Şərqşünas bu hadisəni Azərbaycana və şəhidlik məktəbinə qarşı həqarət kimi qəbul etdiyini bildirib: “Yazılarımın birində qeyd etmişdim ki, Şəhidlər Xiyabanında it belə gəzdirirlər. Bununla bağlı dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə Qarabağ Seyid Ocaqları və şəhid ailələri adından müraciət etmişəm. Digər mədəniyyətlərə məxsus xalqların nümayəndələri uğrumuzda canını fəda etmiş o mübarək insanların yatdığı yerdə klip çəkirsə, hətta bizim bəzi milli dönüklər belə axşam əllərində tutduğu itlərlə gəzirlərsə, bu, artıq mənəvi dəyərlərimizə qarşı qəsb planıdır”.
C.Əzimbəyli qeyd edib ki, aidiyyəti orqanlar məsələni araşdırmalı və Şəhidlər Xiyabanının mühafizəsinə cavabdeh olan rəhbərlik cəzalandırılmalıdır: “Giriş və çıxışda 24 saat ərzində canlı mühafizə olarsa, ora gələn hər bir şəxs də öz məsuliyyətini dərk edər. Bu məsələdə gecikirik, təcili tədbirlər görülməlidir. Hansı birimiz Hindistanın və yaxud digər ölkənin milli-mədəni yerlərinə gedib bu cür hərəkətlər edə bilər? Əsla edə bilmərik, ən azından bizi pul cəzası gözləyər. Hələ hüquqi əsasları kənara qoyuram”.
Şərqşünas bu tip məsələlərlə bağlı tədbirlər görülmədikcə şəhidlik, qazilik məktəbinin həqarət formasına düşə biləcəyini vurğulayıb: “Milli-mənəvi, dini dəyərlərimizin həqiqi təəssübkeşi olan İlham Əliyev cənablarına müraciət edirəm. Ölkə başçısı və hörmətli Mehriban Əliyeva qazilərin, şəhid ailələrinin əsil təəssübkeşidir. İsrarla xahiş edirəm ki, Şəhidlər Xiyabanına nəzarət artırılsın. Orada qüsura yol vermiş şəxslər cəzalandırılsın. Bu bizim milli, dini kimliyimizə həqarətdir. Bəlkə də bəziləri üçün sıradan bir hadisədir. Amma bizim Qarabağ boyda faciəmiz, müsibətimiz və torpaqlarımızın işğaldan azadlığı üçün hər an canını fəda etməyə hazır olan qəhrəmanlarımız var”.
Paylaş: