“ABŞ və İranın İraqa hər hansı bir müdaxiləsinə izn verməyəcəyik”.
Ovqat.com xəbər verir ki, bu iddialı fikirlərlə İraqdakı son parlament seçkilərində ən çox səs qazanan Sədr hərəkatının lideri Müqtəda əs-Sədr çıxış edib.
O, yaydığı bəyanatda İranı “öz maraqlarından qorxan”, ABŞ-ı isə “işğalçı” dövlət adlandıraraq bildirib:
"İranın hər hansı bir işinə qarışılmasını qəbul etmədiyimiz kimi, onun da İraqın daxili işlərinə müdaxiləsini arzulamırıq. İşğalçı dövlət olan ABŞ-ın İraqın daxili işlərinə qarışmasına da izn verməyəcəyik”.
Seçkilərdə ən çox səs toplayan siyasi qrupun lideri olmasına baxmayaraq, təkbaşına hökumət qura bilməyən və azı 4 üzvlü koalisiya yaratmağa məhkum olan Müqtəda əs-Sədrin eyni anda ABŞ və İrana ilişməsi təsadüfi deyil. Məlumata görə, müstəqil siyasət yürüdən əs-Sədri nə Vaşinqtonda, nə də Tehranda arzulayırlar. Görünür, hər iki dövlətin İraq siyasətilə bağlı ən səlahiyyətli nümayəndələri də məhz buna görə seçkilərdən dərhal sonra bu ölkəyə səfər etmiş və mühüm görüşlər keçirmişlər. Belə ki, ABŞ Prezidenti Donald Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Mak-Gurk 12 mayda keçirilən ümumi seçkilərdən bir gün sonra paytaxt Bağdada gələrək əvvəl İraq Məclis Sədri Səlim əl-Cuburiylə, sonra isə İraq Kürd Muxtariyyətini Baş naziri Neçirvan Bərzani və digər siyasi partiya rəsmiləri bir görüşmüşd.
Onunla təxminən eyni vaxtda İran İnqilab Keşikçiləri Korpusuna bağlı “Qüds Gücü” komandanı Qasım Süleymani də Bağdadda öz ölkəsinə yaxın siyasi partiyalarla görüşmüş, yeni hökumət quruculuğu üçün danışıqlar apardığı iddia edilmişdi. Həmin səfərlərdən sonra ölkədəki bəzi siyasi partiyalar və ekspertlər ABŞ-ın və İranın razılığını almadan hökumət qurulmasının mümkün olmadığı barədə fikirlərini səsləndirmişlər. Müqtəda əs-Sədrin son açıqlamasının bu müzakirələrlə eyni vaxta düşməsi diqqətçəkicidir. Belə anlaşılır ki, Sədr də həmin görüşlərdən xeyli nigarandır.
Xatırladaq ki, İraq parlamentinin 329 deputatı var və yeni hökumət qurmaq üçün ən azı deputatların yarısının – 165-nin təsdiqi alınmalıdır. Sədrin rəhbərlik etdiyi “Sayrun lil-İslah” (İslahatlara doğru) ittifaqı isə son seçkilərdən cəmi 54 deputat çıxarmışdı. İttifaqınn hökumət qurması üçün, deməli, daha 111 deputata ehtiyacı var. Deməli, “Sayrun lil-İslah” ittifaqı ən yaxşı halda İran və ABŞ tərəfindən dəstəklənən siyasi qurumların hamısıyla sövdələşib koalisiya yaratmalıdır. Ən azı, 3 qrupla.
Paylaş: