Xəbər lenti

 

Vüqar Zifəroğlu: “Məqsəd Qərb dövlətlərinin maraqlarına əks siyasət yürüdən liderləri siyasətdən uzaqlaşdırmaq idi

 

2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzağın bahalaşması, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar genişmiqyaslı etirazları başladı. Etirazların başlanğıc nöqtəsi isə 2010-cu ilin 18 dekabrında Tunisdə, 26 yaşlı işsiz universitet məzunu Tariq ət-Təyyib Məhəmməd Buəzizinin özünü yandırması oldu. Beləliklə, ölkə miqaysında başlayan böyük etirazlar Tunisin 23 illik Prezidenti Zeynalabdin ben Əli və Baş Nazir Məhəmməd Qanuşinin ölkəni tərk etməsi ilə nəticələndi.

 

Tunis inqilabının üzərindən cəmi 10 gün keçəndən sonra Əlcəzair Respublikasında da etirazlar başladı və xalq hərəkatına start verildi. Bununla da Yaxın Şərqdə “ərəb baharı” adı ilə məşhurlaşan prosesin əsası qoyuldu.

 

Bundan sonra 2011-ci ilin 12 yanvarında Livanda başlayan ümumi etirazlar fevralın 20-ə qədər İordaniya, Mavritaniya, Sudan, Oman, Yəmən, Səudiyyə Ərəbistanı, Misir, Suriya, Cibuti, Mərakeş, İraq, Bəhreyn, İran, Liviya, Küveyt və Qərbi Saharaya qədər gedib çıxdı.

 

O ərəfədə ən miqyaslı hadisə 2011-ci ilin 25 yanvarında Misirdə baş verdi. Paytaxtın “Təhrir” meydanına toplaşan yüzminlərlə insan Prezident Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsinə nail oldu. “Ərəb baharı” Liviya lideri Müəmmar Qəddafinin də sonunu gətirdi.

 

Həmin zaman başlayan qiyamların acı nəticələri bu gün də davam edən Suriya, İraq və Liviyada yaşanmaqdadır. Bu ölkələr hazırda az qala, xarabalığa çevrilib.

 

10 il əvvəl başlayan və hələ də başa çatmayan “ərəb baharı” barədə AYNA-nın suallarını Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu cavablandırıb:

- Bildiyimiz kimi, “ərəb baharı” Tunisdə göyərti satan bir gəncin özünü yandırması ilə başladı. Bu isə iqtisadi tələblərdən irəli gələn bir etiraz idi. Amma biz bunun texnologiyasını sırf iqtisadi tələblərdən doğan xaotik hərəkat olaraq qiymətləndirə bilmərik. Yaxın Şərqdə zaman-zaman, əsasən də 1960-cı illərdə “soyuq müharibə” dövründən başlayaraq müxtəlif formatlarda texnologiyalar tətbiq və istifadə edilib. Yaxın Şərq strateji əhəmiyyətə malik, əhəmiyyətli bir bölgədir. Hətta geosiyasətdə “Hartlənd” nəzəriyyəsi var ki, həmin nəzəriyyəyə görə, Yaxın Şərq dünyanın “döyünən ürəyi”dir. Yəni Yaxın Şərqə nəzarət etmək dünyaya nəzarət etmək anlamına gəlir. Bu da Yaxın Şərqdə həm enerji yataqlarının, həm strateji məntəqələrin, həm də özünün starteji bölgə olmasından irəli gəlir.

 

Burada söhbət həm də ideoloji toqquşmalardan gedir. Yaxın Şərq dini-ideoloji cəhətdən də son dərəcə əhəmiyyətli və vacib bir mərkəzdir. Ona görə də zaman-zaman böyük qüvvələr Yaxın Şərqə nəzarət etmək istəyir. “Ərəb baharı” da bu baxımdan təşkil olunmuş bir format və yeni bir texnologiya idi. Məhz həmin texnologiyanın tətbiqi ilə strateji əhəmiyyətə malik olan ölkələr yenilənməli və sistemləşdirilməli idi. Lakin bu format əks effekt verdi. Belə ki, Tunisdə başlayan proses Əlcəzair, Misir, Liviya və Suriyada davam etdi. Hətta bir çox seçkilərdə “ərəb baharı”ndan sonra “İxvan”çılar (Müsəlman Qardaşları Təşkilatı) qalib gəldi. Bu isə özünü ən çox Misirdə göstərdi. Sonra Misirdə əks-inqilab baş verdi və Əbdulfəttah əs-Sisi hakimiyyətə gəldi. Yəni “ərəb baharı” ssenarisini yazan qüvvələr gözlədikləri effektlə qarşılaşmadılar.

 

Bu hadisə yalnız ərəb ölkələrində hakimiyyət dəyişikliyi ilə özünü göstərmədi, həm də bölgədə fəaliyyət göstərən İran kimi ciddi qüvvələrin də qabarmasına gətirib çıxardı. Belə ki, İranın Yaxın Şərqdə 2011-ci ilə qədərki mövqeyi 2011-ci ildən sonrakı mövqeyi ilə müqayisə edilməyəcək dərəcədə zəif idi. Lakin 2013, 2014 və 2015-ci illərdə, əsasən də, İŞİD faktoru qabardılandan sonra İran faktoru da qabarmağa başladı. Burada söhbət təkcə məzhəb faktorlarından getmir, eyni zamanda güc balansının formalaşmasından gedir. Bunun da nəticəsi olaraq İran böyük məharətlə öz ətrafında “şiə hilalı” formalaşdırmağı bacardı. Bu “hilal”da isə ən vacib rolları Suriya, İraq və Livan oynadı. Bundan sonrakı proseslərdə yeni məqamların, yeni mənzərələrin ortaya çıxmasının şahidi olduq.

 

- Yəni “ərəb baharı” əvvəlcədən planlaşdırılmışdı?

 

- Əlbəttə ki, belədir. Bu, artıq heç kim sirr deyil. “Ərəb baharı”nın hazırlanması və yayılmasında, yəni Tunisdən digər ölkələrə keçməsində sosial şəbəkələrin də aktiv rolu oldu. Əsas məqsəd isə “ərəb baharı” vasitəsilə hazırkı dövrdə Qərbin, əsasən də Amerikanın maraqlarına əks siyasət yürüdən ərəb ölkələrinin liderlərini siyasətdən uzaqlaşdırmaq idi.  Hətta, bu günə qədər bir çox nəzəriyyəçilər, analitiklər, politoloqlar bu proseslərin sistemli şəkildə idarə olunmasına dair araşdırmalar aparıb, kitablar yazıb və bunu isbat etməyə çalışıblar.

- Yaxın Şərqi caynağına alan gərginlik bu gün də davam edir. Sizcə, bu hadisələr hansı istiqamətdə cərəyan edəcək?

 

- Yaxın Şərqdə gərginlik heç vaxt səngiməyəcək. Çünki bu gərginlik min illərdir davam edir. Yaxın Şərq ciddi geosiyasi, geoiqtisadi maraqların toqquşduğu vacib bir mərkəz olmaqla yanaşı, eyni zamanda ciddi ideoloji müharibənin mərkəzidir. Dünyəvi insanlar bəzi məqamlarda nələrisə gözardı edə bilirlər, amma dini-ideoloji insanlarda bu, əksinədir. Məsələn, Qərbin özündə belə, yevangelistlərin təsirləri hər kəsə məlumdur. Yaxın Şərq yevangelistlər üçün tamamən fərqli bir ilahi anlam ifadə edir. Yəni burada da ideoloji məqamların toqquşması rol oynayır.

 

- Yevangelistlərin Yaxın Şərqə olan maraqlarından danışdınız. Məsələn, Qərb dünyasına nisbətən Şərq-müsəlman aləmində, adətən birlik olmadığını, hətta biri-biriləri ilə zaman-zaman toqquşduqlarını görmüşük. Bu amil nə ilə əlaqədardır?

 

- “İslam qlobalizmi” modelinin həyata keçirilməsini (eyni sözlər xristian dünyasına da aiddir) əngəlləyən əsas maneələr həmin dində təmsil olunan millətlərin müxtəlifliyi və dövlətlərarası aparılan rəqabətlərlə bağlıdır. İslam politologiyasında həmişə xəlifə anlayışı altında bütün müsəlmanların dövlət başçısı ifadəsi nəzərdə tutulurdu. Lakin bildiyimiz kimi, Əməvilər dönəmindən başlayaraq xəlifələrin hakimiyyəti heç də həmişə mütləq səciyyə daşımayıb və xilafətin öz daxilində hakimiyyəti qəbul etməyən kifayət qədər iri bölgə və vilayətlər olub. 1258-ci ildə ƏrəbXilafətinə son qoyulması, sonralar Xilafət taxtının Osmanlı türklərinin əlinə keçməsi 18-19-cu əsrlərdə Qərb dövlətlərinin siyasi manevrləri ilə pərdəarxası türk-ərəb qarşıdurmasına gətirib çıxarıb. 1924-cü ildə isə Xilafət ləğv edildi. Bu səbəbdən də İslam dünyasının geosiyasi potensialı haqqında fikir yürüdərkən, müxtəlif ölkələr və müxtəlif siyasi modellər haqqında danışmamaq qeyri-mümkündür.

 

Müsəlman ölkələri arasında təkcə güc mərkəzlərinin deyil, ideologiyaların da rəqabəti davam etməkdədir və bu siyasi ideologiyaların hamısı heç də dini xarakter daşımır. Lakin bütün bunlara rəğmən say artımı və daxili potensial, iqtisadiyyatın yavaş da olsa, davamlı inkişafı yaxın 20 ildə müsəlman ölkələrinin nüfuz dairələrinin genişlənməsinə səbəb olacaq. Müsəlmanların intensiv miqrasiyası (Qərbi Avropa, Balkanlar, Rusiya, Afrikanın bir sıra ölkələri, ABŞ) və Qərbdə getdikcə qarşısı alınmaz xarakter alan mənəvi deqredasiya, ailə institutunun tamamən çökməsi İslamın bir din olaraq nüfuz dairəsinin daha da genişlənməsinə gətirib çıxaracaq. Milli və dövlətçilik ənənələrindəki fərqlər vahid İslam dövləti altında birləşməyi mümkün etməsə də, müsəlman dövlətləri arasında inteqrasiya daha sıx xarakter alacaq. Bu, hətta gələcəkdə Avropa İttifaqı modelində bir İslam Dövlətləri Birliyinin yaranmasına da təkan verə bilər. Bu proses Ərəb ölkələrinin və Türk dövlətlərinin iki ayrı blokda birləşməsi ilə də start götürə bilər. Hazırda Yaxın Şərq və Ön Asiyada baş verən siyasi proseslər və dövlətlərin buna meyl etməsi yaxın gələcəkdə belə blokların yaranacağını düşünməyə ciddi əsaslar verir. İslam ölkələrində dünyəvi, demokratik, milliyyətçi elementləri özündə ehtiva edən sosial dövlət quruculuğuna keçidlər (Atatürk modeli) 21-ci əsrdə onların yeni güc mərkəzləri yaradacağına da səbəb ola bilər.

 

- Yaxın Şərqi bölüşdürmək uğrunda əsas rəqabət Rusiya və ABŞ arasında gedir. Bu mübarizənin sonu iki dövlətdən birinin məğlubiyyəti ilə nəticələnəcək, yoxsa Yaxın Şərqi hələ çox bəlalar gözləyir?

 

- İstər ABŞ, istərsə də Rusiya kifayət qədər idarəçilik təcrübələrinə malik ölkələrdir. Təbii ki, onların bu münaqişəsində müəyyən xətlər var və onlar həmin xətləri heç vaxt keçmir. Müxtəlif bölgələrdə onların kəskin rəqabətlərinin şahidi oluruq ki, Yaxın Şərq də bu bölgələrdən biridir. Bu rəqabəti zamanla postsovet məkanında da, Balkanlarda da, Baltikyanı bölgədə də görmüşük və bu rəqabət hələ uzun müddət davam edəcək. Deməzdim ki, bu ölkələrin münaqişəsi hansınınsa məğlub olacağı dərəcədə kəskin hal alacaq. Belə ki, zaman-zaman bu iki ölkədən biri geri çəkilir, digəri irəliləyir. Bir müddət keçir, əksi olur. O ki, qaldı Yaxın Şərqdəki mübarizəyə, onsuz da Yaxın Şərq ölkələrinin bəziləri demək olar ki, tamamilə məhv olub. Məlum olduğu kimi, Suriya xarabalıqdır, İraq dağılıb, Əfqanıstanda isə həyat dayanıb. Eyni zamanda, başqa ölkələr də bu fəlakətin ağuşundadır. Lakin bu ölkələrin tamamilə məhv olması inandırıcı deyil. Burada əsas məsələ sözügedən ölkələri nəzarət altına almaqdan gedir. Yəni münaqişələrin əsas istiqaməti bundan ibarətdir - ökələri təsir altına almaq. Suriyada hər kəs ABŞ-ın Rusiya-İran tandemi qarışısında geri çəkilmək məcburiyyətində qaldığını gördü. Amma İraqda əksinə oldu, ABŞ müəyyən mənada irəli gedə və Rusiyanı sıxışdıra bildi. Livanda isə buna hələlik nail ola bilmir.




Ana səhifəyə qayıt        Baxış: 1 126          Tarix: 13-02-2020, 01:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma