Xəbər lenti

 

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvanda verdiyi bəyanatlardan sonra sözçüsü Mariya Zaxarova onun dediklərinə düzəlişlər edərək, bildirdi ki, danışıqlar iki ölkə arasında aparılmalıdır. Bakıda buna aid, yaxud Azərbaycanı narahat edən məsələ ilə bağlı hansısa bəyanatlar səslənəcəyi gözlənilirdi. Biz isə onun şahidi olmadıq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Lavrovun Bakıya səfəri zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Tofiq Zülfüqarov Lavrovun səfərini neqativ qiymətləndirdiyini söyləyib: “Ümumi sözlər deyildi, mənasız tədbirlər, yəni tərəflər arasında etimad mühitinin bərpası istiqamətində addımların vacibliyi vurğulandı. Nəticəsiz məsələdir. Lavrov İrəvanda olanda Ermənistanın mövqeyini əks etdirən bəyanatlar verdi, Azərbaycana səfəri zamanı bizim əsas məsələmiz - işğal olunmuş ərazilərin azad olunması barədə heç bir bəyanat vermədi. Yenə də öz mövqeyində qaldı. Hesab edirəm ki, onun mövqeyi Azərbaycana qarşı etnik zəmində formalaşmış qərəzli mövqedir”.

Xatırladaq ki, Lavrov ötən ay İrəvana səfəri zamanı Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşmanın əldə olunmayacağına dair bəyanat səsləndirmişdi.

Rusiya XİN rəhbəri Bakıdakı çıxışında isə Rusiyanın həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 496          Tarix: 3-12-2019, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma