Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin Moderator.az-a müsahibəsini təqdim edirik
- Milli Məclisin plenar iclasında çıxış edərək uşaq bağçaları və körpələr evlərində çalışan tərbiyəçilərin dövlət tərəfindən attestasiyadan keçirilmələrini təklif etdiniz. Necə düşünürsünüz, bu təklifiniz tezliklə reallaşa bilərmi?
- Hər halda, mən təklif verdim və hesab edirəm ki, bu təklifim nəzərə alındı. Ziyafət müəllim dərhal İsa Həbibbəyliyə müraciət etdi, İsa müəllim parlamentdə təhsil komissiyyasının sədridir. İsa müəllimlə orada kiçik bir məsləhətləşmə də etdik. Mən bildirdim ki, bu attestasiya orta məktəb müəllimləri arasında aparılır. Attestasiya zamanı müəllimlərin bilik və bacarıqları fərqləndirilir, düzgün istiqamətə yönəldilir. Ümumiyyətlə, bütün sahələrdə attestasiyanın tətbiqi müsbət qarşılanır. Bağça və məktəbəqədər təhsil müəssisələrində də attestasiyanın tətbiqi ilə bağlı bizə bir çox müraciətlər edilib. Bağça müəllimələrinin və tərbiyəçilərin bilik və bacarıqlarının fərqləndirilməməsi bu müəssisələrdə bəzi problemlər yaradır. Bəzi hallarda direktorlar kadr dəyişikliyi ilə bağlı problemlər yaşayır. Üstəlik, valideynlər də şikayətlənirlər ki, bəzi tərbiyəçilər uşaqlarla düzgün ünsiyyət qura bilmir, normal davranmır. Bu cür halların qarşısını almaq üçün attestasiya lazımdı. Attestasiya zamanı bu çatışmazlıqlar aradan qalxacaq. Əlbəttə, xüsusi qeyd olunmalıdır ki, son zamanlar bağçalara və məktəbəqədər təhsil müəssisələrinə ayrılan diqqət təqdirəlayiqdir. Hesab edirəm ki, komitənin iclasında təklifimlə bağlı məsələ qaldıracaq və həmin müddəa qanuna dəyişik şəkilində plenar iclasa tövsiyə ediləcək.
- Bir müddət öncə belə bir açıqlama vermişdiniz ki, gündə 2 erməni əsgəri öldürsəydik, indiyədək 17 min erməni öldürmüşdük...
- Bu, atəşkəsdən sonrakı müddət ərzində hesabladığım rəqəmdir. Ermənistan ordusunun, hardasa, üçdə birini edir. Mən yenə də o fikirdəyəm və hesab edirəm ki, biz erməni ordusuna rahatlıq verməməliyik. Söhbət statistikadan getmir, bu, bir az da məcazi mənada deyilən fikirdi. Yəni, ermənilər hər gün narahat olmalıdı. Nə qədər ki, onlar işğal olunmuş torpaqlarımızda rahatdırlar, istirahət mərkəzləri tikiləcək, ermənilər axın-axın istirahət etməyə gələcək, festivallar, konsertlər keçirəcəklər. Amma, onlar sürəkli cəzalandırılarsa, anlayacaqlar ki, bu torpaqlarda heç vaxt rahat ola bilməyəcəklər. Orda yalnız erməni əslli Azərbaycan vətəndaşları da daxil olmaqla Azərbaycanlılar yaşaya bilər. Bu da o halda mümkün ola bilər ki, onlar Azərbaycan Respublikasının Konstitutsiyasını qəbul edər və ölkəmizin qanunlarına uyğun yaşayarlar. İşğal məqsədilə ölkəmə gəlmiş ermənilər və onların övladları, işğalçı əsgərlər anlamalıdırlar ki, bu torpaqlarda yaşamaq onlar üçün mümkünsüzdür. Hər an düşmən Azərbaycanın öz torpaqlarını azad etməyə hazırlığını hiss etməlidir. “Günə 2 erməni əsgəri öldürsəydik…” fikri bu mənada deyilmişdi.
- Sülh yolu ilə bu münaqişəni həllinə inanaların sayı günü-gündən azalır...
- Bəzən bizi qınayırlar ki, niyə dinc yolla müharibənin həlli məsələsinə razı deyilsiniz. Mən bu yaxında müsahibə vermişdim və bildirmişdim ki, biz savaş tərəfdarları təbii ki, mən də daxil olmaqla, hər bir azərbaycanlı istəyər ki, bu münaqişə dinc yolla həll olunsun. Real olaraq isə, 25 ildir ki, münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar gedir və nəticə yoxdur. Ermənilər, sadəcə, vaxtı uzatmaqla məşğuldurlar ki, indiki status-kvo qorunsun, orda məskunlaşmağa davam etsinlər, zəngin torpaqları talasınlar. Dəfələrlə misal da çəkmişəm ki, işğal dönəmində o ərazilərdə olan 163 mədən hesabına ermənilər, ən azı, 30 milyard dollar vəsait əldə edib. Parlamentdə dəfələrlə təklif etmişəm ki, dünya təcrübəsinə baxaq. Döyüşən ordu geri çəkiləndə, körpüləri, zavodları, fabrikləri, dəmir yollarını, mədənləri partladır. Biz də günü bu gün belə raketlərlə o ərazilərdəki strateji obyektləri vurub sıradan çıxarmalıyıq. Ermənilər gündə bir yol çəkirlər, istirahət mərkəzləri tikirlər. Münaqişənin sülh yoluyla həll olunmasına söz verən beynəlxalq təşkilatlar da sözlərinin üstündə durmadılar. Yaxın tarixə baxın; 2016-ci ildə Azərbaycanda hərbi əməliyyatlar yenidən başlayanda onlar bizə dedilər ki, əməliyyatlar dayandırılsın, dinc yolla məsələ həll olunacaq. Halbuki, onda biz məsələni artıq bitirə bilərdik. Çox təəssüf ki, bizə verilən söz tutulmadı. Liviya haqqında BMT-nin qətnaməsinin mürəkkəbi qurumamış məsələ həll olundu, İraq Küveyti 3 gün müddətində işğal etdi və bu işğala son qoyuldu, üstəlik, bu günə kimi İraq Küveytə təzminat ödəyir. Lakin, 30 ildir BMT-nin Azərbaycanla bağlı qətnamələrinə əməl olunmur. Ona görə də mən hesab edirəm ki, dinc yolla həll üçün 2-3 ay Ermənistana vaxt vermək olar ki, işğalçı ordu geri çəkilsin. Yox, əgər onlar geri çəkilməyəcəksə, mən hərbi yoldan başqa yol görmürəm.
- Müxalifətin də öz müharibəsi hələ ki, hakimiyyətlədir, bu müharibənin də sonu görünmür...
- Əvvəla, onu deyim ki, müxalifətin özünün təsnifatında fərqlilik var. Birisi onu radikal müxalifət adlandırır, birisi fərqli müxalifət adlandırır. Məncə, Azərbaycanda milli demokratik düşərgəsinə aid olan müxalifət və qeyri-milli müxalifət var. Heç kimə sirr deyil ki, Azərbaycanda konstruktiv şəkildə fəaliyyət göstərən partiyalar mövcuddur. Bunlar arasında parlamentdə təmsil olunan və olunmayanlar var. Normal şəkildə düşüncə və təkliflərini irəli sürərək mübarizə aparmaq dünya təcrübəsinə uyğundur. Amma, sirr deyil ki, bəzi partiyalar xaricdə formalaşdırılıb. Məsələn, Milli Şura, Moskvada, cərahiyyə institutunun akt zalında, Rusiya Dumasının vitse-spikeri Volodinin iştirakilə birbaşa yaradılmış qurumdur. Və onun tövsiyələri ilə də Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd kimi dəstəkləyirdilər. Onlara maliyyə dəstəyi vermək üçün Milyarderlər İttifaqı yaratmışdılar. Və Azərbaycanda dövlət çevrilişi etmək istəyirdilər. Belə bir qurum indi mitinqlərə cəhd edir. Mən Azərbaycan hökumətini qınamışam və yenə də qınayıram ki, bunlara, nəinki yer vermək lazım deyil, ümumiyyətlə, məsələ araşdırılmalıdı və başqa dövlətin iradəsini ölkəmizdə ifadə edənlərə meydan verilməməlidi. Amma, hər hansı bir məsələ ilə bağlı sivil mübarizə aparan milli demokratik düşərgəyə aid partiyalar mitinq keçirmək istəyirsə bu normal məsələdir, hakimiyyət tərəfindən mitinq keçirənlərə “yox” deyilmədi. Gördüyünüz kimi, Lökbatanda və digər yerlərdə meydanlar təklif olundu. Amma, o radikal deyilən, əslində, anti-milli qüvvələr süni qarşıdurmanı seçdilər. Deyin,bu qüvvələr bir dəfə də olsun Dağlıq Qarabağda hərbi yolla azad etməklə bağlı məsələ qaldırdımı? Yox! Bu yaxınlarda Lalə xanım (Lalə Şövkət) bir məsələni bəyan etdi. Qeyd etdi ki, məhz bu müxalifət təmsilçiləri Qərb qarşısında, Amerika və Rusiya qarşısında Qarabağla bağlı biabırçı öhdəliklər götürüblər. Ona görə də mən bu cür saxta mitinqləri insanların vətənpərvərlik duyğularından istifadə etməklə gündəmdə qalmaq, yaxud müxtəlif yerlərdən alınan qrantları yumaq üçün vasitədən başqa bir şey hesab etmirəm.
- Qarşıdan bələdiyyə seçkiləri gəlir...
- Bəzən partiyalar seçkilərə qədər müəyyən şüarlarla çıxış edirlər, seçki başlayanda biz seçkini boykot edirik deyərək geri çəkilirlər. Əslində, onlar seçkini deyil, özlərini, üzvlərini boykot edirlər. Yəni, bir siyasi partiya mövcuddursa, onun fəlsəfəsi sivil yolla hakimiyyətə gəlməkdir, düşüncəsini hakimiyyətə daşımaqdır. Hakimiyyətə gəlmək də seçkilərdən keçir. Bir partiya fəaliyyət göstərir, amma seçkilərdə iştirak etmirsə, bu, absurddur. Biz siyasi partiya olaraq, bütün seçkilərdə: bələdiyyə, parlament, prezident seçkilərində iştirak etmişik və bundan sonra da edəcəyik. Növbəti bələdiyyə seçkilərində də üzvlərimiz namizədliklərini veriblər. 260-dan çox namizədlərimizin arasında 35-i qadındır. Bir sözlə, bütün imkanlarımızla çalışacağıq ki, bələdiyyə seçkilərində iştirak edək. Mən dəfələrlə parlamentdə bələdiyyələrin statuslarının dəyişdirilməsilə bağlı məsələ qaldırmışam. Bir məsələni də açıqlamaq istəyirəm ki, partiyamızın üzvləri tərəfindən bələdiyyə seçkilərinə maraq o qədər də yüksək deyil. Onları narahat edən suallar var. Məsələn: “Biz seçildik, nə edə bilərik?”, “Verdiyimiz vədləri yerinə yetirə biləcəyikmi?”, “Bələdiyyələrin gücü çatarmı verdiyimiz vədləri yerinə yetirməyə?” və s. Çox məntiqli yanaşmadı. Ona görə mən parlamentdə təklif edirdim ki, yerli icra hakimiyyətlərinin hüquqlarını azaltmaq hesabına bələdiyyələrin statuslarını, hüquqlarını artırmaq lazımdır. Yəni, bəzi səlahiyyətlər yerli icra orqanlarından alınıb bələdiyyəyə verilməlidir. Tədricən, Türkiyə modeli kimi bir modelə keçməliyik. Burda iki mühüm məsələ var; birincisi, bu halda bütün narazılıqlar mərkəzə gəlməz. Bələdiyyələrin də səlahiyyətlə yanaşı öz məsuliyyəti olar. İkincisi, iştirakçılıq məsələsidir. Əhali özü yerli idarəetmədə iştirak edərsə, yerli problemlərin həlli asanlaşar və bu problemlər mərkəzə meyillənməz. Hesab edirəm ki, hələ də bu təkliflərim aktualdır.
- Hamı birmənalı olaraq etiraf edir ki, bələdiyyə institutları hələ də özünü doğrulda bilməyib...
- Hesab edirəm ki, sadaladığım yanaşmalar tədbiq olunarsa, bələdiyyələr daha ciddi idarəetmə sisteminəçevrilə bilər. Əgər onların maliyyə qaynağı ,hüququ olmayacaqsa, müstəqil olmayacaqlarsa, və İcra Hakimiyyətlərinin əlavəsi şəklində fəaliyyət göstərəcəklərsə, yaxud da onlardan asılı qalacaqlarsa, onda yeni nəticələr gözləmək absurddur. Ona görə bu yanaşma dəyişməlidi. Hesab edirəm ki, son vaxtlar davam edən islahatların tərkibində bələdiyyə islahatları da yer almalıdır. Bu sistemi yenidən gözdən keçirmək müsbət nəticələr əldə etməyə vəsilə olacaq.
- 2019-cu ilin 11 ayı artıq geridə qaldı. Bu il Azərbaycan üçün necə bir il olub? Siz bu ili necə dəyərləndirirsiniz?
- Təbii ki, hər gün yeni nəsə baş verir. Azərbaycanın yerləşdiyi geopolitik cəhətdən həssas bölgəmizə “heartland”, yəni, “dünyanın qəlbii” deyirlər. Ən müxtəlif maraqlar burda toqquşur, bir çox böyük dövlətlərin burda maraqları var. Azərbaycanın geosiyasi mövqeyi və ortaya qoyduğu iradə səbəb oldu ki, beynəlxalq strukturlar və beynəlxalq güclər regiondakı hər bir layihədə Azərbaycanın maraqlarını nəzərə alsın . Azərbaycan artıq bir çox böyük layihələrin müəllifidir. Azərbaycandan keçən Şərq-Qərb və Cənub-Şimal dəhlizlərinin daha da aktiv fazaya qədəm qoyması, Super güclərdən olan Çinlə yeni formatda əməkdaşlıq Azərbaycanın irəli atdığı addımlardandır. Son zamanlar ölkəmiz qonşularla ticarət dövriyyəsini xeyli artırıb. Bu il Azərbaycan bir çox böyük görüşlərin keçirildiyi məkan kimi yadda qaldı. NATO və Rusiyanın rəhbərlərinin və qərargah rəislərinin görüşlərini xüsusi qeyd etmək olar. Bundan əlavə, 2019-cu ildə ölkəmizdə bir çox humanitar tədbirlər keçirildi. Azərbaycan üçün son bir neçə ay xüsusi hərəkətli oldu. Kadr islahatlarının və sosial islahatların həyata keçirilməsi aktiv templə irəliləyir. Növbə parlamentə də çatdı. Artıq parlamentin yenidən seçilməsi məsələsi gündəmə gəlib. Hesab edirəm ki, bu ili islahatlar ili kimi yadda saxlayacağıq.
- Seçicilərinizlə görüşürsünüz? Seçicilərinizin problemlərini Milli Məclisin iclaslarında qaldırırsınız?
-Təbii ki.Seçicilərin problemi gündəlik işimizdir. Seçicilərimlə mütəmadi olaraq görüşürük. Deputat fəaliyyətində bir ilkə imza atmışıq. Öz təşəbbüsümüzlə hər həftə bir məhəllədə görüş keçiririk. Şikayət və təklifləri dinləyirik. Uyğun olaraq, müəyyən yerlərə ya məktublar göndəririk, ya məsələləri parlamentdə qaldırırıq, ya da məsələnin dərhal yerində həll olunması mümkünsə, İcra Hakimiyyətilə birgə bu məsələnin həllinə orda nail oluruq. Əlbəttə, deputatın işi yerlərdə bu işlərlə məşğul olmaqdan ibarət deyil, biz daha çox qanunvericiliklə məşğul olmalıyıq. Amma, hesab edirəm ki, seçicilərin təklifləri nəzərə alınmalı, problemlərinin həllinə çalışılmalıdır. Yəni, seçici çətin vəziyyətdədirsə və icra strukturları məsələni həll etmirsə, dəstək vermək vacibdir. Biz bu məsələlərlə bağlı çox ciddi statistika aparırıq, hər həftə mətbuatda da bu barədə məlumat veririk
Son büdcə müzakirəsində paramentdə üç böyük məsələni qaldırdım. Birincisi, 150 ailəyə məxsus olan binada məcburi köçkünlərin qovulduqları dövrdən məskunlaşması idi. Məsələni qaldırdım ki, burada məskunlaçmış ailələr ilk növbədə mənzillə təmin olunsun ki 150 ailə oz evinə yerləşə bilsin və ya binanın sakinlərinə kompensasiya verilsin ki onlar bu kompensasiya hesabına evlə təmin olunsunlar. İkincisi, bəzi böyük yaşayış massivlərindəki qaz və istilik sistemi məsələsi idi. Üçüncüsü, Bülbülə gölünə axıdılan kanalizasiya sularının yaratdığı problemlərin həlli ilə bağlı verdiyim təkliflər idi. Təklif etdim ki, çirkli suların axıdılması üçün vəsait ayrılsın və yeni kanalizasiya xətləri çəkilsin. Bülbülə gölü ekoloji cəhətdən təmizlənsin və ətrafında yaşayan insanlar üçün heç bir ekoloji təhdid yaranmasın. Xatırladım ki,bu təkcə bir plenar iclasda etdiyim təkliflər idi.
- Bu yaxında sabiq səhiyyə naziri və keçmiş siyasi məhbus Əli İnsanov “HƏP” partiyası yaratdı. Sizcə, onun partiyası ətrafına insanlar yığa biləcəkmi? Və onun bu “partiyası” nə qədər mövcud olacaq?
-Mən xüsusi bir vaxt ayırıb “HƏP” partiyasının təhlililə məşğul deyiləm. Çünki, Azərbaycanda 55 qeydiyyatdan keçmiş partiya var. Tutaq ki, bunlar da partiya yaratdılar, qeydiyyatdan keçdilər və oldular 56-cı. Partiya yaratmaq hər bir vətəndaşın hüququdur. Prezident də son çıxışında bildirdi ki, biz normal, konstruktiv, tənqid edən, təklif verən, sivil qaydada mübarizə aparan, hakimiyyət uğrunda fəaliyyət göstərən hər bir partiyaya sayğı ilə yanaşırıq. Yəni, Azərbaycanda istənilən adamın partiya yaratmaq hüququ var. Amma, istənilən partiya da qanun çərçivəsində ölkəyə xeyir verməyə çalışmalıdı. Məsələn, bizim şüarımız budur ki, fəaliyyətimizdə müxalifətçiliyimiz yalnız problemlərə qarşıdı, əgər yaxşı bir fikir varsa, yaxşı bir əməl varsa, bu fikir və əməl milli maraqlara uyğundursa, kim tərəfindən deyilirsə deyilsin- istər iqtidar, istər müxalifət, istər birtərəf; biz ona dəstək veririk, yanındayıq. Əgər bir fikir və davranış milli maraqlara ziddirsə, biz ona qarşıyıq. Yəni, bizim üçün əsas olan milli maraqlardı. Yalnız düşüncələrimizin hakimiyyətə gəlməyində maraqlıyıq və hesab edirik ki, yaxşı proqramımız varsa, bunu sandıq ədəbiyyatına çevirmək lazım deyil, fiziki mənada hakimiyyətə gəlmirsənsə, düşüncələrini paylaşa bilərsən. Mən, məsələn, bu 10 ildə 115-ə qədər təkliflə çıxış etmişəm. 105-i qəbul olunub. Düzdür, o təklifləri təkcə mən verməmişəm, başqa deputatlar da səsləndirib. Amma, bu o deməkdir ki, verilən təkliflər normaldırsa, hakimiyyət də bundan bəhrələnir. Yeni yaranan bu partiya da millətçi, dövlətçi, xalqın yanında olacaqsa, təbii ki, uğur qazanacaq. Yəni, xalqa söykənmədən öz fəaliyyətini istər QHT olsun, istər fərd olsun, istər partiya olsun; həyata keçirməyə çalışarsa, onun uğur qazanmağı sual altındadır. Yenə təkrarlayıram, bir ana prinsip əsas götürülməlidi: hər bir adam xoşbəxtliyini millətinin, dövlətinin xoşbəxtliyi içərisində axtarmalıdı. Düşünmədən şəxsi marağını, qrup marağını və partiya marağını dövlət marağına qurban verməyi bacarmalıdı.
- İnsanın keçmişi onun həyatının xatirə dəftəridir. Əgər sizin keçmişə qayıtmaq şansınız olsaydı, nəyi dəyişdirmək və nəyi geri qaytarmaq istəyərdiniz?
- Şərəfli keçmişim və bioqrafiyam fəaliyyətimdə hədəfim olan Bütöv Azərbaycan yolundakı izlərimdi. Tale elə gətirib ki, Milli Azadlıq Hərəkatında fəal iştirak etmişəm. Hələ institut illərində imperiyaya qarşı qeyri –leqal mübarizə aparırdım. 80-ci illərdə təşkilat yaradanlardan biri olmuşdum institutda. Parlamentdə 90-cı illərdə fəaliyyət göstərdim , parlamentdə Demokratik blokun üzvü kimi təmsil olundum, və taleyimə o düşdü ki, müstəqilliyə səs verən 43 nəfərdən, müstəqillik bəyannaməsini layihəsini hazırlayanlardan oldum. Sərhəd hərəkatının ideoloq və təşkilatçılarından oldum.20 Yanvar hadisələrində silahdaşlarımla Bakıda qırğın törətmiş SSRİ imperiya ordusuna qarşı “Qisas” adlı təşkilatı yaratdım, döyüşlərdə olduq, Azərbaycanda ilk dəfə Ordubadda Rus sərhəd zastavalarıni rəsmən milliləşdirib ilk Azərbaycan serhədçı zastavalarını yaratdıq və s.... Mən bunu qəhrəmanlıq kimi təqdim etmirəm. O zaman mənim yerimə başqası da olsaydı, yəqin ki, bunları edərdi. Çətin də olsa şərəfli mərhələlərdən keçdik... Qeyri-qanuni silahlı dəstə yaratmaq ittihamı ilə 8 il məhbəsdə də oldum. Məhkəmədə dediyim sözləri burda da demək istəyirəm. Xatırladıram ki, o zaman qanuni silahlı dəstələr 366-cı alay idi və Xocalıda ermənilərlə birgə Azərbaycanlıları qırırdı. Biz o vaxt sovet qanunlarına zidd dəstələr (qanunsuz silahli dəstələr) yaratmasaydıq, təbii ki, torpaqlarımızı müdafiə edə bilməzdik.” Qanunsuz silahlı dəstənin”üzvü olan 24 döyüşçümlə Rusların Ermənistana təhvil verməyə hazırlaşdığı Naxçıvanda ən yuksək zirvədə olan “Soyuq“ adlanan strateji nöqtədəki hərbi hissəni ələ keçirdik və Milliləşdirdik.İndi orada Azərbaycan hərbi hissəsi yerləşir. Bu hərbi hissə Meğri, Qafan, Gorusu ovcunun içindəki kimi nəzarətdə saxlamaq imkanındadır. Bir sözlə, mən keçmişimlə qürur duyuram və keçmişə qayıtmaq şansım olsaydı yenə o həyatı sevə-sevə yaşayardım.
- Bu gün az qala yerindən duran adam deputat olmaq iddiasına düşüb...
- Mən 90-95-ci illərdə də millət vəkili olmuşam. 2010-cu ildə parlamentə seçiləndə birisi məni “yeni üzv” deyə adlandıranda bildirdim ki, əslində, ən qocaman üzvəm, 27 yaşımdan mən parlamentdə idim. Kifayət qədər təcrübəmiz var idi. Amma millət vəkili olmaq rahat məsələ deyil. İstənilən işdə istəsən çox rahat tərz seçərsən, istəsən çox çalışqan bir tərz seçərsən. Jurnalistlər də belədi, həkimlər də belədi, müəllimlər də belədi, millət vəkilləri də belədi. Baxın, mən bayaq təsadüfən bu mövzuya toxunmadım. Millət vəkilinin işi seçicilərin problemlərini yerdə gedib həll etməkdən ibarət deyil. O, bələdiyyələrin işidir, yerli icra strukturlarının işidir. Amma, biz hər həftə özümüz onların ayağına gedirik. Çünki, insanlar bəzən hüququ, qaydanı bilmirlər. Hər həftə ya özüm gedirəm, ya da köməkçimi göndərirəm. Özü də müxtəlif məhəllələrə. O insanların ayağına gedib soruşmaq lazımdır. Əslində, ona fərqi yoxdur kim kömək etdi, amma, kömək etmək lazımdır. Bu birinci məsələ. İkincisi, qanunvericilik təşəbbüsləri ilə çıxış etmək lazımdır, bunları hazırlamalısan, özün də hazırlaşmalısan çıxışa. Qanunda baş verən dəyişikliklərlə bağlı hazırlaşmalısan və təkliflərini verməlisən. Parlamentdə elə bir iclas olmayıb ki, orda çıxış etməyim. Ən azından, bir dəfə çıxış edirəm. Hərçənd ki, bəzi həmkarlarımızın illərlə səsləri çıxmır. Həmişə də çıxışlarımı saytlar dərc edib: davam.az, moderator.az və digər saytlar. Üstəlik, bütün dünya mətbuatı ilə maraqlanmalısan. Gerçəklikləri və yenilikləri ölkəyə daşımaq üçün məsələlərlə tanış olmalısan. Mən, həmçinin, Avronest Parlament Assambleyasında olduğum üçün, orda baş verən hadisələrlə bağlı olaraq maraqlanıram. Çalışıram ki, Azərbaycanın maraqlarını maksimum müdafiə edim. Mən dünyanın 17 ölkəsinin parlamentində Dağlıq Qarabağla bağlı dinləmələrdə iştirakçı və çıxışçı olmuşam. Bəzən beynəlxalq tədbir və ya Avronest komitə və plenar iclaslarında ermənilərlə polemikalar savaş həddinə çatır. Məsələn, mən 2013-cü ildə İrəvana kimi gedib çıxdım, Sarkisyana sözümü onun otağında dedim.
Həm parlamentin iclaslarında qanunvericilik təşəbbüsü ilə çıxış etmək, həm seçicilərlə görüşmək, həm beynəlxalq aləmdə Azərbaycanı təmsil etmək; bunların hamısı rahat məsələ deyil, çox ciddi şəkildə vaxt aparır. Və siz indi gördüyünüz kimi, (iş masasının üstündəki qalaqlanmış məktublara işarə edir)masanın üstündə yüzlərlə seçici məktubu var. Özü də təkcə seçicilərimin məktubları deyil, Azərbaycanın müxtəlif yerlərindən məktub göndərirlər. Və mən bütün məktubları şəxsən oxuyuram. Problemlərin hansı istiqamətdə həll olunması mümkünsə, o istiqamətdə köməkçilərimə göstəriş verirəm. Bu məktublara barmaqarası baxmaq da mümkündür. Amma, insan axşam yatanda vicdanına hesabat verməlidir ki, nə etdim? Əgər bu insanlar məndən kömək gözləyirsə və mənim buna imkanım varsa, niyə etinasızlıq etməliyəm? Əgər mənə bu etinasızlıq, sayğısızlıq göstərilsə, nə edərəm? Bu suallar qarşısında hesabat verəndə dərhal kömək etməyə çalışıram. Təbii ki, bütün müraciətlər 100% həll olunmur. Bəzən şantaj, böhtan tipli müraciətlər də göndərilir. Təbii ki, biz bu müraciətləri araşdırırıq. Amma, birinin hüququ pozulanda, birinə dəstək vermək lazım olanda geri durmuruq. Açığını deyim, elə nazirlik olmayıb ki, bizə yox desin, mütləq müraciətlərimizə cavab veriblər. Ən çox əziyyət çəkdiyim məsələ isə insanların işlə bağlı tələbləridi, istəkləridi. Çox çətinlik çəkirik... Mənən yorulduğum zamanlar olur. İnsan işləməlidi, evinə bir tikə çörək pulu aparmalıdı. Çalışmalıyıq ki, o, işlə təmin olunsun və ailəsini dolandırsın. Hesab edirəm ki, millət vəkili olmaq məsuliyyətli, eyni zamanda da, şərəfli bir işdir.
- Son zamanlar sosial şəbəkələrdə millət vəkilləri bəzi fikirlərinə görə tənqid, hətta təhqir olunur..
- Təbii ki, bütün millət vəkilləri qınanmır. Bizim çox fəal olan, millətin üzünü ağ edən, millətin müxtəlif yerlərdə problemlərini qaldıran və sözün əsl mənasında, savaşan millət vəkillərimiz var. Onlara rəğbətlə yanaşmalıyıq. Və hesab edirəm ki, onlara rəğbətlə də yanaşırlar. Hətta, adlarını da çəkmək mümkündür. Bəzilərinin ünvanına gələn qınaqlar da təbiidir. Millət vəkilləri üzdə olan adamlardı. Bəzən millət vəkillərinə elə məsələlərlə bağlı müraciətlər edirlər ki, o məsələnin nə deputata, nə də parlamentə aidiyyatı olmur. Belə hallarda millət vəkili yalnız vasitəçi ola bilər, məsələnin birbaşa həlli ona bağlı ola bilməz. İkincisi, atalar yaxşı deyib, “uman yerdən küsürlər”. Hamı istəyir ki, seçdiyi deputat ona dəstək olsun, kömək etsin. Bəzən nəticə istədiyi kimi olmayanda başlayır qınamağa. Üçüncüsü, millət vəkillərinin açıqlamaları və fəaliyyətləri ilə bağlıdır. Bəzən ürəkaçan açıqlamalar olmur. Hazırda parlamentin buraxılması səbəbsiz deyil. Hesab edirəm ki, parlamentdə dövrün çağırışlarına uyğun, daha ciddi şəkildə fəaliyyət göstərən millət vəkilləri olmalıdır. Yükü ancaq Prezidentin və İcra Aparatının üzərinə buraxmaq olmaz. Böyük hissəsini parlament öz çiyninə götürməyi bacarmalıdı. Hər halda, tənqidlər normaldı. Düzdür, bəzən sosial şəbəkələrdə saxta profillərin səviyyəsiz paylaşımları, fikirləri ilə rastlaşmaq olur. Bu, düzgün deyil. Nə bizim xalqın etikasına, nə də müasir Azərbaycan vətəndaşına yaraşan fikirlər deyil bunlar. İnsanların fəaliyyətinə düzgün qiymət vermək lazımdır. Mən Ordubadda Xalq Cəbhəsi Partiyasının sədri olanda ilk mitinqdə bu mövzuda bir xəbərdarlıq etmişdim. Demişdim ki, burda kim polis rəisinə, birinci katibə və digər şəxsə ünvanlanmış təhqiramiz bir söz işlətsə, mən şəxsən özüm onu cəzalandıracağam. Özü də ağır formada. Çünki, adam burda bir məmurdu, evdə hansısa bir xanımın həyat yoldaşıdı, bir uşağın atasıdı. Bu təhqirlə o, evinə necə getsin? Adamın mövqeyini tənqid edə bilərsiniz. Ona görə mən çağırış edirəm ki, mətbuatda da, sosial şəbəkələrdə də tənqidi yanaşmaq olar, bir şəxsin fəaliyyətini bəyənmirsənsə, fikrini deyə bilərsən, onun istefasını tələb edə bilərsən, amma mədəni şəkildə, sivil formada.
- Növbədənkənar parlament seçkilərilə bağlı nə deyə bilərsiniz?
- Bilirsiniz ki, Milli Məclisdə YAP-ı təmsil edən çoxluq var. Onlar belə qərara gəliblər ki, yeni Milli Məclisin seçilməsi üçün lazımi hüquqi addımlar atsınlar. Məncə, doğru qərardı. Biz bu məsələləri dəfələrlə parlamentdə də, parlamentdən kənarda da müzakirəyə çıxarmışıq. Çox yenilikçi, çox çevik, problemlərimizə adekvat davrana bilən və təkliflərlə çıxış edə bilən, İndiki islahatları dəstəkləyə bilən, ayaqlaşa bilən bir parlamentə ehtiyac var. Çünki ictimai çağırışlar dəyişir, dünya dəyişir, bölgəmiz ziddiyyətli vəziyyətdədir. Ən ötəsi, bizim Qarabağ kimi ağır problemimiz var. Bu vəziyyətdə növbədənkənar parlament seçkilərini normal qarşılayıram. Millət vəkilləri mənim iş yoldaşlarımdı və hamısına sayğı ilə yanaşıram. Amma, etiraf olunmalıdır ki, daha ciddi çalışan parlamentə ehtiyac var. Və islahatların bu formada aparılmasını mən normal qarşılayıram.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar