə ABŞ-ın İrəvandakı səfiri Linn Treysinin S.Sərkisyanla görüşməsi bu cür şərh edilir. Görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və orada Sərkisyanın başçılıq etdiyi Respublika Partiyasının nümayəndələri də iştirak ediblər. Səfir Linn Treysinin xahişilə Sərkisyan Ermənistandakı daxili siyasi vəziyyət, Qarabağ danışıqlarına dair bir sıra məsələlər, iqtisadiyyat və Ermənistan-Amerika münasibətlərinin perspektivləri barədə mövqeyini çatdırıb. Səfirliyin bəyanatında deyilir ki, ABŞ Ermənistanda sosial, iqtisadi və demokratik idarəçiliyin dəstəklənməsi vəzifəsinə sadiq qalır, Respublika Partiyası ilə görüşlər müntəzəm xarakter daşıyacaq. Bununla səfirlik sabiq prezidentə dəstək verəcəklərini bəyan etmiş olub.
Siyasi analitiklər özünü qərbpərəst kimi göstərən inqilabçı baş nazir Nikol Paşinyanın düşməni hesab olunan Sərkisyana ABŞ-dan dəstək verilməsini gözlənilməz yeni prosesin başlanması sayırlar. Maraqlıdır ki, S.Sərkisyan hakimiyyətdə olan zaman birbaşa Rusiyanın adamı kimi tanınıb. İndi ona Amerikanın sahib çıxmağa başlaması Ermənistanda yeni siyasi prosesin getməsi və Paşinyandan Qərbin əlini üzməsi hesab olunur.
N.Paşinyanın Rusiya tərəfdən də vəziyyəti yaxşı deyil. Rusiya onun əsas rəqibi Robert Köçəryanı və Ermənistanın Milli Təhlükəsizlik
Xidmətinin iki ay öncə istefaya göndərilən sabiq sədri Artur Vanetsyanı dəstəkləyir.
Qeyd olunanlar hər iki süpergücün Paşinyanla vidalaşmaq fikrinə düşdüyünün əlaməti sayılır.
Ona görə də iki ay öncəyə qədər Paşinyanın ən yaxın adamlarından və hakimiyyətin əsas dayaqlarından sayılan A.Vanetsyan indi ona qarşı təhlükəli rəqibə çevrilir.
Vanetsyan-Paşinyan savaşının vüsət alması Ermənistanda hakimiyyət daxili vəziyyəti daha da gərginləşdirir. A.Vanetsyanın Moskvada olan erməni oliqarxlarla təmaslar qurduğu və onların dəstəyini aldığı bildirilir. Həmçinin bildirilir ki, dövləti, Paşinyanın bütün sirlərini bilən bu general Kreml üçün göydəndüşmə fiqurdur. Onsuz da Paşinyandan narazı olan Moskva erməni baş naziri onun öz “silahı” ilə vuracaq. Kreml uzun illər ərzində Qarabağ klanının avtoritar təmsilçilərinin Ermənistan cəmiyyətində nüfuzdan düşdüyünün və onları erməni cəmiyyətinə qəbul etdirməyin çətin olduğunun fərqindədir. Paşinyana hələ də dözüm nümayiş etdirilməsində bu amil də rol oynayıb. Eyni zamanda dəfələrlə əksər siyasi analitiklər bildiriblər ki, Moskva Paşinyanın uzaqlaşdırmaq üçün zaman gözləyir.
Beləliklə, qarşıdakı zaman Nikol Paşinyan üçün çox ağır keçəcək. Çünki o, bundan sonra təkcə Robert Köçəryan və Serj Sərkisyanın liderlik etdiyi Qarabağ klanı ilə yanaşı, hakimiyyətinin öz içindən çıxmış general Artur Vanetsyan cəbhəsi ilə döyüşməli olacaq. Nəzərə alsaq ki, rəqiblərə supergüclərin dəstəyi müşahidə olunur, o zaman N.Paşinyanı çətin günlər gözlədiyini söyləmək olar.
ABŞ-ın Rusiyanın adamı kimi tanınan S.Sərkisyana dəstək verməyə başlamasını şərh edən politoloq Nəzakət Məmmədova hesab edir ki, Amerika Putinin yaxın dostu Köçəryandansa S.Sərkisyanla işləməyi üstün tutacağını nümayiş etdirir: “Bu, Rusiyanın Ermənistandakı müəyyən qüvvələri fəallaşdırmasına cavab olaraq, həm də Paşinyanı diskreditasiya etməsinə cavab olaraq, ABŞ-ın heç bir qüvvəni ayrıseçkiliyə məruz qoymaması görüntüsünə hesablanıb. Digər tərəfdən, ABŞ iki pisdən birini seçmək məcburiyyətində qalmış olduğundan, Putinin yaxın dostu Köçəryandansa, Sərkisyanla işləməyi üstün tutacağını nümayiş etdirir. Hər halda, Sərkisyan Köçəryan qədər Rusiyaya yaxın deyil, ən azından, onun dövründə Ermənistan Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb və s. Ola bilsin ki, ABŞ həm də bu vasitə ilə “Qarabağ klanı”nı Rusiyanın nəzarətindən çıxarmağa və ya parçalamağa çalışır. İstənilən halda, bir fakt ortaya çıxır. Nə Rusiya, nə də ABŞ Paşinyanla işləməkdə maraqlı görünmür”.\\Yeni Müsavat
Paylaş: