Sürəyya Nəsib 1956-cı ildə Daşkənddə dünyaya göz açıb. Kiçik yaşlarından Şərur rayonunun Kərimbəyli kəndinə köçüblər. Orta məktəbi elə Kərimbəyli kəndində bitirib.1973-cü ildə Bakı Slavyan Universitetinə qəbul olunub. Ali təhsilini bitirib və elə o vaxtdan Kərimbəyli kənd orta məktəbində müəllim işləyir.17 kitab müəllifidir.
“Qıqıl qələm”, “Məmməd Araz”, “Nəsimi” mükafatlarına layiq görülüb.
ÖZÜNÜ QORU
Deyirsən yaxşı ki, varsan dünyada,
Mənim varlığıma sevinir canın,
Kaş bəxtin, talehin görməsin qada,
Dostu olmalıdır insan insanın.
Sitayiş edirəm adına bər an,
Hər gün yaradana dua edəndə,
Bilirdim sevgimi qazanacaqsan,
Qəlbimi sevginə yuva edəndə.
Səndən öyrənmişəm eşq nəğməsini,
Sözləri mənimdir, bəstəsi sənin,
Hər zaman bu yöndə qaldır səsini,
Oxu, üzü gülsün, çölün, çəmənin.
Hər an izləyirəm sən gələn yolu,
Olub varlığıma zəmin varlığın.
Sən Allah, sən canın, özünü qoru,
Sən varsan ,mövcuddur mənim varlığım.
27.01.2020.
Ömrünü uzatmaq üçün
Bu nədir,insafın yoxsa bayılıb?
Müqəvva deyilsən, axı canlısan,
Mənim bütün mehrim sənə ayrılıb,
Sən mənə yenə də soyuqqanlısan.
Ətrafım gül açır,mənsə gülmürəm,
Mənim ahı-naləm ərşə düşübdür.
Qara taleyimmi, yoxsa bilmirəm,
Sənin inadındır tərsə düşübdür.
Ömrümü vurursan yerə az qala,
Sözünlə,əməldə heç uymayırsan.
Mənim ürəyimdə sən ola-ola,
Məni hamı duyur, sən duymayırsan.
Sən mənim gözümdə başqa bir aləm,
Mən sənin gözündə nəyəm bilmirəm?
Könlümü edirsən nisgilə həmdəm,
Axı, sevgin də var, bəyəm bilmirəm?
Əvəzə yaşamaq olsaydı mümkün,
Bütün əzablara sinə verərdim.
Ömrünü bir ömür uzatmaq üçün,
Mən öz ömrümü də sənə verərdim.
Bilməmişəm
Mən sənin eşqinə nəğmə qoşmuşam,
Necə qoşduğumu heç bilməmişəm.
Yolunda maneə olub, aşmışam.
Yoxuş bilməmişəm, dik bilməmişəm.
Heç vaxt istəmədim küsüb solmanı,
Sən mənə andırdın huri- qılmanı,
Düzü, bu nisbətdə nəcib olmanı,
İstərsən gözümü tök, bilməmişəm.
Sevda keşiyində olmuşam hər vaxt,
Qoymadım ömrümə yol açsın şər vaxt,
Tanrıya yalvarıb, demişəm hər vaxt,
Könlümdə səhv varsa sök, bilməmişəm.
Sezmişəm yalandan canı yananı,
Duymuşam yaxşını- pisi ananı,
Amma həyatımda çox müəmmanı,
Mən sənin bildiyin tək, bilməmişəm.
Sürəyya söyləmir mənə əl uzat,
Həsrət uzadınca buyur, gül uzat,
İndi də əlimə elə əl uzat,
Deməyim geriyə çək, bilməmişəm.
23.01.2020.
Sənin
Eyləyə bilmirəm hələ də dərki,
İlk daşı kim qoyub himinə sənin,
O qədər sözünə aldanmışam ki,
Daim tuş olmuşam qəminə sənin.
Mən doğma olmuşam, sən yad ,yabançı,
Mən talan olmuşam, sənsə talançı,
Heç vaxt qoymamısan olum sükançı,
Məhəbbət adında gəminə sənin.
Qaytar ocağıma, qaytar odumu,
Dediyin əhd- peyman elə budumu?
Sən min ad qazansan, mən bir adımı,
Bil ki dəyişmərəm cəminə sənin.
Bütün nankorların kamı eynidir,
Daxması eynidir, damı eynidir,
Sənin ətrafında hamı eynidir,
Dəyişim kimini kiminə sənin.
Sürəyya inanmaz daha yaz olsan,
Bəlkə bağışlardım nədə düz olsan,
Eşqə bundan sonra telli saz olsan,
Etibar etmərəm siminə sənin.
Sən yaza bilmədin
Bir sevgi nəğməsi oxudum sənə,
Onun tilsiminə niyə çaşmadın?
Bilmirəm kəm baxdın mənim nəğməmə,
Ya sən heç nəğməyə qulaq asmadın.
Yer sevdi nəğməmi, səma dinlədi,
Könlünə yayıldı günəşin, ayın.
Düzdür göydən yerə günəş enmədi,
Şəfəqlə göndərdi yerə öz payın.
Dağlar da şəklədi qulaqlarını,
Onun daş sinəsin qəm dağlamasın.
Təbiət ağlatdı bulaqlarını,
Təki ürək küsüb, göz ağlamasın.
Səsimi eşidən hər nə var demə,
Sərdi məhəbbətin qarşıma mənim.
Quşlar rəqs eylədi mənim nəğməmə,
Bircə sən su qatdın aşıma mənim.
Tükün tərpənmədi, lal durdun yenə,
Könlüm bağışlamaz həqarətini.
Mən sevgi nəğməsi həsr etdim sənə,
Sən yaza bilmədin nəqaratını.
Sən hələ sən deyilsən
Məhəbbətin saf sudur,
Sənə qurban da dedim,
Əlimdən gələn budur,
Bundan artıq nə edim?
Təkcə sənsən görünən,
Mənim asimanımda,
Yalnız sənsən döyünən,
Qəlb olmusan canımda.
Mənim sevda gəmimin,
Yelkəni sən özünsən.
Mən dedim əmin- əmin,
İndi söylə düzün sən.
Mən kiməm səndən ötrü?
Demirsən bir kəlmə də,
Bizi məhv edə bilər,
Lal durmaq bir həmlədə.
Bəlkə dediyim sözlər,
Ürəyindən deyildir ?
Bəlkə sənin xəyalın,
Fikrin hərdəmmeyildir.
Axı, əhdə, peymana,
Belə söz verməmişdik .
Axı, Leyli- Məcnundan,
Belə üz görməmişdik.
Niyə dinmirsən həmən,
Nə şərsən, nə xeyirsən.
Bax, görürsən mən mənəm,
Sən hələ sən deyilsən.
06.01.2020.
Paylaş: