Xəbər lenti

 

Ermənistan baş naziri Nikol Paşinyan bu gün Qafanda keçirdiyi mətbuat konfransında Qarabağ nizamlanmasına dair keçmiş prezident Serj Sərkisyanın ona qoyub getdiyi irsdən danışıb. O qeyd edib ki, bu yaxınlarda mətbuatda Serj Sərkisyanın dövründə aparılan danışıqlar zamanı masa üzərində olan sənəddən bir hissə dərc edilib.

“Əvvəlki hakimiyyətdən bu barədə hər hansı təkzib gəlmədi, ona görə də deyə bilərik ki, doğrudan da bizə belə irs qoyublar”,- Nikol Paşinyan belə deyib.

Onun sözlərinə görə, son məqsədi Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasından ibarət olan bu sənədə əsasən Azərbaycana yeddi rayon - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın geri qaytarılmalıdır. Bir şərtlə ki, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz olsun.

“Sənəddə qeyd edilir ki, tərəflərin razılığı ilə Dağlıq Qarabağın yekun statusu ATƏT və BMT-nin egidası altında referendumda müəyyən edilməlidir. Bu referendumun nəticələri hüquqi qüvvəyə malik olmalıdır və beynəlxalq prinsiplərə uyğun gələcək”,- Paşinyan xatırladıb.

“Habelə ərazilərə köçürülənlər (söhbət qanunsuz məskunlaşan ermənilərdən gedir,-red.) beş rayonu tərk etməlidir. Azərbaycanın mülki hakimiyyəti həmin ərazilərə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinin ardınca daxil olmalıdır və orada olan silahlı qüvvələr çıxarılmalıdır. Sülhməramlı qüvvələr keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati sərhədləri boyu yerləşdirilməlidir, Kəlbəcər və Laçın istiqamətlərindən başqa. Kəlbəcər rayonu keçid dövrü üçün ATƏT-in monitorinqi altında olmalıdır. Yuxarıda göstərilən bu tədbirlərə paralel olaraq Dağlıq Qarabağ onun gündəlik həyat fəaliyyətini təmin edən müvəqqəti aralıq statusa malik olmalıdır. Bu, hazırda danışıqlar masası üzərində olan həmin irsdir. İndi onlar bizi ittiham edirlər ki, həmin irsi tapdamışıq”,- Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Ermənistan danışıqları həmin dönüş nöqtəsindən başlamağa razı olsa beynəlxalq ictimaiyyət heç bir problem yaratmaz.

“İndi qoy Dağlıq Qarabağda prezidentliyə bütün namizədlər, Ermənistan xalqı desin ki, bu sənəd onlar üçün məqbuldur, ya yox? Əgər Dağlıq Qarabağ əhalisi qərara alsa ki, həmin sənəd məqbuldur, mən təminat verirəm ki, elə həmin məqamdaca sənəd danışıqlar masası üzərinə qoyulacaq”,- Ermənistan baş naziri əlavə edib.

Qeyd edək ki, Paşinyanın bəhs etdiyi sənəd uzun illər danışıqlarda müzakirə olunan və “Madrid prinsipləri”inə əsaslanan nizamlama variantıdır. Hansı ki, tərəflər bu sənədi razılaşdıra bilmədilər və əsas səbəb Dağlıq Qarabağın yekun hüquqi statusunu müəyyən edəcək referendumun müddəti, keçirilməsinin şərtləri kimi məqamlarda yaranan ziddiyətlərdir. (virtualaz.org)




Ana səhifəyə qayıt        Baxış: 638          Tarix: 25-01-2020, 19:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma