Tbilisidə aksiyaçılar Gürcüstanın prezident sarayının darvazasına qıfıl asıblar.
"Report"un yerli bürosu xəbər verir ki, aksiyaçılar öncə iqamətgahın qapısını qıfıllamağa cəhd ediblər.
Etirazçılar bildiriblər ki, prezident Salome Zurabişvili ölkədə siyasi böhran yaranandan on gün sonra bəyanat verib və bu da onları hiddətləndirib.
Qeyd edək ki, S.Zurabişvili ötən gün hazırda ölkədə qarşıdurmanın vaxtı olmadığını bildirib. Dövlət başçısı hamını gərginliyi azaldacaq qərar tapmağa çağırıb.
Gürcüstanda etirazlar noyabrın 14-də proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin parlamentdə qəbul edilməməsindən sonra başlayıb.
***12:32
Tbilisidə Gürcüstan prezidentinin Atoneli küçəsində yerləşən sarayı qarşısında aksiya keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, aksiya iştirakçıları olan müxalif və ictimai fəallar sarayın darvazalarına simvolik olaraq qıfıllar asmağa cəhd ediblər.
Polis aksiyaçıların bu cəhdinin qarşısını alıb, tərəflər arasında qarşıdurma baş verib.
Aksiyaçılar prezident Salome Zurabişvilidən hakimiyyət və müxalifət arasında mediator olmağı tələb ediblər.