Xəbər lenti

 

“Reuters”in xəbərində deyilir ki, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaş Abu Dabidə çıxışı zamanı dünyanın güc mərkəzləri və Körfəz ölkələri ilə İranı danışıqlar masası arxasına keçməyə çağırıb. Yaxın Şərqdə gərginliyin artdığını bildirən nazir iqtisadiyyatı da canlandıracaq yeni bir razılaşmaya ehtiyac olduğunu söyləyib. 
Hürmüz Boğazında partlayış həddində olan gərginliyi və Səudiyyə Ərəbistanının enerji obyektlərinə dağıdıcı hücumu qabardan nazir deyib ki, İran 2015-ci ildə bağlanmış nüvə razılaşmasından bir qədər də uzaqlaşaraq uranın zənginləşdirməsinə yenidən start verib.

Kollektiv diplomatiyanın uğur qazanacağına inanan nazir Amerika Birləşmiş Ştatlarının rəsmi Tehrana etdiyi “maksimum təzyiq” kampaniyasını dəstəklədiyini bildirib.

Ənvər Qarqaş İranla yeni danışıqların təkcə nüvə problemi ilə əlaqəli olmayacağını deyib: “Eyni zamanda ballistik raket proqramı və bölgədə olan bəlli silahlı qrupların fəaliyyəti kimi məsələlərin də gündəmə gətirilməsi vacibdir”.

İranın bölgədə sabitliyi pozan bir güc olduğunu söyləyən nazir deyib ki, bu danışıqlar səbir və cəsarət tələb edir. Belə olarsa, ciddi anlaşma da əldə oluna bilər.

“Reuters” agentliyi onu da xatırladır ki, İranın ali rəhbəri Ayətullah Əli Xamenei bəyan edib ki, ABŞ 2015-ci ildə əldə olunmuş nüvə razılaşmasına qayıtmasa və İrana tətbiq etdiyi bütün sanksiyaları ləğv etməsə, heç bir İran rəsmisi hər hansı danışıqlarda iştirak edə bilməz.

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://www.reuters.com/article/us-emirates-iran/uae-calls-for-iran-talks-with-world-powers-region-idUSKBN1XK039




Ana səhifəyə qayıt        Baxış: 541          Tarix: 10-11-2019, 22:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma