Xəbər lenti

 

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bu gün hakim Yeni Azərbaycan Partiyasının parlamentdə təmsil olunan deputatlarını geri çəkməsi və yeni parlament seçkilərinin keçirilməsinin qaçılmaz reallığa çevrilməsi mövzusunda Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, hakim partiyanın deputatlarını parlamentdən geri çəkməsinə, yəni parlamentin buraxılmasına münasibətiniz necədir?

- Bu yəqin ki, hakim partiyada əvvəlcədən müzakirə edilən qərardır. Partiyanın belə bir hüququ var və Azərbaycan konstitusiyası da buna imkan verir. Ona görə də burada hüquqa zidd heç bir addım yoxdur. Belə bir proses yeni seçkilərin keçirilməsini ehtiva edir. Yeni seçkilər yəqin ki, elan olunduqdan iki ay müddətinə keçirilməlidir. Bu normal prosedurdur. Hesab edirəm ki, burada qeyri-adi bir hal baş verməyib.

- Siz Milli Məclisin buraxılacağını gözləyirdiniz?

- Açığını deyim ki, belə tezliklə deyil, amma güman edirdim ki, baş verə bilər. Çünki hazırda ölkədə islahatlar prosesi müşahidə edilir. İslahatların ali icra orqanında və məhkəmə hakimiyyətində həyata keçirilməsi göstərirdi ki, burada parlamentin də müəyyən mənada dəyişikliyi nəzərdə tutulacaq. Görünür ki, məhz bu ərəfədə daha çox informasiya, siyasi və beynəlxalq vəziyyəti qiymətləndirərək , hakim partiya tərəfindən belə qərar verilə bilərdi. Düzdür, bundan məlumatım yox idi, amma bütün hallarda xeyirli olsun. Siyasi partiyalar hər zaman seçkilərə hazır olmalıdır. Biz faktiki olaraq bələdiyyə seçkilərində iştirak edirik, qərargahımız operativ fəaliyyət göstərir. İndi də diqqətimizi parlament seçkilərinə yönəldəcəyik.

- Parlamentdə təmsil olunan partiyalar son qərarla bağlı öz aralarında məsləhətləşmə aparıbmı?

- Əslində situasiya indi ortaya çıxıb. Biz bu mövzuda digər parlament partiyaları ilə müzakirə aparmamışıq, amma qarşıdakı günlərdə müzakirə aparmağımız istisna deyil.

- Siz iddia edirsiniz ki, qarşıdan gələn parlament seçkilərində iştiraka hazırsınız?

- Bəli, hazırıq. Biz hazırda bələdiyyə seçkilərində iştirak edirik və partiyamız 200 namizəd irəli sürüb. Namizədlərin təbliğatını, kampaniyasını yürüdürük. Eyni şeyi parlament seçkilərində də həyata keçirməyə hazırıq.

- Yəni namizədliyinizi irəli sürəcəksiniz...

- Partiyanın müvafiq qərarından sonra bunu deyə bilərəm.

- Növbətin parlamentin tərkibi haqda təsəvvürləriniz nədən ibarətdir?

- Mənim bu haqda danışmağım doğru olmazdı. Seçici özü necə parlament istədiyini müəyyən edəcək.

- Yeni parlamentdə daha çox gənc nəslin təmsilçiliyi arta bilərmi?

- Bu təyinatlı orqan deyil. Seçki prosesi olacaq və onun nəticəsində məlum olacaq. Yəni seçici namizədin gənc və ya yaşlı olduğuna baxmır. Kim xalqı qane edirsə, onu seçir. Hər halda çevik və daha çox işləyən parlamentin olması hamının xeyrinədir.




Ana səhifəyə qayıt        Baxış: 513          Tarix: 28-11-2019, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma