Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov işdən azad edildiyini bildirib.
“Report”un xəbərinə görə, M.Süleymanov mətbuata açıqlamasında bir neçə gün əvvəl işdən azad olunması üçün ərizə verdiyini qeyd edib.
O söyləyib ki, ərizəsi qəbul edilib, daxili işlər orqanlarında xidmətdən xaric olunub.
M.Süleymanov əmisi oğluna görə şərləndiyini də bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Report”a bildirilib ki, M.Süleymanov Tovuz Rayon Polis Şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etməyib:
“Murad Süleymanov yanvarın 6-dan məzuniyyətdədir. Onun polis şöbəsinə heç bir ərizəsi daxil olmayıb. Murad Süleymanov iddia edir ki, əmisi oğluna görə şərlənib, İlkin Süleymanova görə buna güzəşt olunmalı idi. Bunlar həqiqətəuyğun deyil. Hər kəs qanun qarşısnda bərabərdir, qanun qarşısında cavab verməlidir. Məzuniyyətdən qayıtdıqdan sonra isə o, ərizə ilə müraciət edər, yaxud etməz, bu da onun öz şəxsi işidir”.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Paylaş: