Dünən İraqın paytaxtında yüz minlərlə etirazçının iştirak etdiyi nümayiş keçirilib.
Ovqat.com xəbər verir ki, “Milyonların yürüşü” adlanan aksiyada ABŞ və xarici hərbi qüvvələrin ölkədən çıxarılması tələb olunub.
Aksiyanı İraqın ən nüfuzlu siyasi partiya sədri və din xadimi Müqtəda əs-Sədrin rəhbərliyi ilə “Sədr” hərəkatı keçirib.
Ölkənin müxtəlif vilayətlərindən aksiyaya qatılan etirazçılar hökumətdən işğalçılarla bağlanılan bütün hərbi və təhlükəsizlik müavilələrin ləğv olunmasını, xarici hərbi bazaların bağlanmasını tələb ediblər. Aksiyada çıxış edən Müqtəda əs Sədr aksiyanın qətnaməsini oxuyub. Qətnamədə 7 tələb irəli sürülüb:
“1. Amerikanın İraqdakı bütün hərbi bazaları bağlanmalıdır.
- Amerikanın İraqdakı bütün təhlükəsizlik şirkətləri öz işinə son qoymalıdır.
- İraqın hava məkanı işğalçıların qırıcıları və casus təyyarələrinin üzünə bağlanmalıdır.
- İşğalçı ilə bütün təhlükəsizlik müqavilələri –bu müqavilələrdə beynəlxalq tarazlığa riayət edilmədiyi və işğalçıların kölgəsi altında imza oldunduğu üçün ləğv edilməlidir.
- Tramp öz çıxışlarında İraqa qarşı üstün mövqe tutmamalı və təkəbbürlə davranmamalıdır. Əks təqdirda onunla eyni tərzdə davranılacaq.
- İşğalçı qüvvələrin İraqdan çıxmadığı surətdə qonşu ölkələr bizim onlara qarşı hərəkətlərimizə müdaxilə etməməlidir.
- Yuxarıda vurğulanan şərtlər icra olunarsa, biz bu ölkəni işğalçı kimi tanımayacağıq. Əks təqdirdə onu İraq üçün düşmən ölkə biləcəyik”.
Müqtəda əs-Sədr həmçinin çıxışında ABŞ-ı öz xoşuyla İraqdan çəkilməyə çağırıb, əks təqdirdə onu zorla ölkədən çıxaracaqları ilə təhdid edib.
Qeyd edək ki, yanvarın 3-də törədilmiş Qasim Süleymani sui-qəsdindən sonra İraq parlamenti bütün xarici hərbi qüvvələrin İraqı tərk etməsi ilə bağlı qərar çıxarmışdı. ABŞ-ın müxtəlif bəhanələrlə rədd etdiyi bu qərar İraqın özündə də birmənalı qarşılanmır.
Məlumata görə, Şimali İraq Kürd Muxtariyyəti və ölkənin sünni kəsimi ABŞ əsgərlərinə öz təhlükəsizliklərinin qarantı kimi baxır, qərarın onların iradəsini ifadə etmədiyini açıq şəkildə vurğulayırlar. Bu mənada “Sədr” hərəkatının “Milyonların yürüşü” aksiyasının İraqda yeni parçalanmalara yol açacağı gözlənilir. Təsadüfi deyil ki, Süleymani sui-qəsdindən sonra İraqda yenidən İŞİD terroru ortaya çıxmış, bir sıra ictimai məkanlar partladılmışdır. Mütəxəssislərin fikrincə, bu qanlı aksiyalar ABŞ tərəfindən düzənlənir və məqsəd ölkəni tərk edəcəkləri təqdirdə nələrin baş verəcəkləri ilə əlaqədar Bağdada əyani nümunələr göstərməkdir.
Parlamentin məlum qərarından sonra ABŞ Dövlət Departamentinin İraqı bank hesablarını donduracağı ilə təhdid etdiyi də gələn məlumatlar arasındadır.
Görünən budur ki, ABŞ və İranın vəkalət müharibəsi arenasına çevrilən İraqı yenidən ağır günlər gözləyir.
Paylaş: