Xəbər lenti

 

Yanvarın 23-də Rusiya prezidenti Vladimir Putin Auşvitz-Birkenau konsentrasiya düşərgəsinin sovet qüvvələri tərəfindən azad edilməsinin 75-ci ildönümünün anım mərasimində iştirak etmək üçün İsrailə yollanıb. Bu, onun 2001-ci ildə prezident olandan bəri (əvvəllər 2005 və 2012-ci illərdə) İsrailə 3-cü rəsmi səfəridir.

Putin və Rusiya rəsmiləri İsraildə mühüm qonaqlar olaraq qarşılanıb və İsrail rəhbərliyi, Avropanın nasist hakimiyyətindən qurtulmasında SSRİ-nin rolu ilə əlaqədar bəzi Şərqi Avropa ölkələri ilə mübahisədə Rusiya tərəfini, daxili siyasi ritorikasının çox hissəsini Sovet İttifaqının II Dünya Müharibəsindəki qələbəsinə yönəldən Rusiya prezidentini dəstəklədiyini açıqlayıb.

Cəmi bir həftə sonra, yanvarın 30-da İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti ilə görüşmək üçün Moskvaya gedib. Bu, baş nazirin təkcə son bir ildə Rusiyaya 4-cü səfəri idi. Şanslarını artıracağına ümid edərək o, aprel və sentyabr aylarında keçiriləcək İsrail seçkiləri öncəsi Putini ziyarət edib. Bu dəfə də baş nazir Putindən məyus olmayıb.

O, 2019-cu ildə Moskva hava limanında narkotik qaçaqmalçılığı iddiası ilə həbs olunan İsrail vətəndaşı Naama İssaharın həbsdən azad edilməsi barədə qərar qəbul edib. İssaharın tutulması ABŞ-a ekstradisiya ilə üzləşən rus haker Aleksey Burkovun sərbəst buraxılması üçün İsrailə təzyiq göstərməyə yönəlmiş siyasi addım sayılıb.

Burkovun noyabr ayında ABŞ səlahiyyətlilərinə təhvil verilməsinə baxmayaraq, Kreml İssaharın buraxılması barədə qərar qəbul edib. Onun sərbəst buraxılması Netanyahunun (ABŞ prezidenti Donald Trampın Yaxın Şərq planını elan etməsindən sonra) daha bir böyük diplomatik qələbəsi olub.

Kreml, ehtimal ki, Netanyahunun yenidən seçilməsi və həbsdən yayınmasının daha yaxşı olduğunu sanıb, çünki onun hökuməti dövründə Rusiya-İsrail münasibətləri çiçəklənib.

Hazırda ABŞ və Avropa İttifaqının yaxın müttəfiqi olan İsraillə sıx münasibətlər bir neçə səbəbə görə Moskva üçün vacibdir.

Birincisi, bu, Qərbin Rusiyanı Ukrayna ilə müharibə və Krımı ilhaq etməsi üçün beynəlxalq təcrid vəziyyətinə salmaq səylərini sarsıdır. İsrail, eyni zamanda, Moskvanın Yaxın Şərqdəki qazanclarını normallaşdırmaq üçün Qərblə dialoqda da müəyyən rol oynayır.

İkincisi, Rusiya Suriyadakı mövqelərini təmin etmək üçün təhlükəsizlik və siyasi tənzimləmələrdə (xüsusilə, ABŞ-la) mühüm rol oynayan İsraillə sıx əlaqələndirməyə ehtiyac duyur. Şamda Rusiyayönümlü rejimin sabitliyi İsrailin əməkdaşlığından asılıdır.

Üçüncüsü, Rusiya-İsrail əlaqələrində keçmiş Sovet İttifaqından olan yəhudi mühacirlərinin əhəmiyyətli sayı nəzərə alınmalıdır. 2019-cu ildə Rusiya-İsrail ticarət dövriyyəsi 5 milyard dollara çatıb, İsraili Rusiyanın bölgədəki əsas ticarət tərəfdaşlarından biri olub.

Son səfər mübadiləsindən öncə ABŞ pilotsuz təyyarələrinin İraqdakı İran generalı Qasim Süleymanini öldürməsi ilə bölgədəki gərginlik daha da artıb. Moskvanın bölgədəki strateji tərəfdaşı olan Tehran üçün bu səfərlər bir qədər narahatlıq yaradıb.

Axı, bunlardan əvvəl Süleymaninin öldürülməsinə Kremldən olduqca səssiz təpki verilib. Moskva hadisəni rəsmən qınayıb, hətta ABŞ və İran arasındakı gərginyini qarşısını almaq üçün vasitəçilik təklif edib. Bu, Rusiya və İran arasındakı sıx əlaqələri və İslam Respublikasının iyerarxiyasındakı Süleymaninin mövqeyini nəzərə alaraq, bəzilərinə təəccüblü görünə bilər.

Kremlin tənqidçiləri bu təpkini Süleymaninin öldürülməsindən Rusiyanın necə qazanc götürəcəyinə dair nəzəriyyələrlə izah ediblər, lakin bu, əsla belə deyil. Moskva hadisədən sonra neftin qiymətindəki müvəqqəti və qısamüddətli sıçrayışdan da, Suriyadakı ehtimal olunan hakimiyyət boşluğundan da xeyir götürməyib.

Süleymaninin öldürülməsindən sonra Moskvanın yüksək neft qiymətlərindən qazancı “Koronavirus”un yayılmasına görə neft qiymətinin sonrakı enməsi ilə qarşılaşıb.

Süleymaninin ölümü Suriyada Rusiya üçün çox yer açmır. Mərhum general, şübhəsiz ki, İranın xarici əməliyyatlarında vacib bir fiqur idi, lakin onun işini az sonra təyin olunmuş varisi davam etdirəcək.

Rusiyanın sui-qəsddən sonra səssiz qalması İranın ABŞ-ı İraqda və Körfəzdə təhrik etməsi və hadisənin İsrailə qarşı təcavüzkar hərəkətə səbəb ola biləcəyi qorxusi ilə əlaqəli idi.

İllərdir Rusiya bölgədə İsrail və İran arasında tarazlıq yaradır. 2015-ci ilə qədər də Kreml İran və İsraillə eyni dərəcədə əməkdaşlıq etməyə hazır olduğunu isbatlayıb.

Bu siyasət İsrail və İranın birbaşa qarşıdurmaya girdiyi Suriyada dəfələrlə sınanıb. 2018-ci ilin yazında Moskva, İran mövqelərinə hava hücumlarının dayandırılması qarşılığında iranlıları və onların etibarlı şəxslərini Suriya-İsrail sərhədindən uzaq saxlayan qeyri-rəsmi razılaşma əldə edib.

O vaxtdan bəri razılaşma hər iki tərəfdən dəfələrlə pozulub, lakin Rusiya İran və İsrailə təzyiq göstərməyə davam edib. Kreml İran qüvvələrini Rusiya hava dəstəyindən məhrum edəcəyi ilə təhdid edib və İsrailə xəbərdarlıq edib ki, Suriyanın cənubundakı iranlılara qarşı təcavüzkar hava hücumlarını davam etdirsə, Dəməşqi əlavə hava hücumundan müdafiə sistemləri (S-300, TOR- M1 və s.) ilə təmin edər.

Bu mövqe Rusiyaya həm bölgədə siyasi təzyiq aləti, həm də beynəlxalq nüfuz qazandırır status-kvonu qoruyur.

Tehran ABŞ-ın İrana qarşı hərəkətləri vəziyyətində ABŞ-ın bölgədəki müttəfiqlərinin qisas hədəfi olacağını hər zaman açıq şəkildə ifadə edib. Nəticə olaraq, Süleymaninin öldürülməsindən sonra İsrailin ən böyük şəhərlərindən biri olan Hayfa qisas hücumu üçün potensial hədəflərdən biri adlandırılıb.

ABŞ Körfəz ölkələrini İran təcavüzündən qorumağa az maraq göstərsə də, İsrail fərqli ola bilər. Ən yaxın müttəfiqinə edilən hücum, çox güman ki, Vaşinqtonun cavabı ilə nəticələnəcək. Rusiya da nəyin bahasına olursa-olsun bunun qarşısını almaq istəyir, çünki bu istər-istəməz diplomatik itkilərlə nəticələnə bilər.

Rusiya bilir ki, Orta Asiya sərhədləri yaxınlığında digər bir münaqişə postsovet məkanının sabitliyinə mənfi təsir göstərəcək və diqqətini əsas rol oynadığı Suriya və Liviyadakı müharibələrdən yayındıracaq.

ABŞ-ın hərbi əməliyyatları nəticəsində Tehrandakı mövcud rejimin süqutu da Rusiyanın marağına uyğun deyil. O, İranı Yaxın Şərqdə əhəmiyyətli bir oyunçu, ABŞ hegemonluğuna qarşı əngəl və bölgədəki Rusiya diplomatik təşəbbüslərinə tərəfdaş hesab edir. Tehranda yeni bir hökümət Moskva ilə geniş əməkdaşlıqda ola bilməz.

Buna görə də, Rusiya rəhbərliyi İsraillə yaxınlaşmadan həzz ala bilsə də, Tehrandakı rejimi təhdid edən hər hansı bir hərəkətə qarşı həmişə qətiyyətlə müqavimət göstərəcək.

Bu çərçivədə İranın Süleymaninin ölümündən sonra ABŞ-ın İraqdakı mövqelərinə məhdud hücumları Rusiya üçün rahatlama olub. Amma ABŞ-İran eskalasiyası riski yüksək olaraq qalır, bu da Moskvanın gələcəkdə Tehran və Təl-Əviv arasında tarazlığı davam etdirməkdə çətinlik çəkməsi deməkdir.

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 465          Tarix: 3-02-2020, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma