Xəbər lenti

Gülnar Motəvəlli

“Bloomberg”, 19.02. 2020

Keçən ay İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) strateqi xəstə iqtisadiyyatı canlandırmaq üçün həyəcanverici bir taktika təklif edib: hər həftə bir amerikalını girov götürmək və hər birinə 1 milyard dollar fidyə istəmək.

“Bunun başqa yolu yoxdur”, – deyə Həsən Abbasi Xəzər dənizindəki liman şəhəri Nouşəhrdə keçirilən tədbirdə bildirib.

Abbasinin “YouTube”-da çoxsaylı baxışı olan bəyanatını İİKK rəhbərliyi rədd edib və belə bir siyasətin mövcudluğu təkzib olunub. Bununla belə, həyati bir sual doğurur: İrandakı bütün hakimiyyət qollarına nəzarəti təmin etsəydilər, sərt təriqətçilər fərqli nə edərdilər?

Bu çox vacib məsələdir, çünki prezident Həsən Ruhaninin Qərbə uzun müddət davam edən nüvə müqavimətinə son qoyacağını və İranda yeni iqtisadi çiçəklənmə dövrünün başlayacağını vəd etdiyi 2013-cü ildən bəri ilk dəfə ortaya çıxır.

1979-cu il İslam İnqilabının teokratik ideallarına sadiq və tez-tez İİKK-yə bağlılığı dilə gətirilən mühafizəkarlar, yaxud “prinsipçilər” Cümə günü İran parlamentinə seçkilərdə qalib gəlmək əzmindədirlər. Qanunverici orqanın məhdud səlahiyyətləri olsa da, o, gələn il keçiriləcək prezident seçkilərinin və 8 illik yeni siyasi dövrün əsasını qoyacaq.

2013-cü ilin ortalarından, Mahmud Əhmədinejadın prezidentliyinin sonundan bəri ilk dəfə hakimiyyətin bütün qollarına konservativ nəzarətin qayıtması İran iqtisadiyyatı və daha geniş mənada, Yaxın Şərq üçün əhəmiyyətli potensial nəticələrə malikdir. O cümlədən İranın nüvə problemini ABŞ-la həlli ümidləri.

90-a yaxın hazırkı millət vəkilinin seçkidə yenidən iştirakına maneçilik törədilib. Bu, ABŞ sanksiyaları ilə pisləşən iqtisadiyyata tab gətirmə ideyasını müdafiə edən “prinsipçilər”ə üstünlük qazandırıb.

ABŞ-ın birtərəfli olaraq nüvə razılaşmasından çıxmasından sonra seçicilərin gözündə etibarını itirmiş Ruhani və onun kiçik dərəcədə ideoloji yönümlü hökumətinə əlavə təzyiq yaranır.

2015-ci ildə sazişə imza atan Ruhani sanksiyaların yüngülləşdirilməsinə, on illər boyu təcrid olunduqdan sonra xarici sərmayələrin ölkəyə axacağına və 84 milyonluq xalqın qlobal iqtisadiyyata bağlanacağına ümi edib. Amma saziş heç vaxt tam reallaşmayıb, ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi yeni sanksiyalarla bu ümidlər itib.

Tanınmış mühafizəkar qanunverici, parlamentin xarici siyasət və milli təhlükəsizlik komitəsinin keçmiş rəhbəri Əlaəddin Borucerdi deyib: “İnsanlar üçün xüsusilə vacib olan şey bu ağır təzyiqin İslam inqilabının dəyərlərinə uyğun olaraq qaldırılmasını görməkdir. Ali Rəhbərin dediyi kimi, sırınan iqtisadi müharibədəyik”.

Ali Rəhbər Ayətullah Əli Xamnəinin tabeliyindəki vəzifəli şəxslər isə “iqtisadi müqavimət”ə keçməyə çağırış edirlər. Bu, Qərbin öz öhdəliklərini ləğv edəcəyi təqdirdə, nüvə danışıqlarının ortasında səslənən bir fikir idi. Ruhaninin səyləri ilə İranın qapılarını Qərb sərmayəsi və ticarəti üçün açmaq cəhdlərindən imtinaya, əvəzində, özünəgüvəni artırmağa yönələcək addım. Prezident indi yoxsulları dəstəkləməyə, neft ixracatından asılılığı azaltmağa və yerli sənayeyə daha çox investisiya yatırmağa çağırır.

Mühafizəkarlar deyirlər ki, İran ölkənin ən böyük ticarət tərəfdaşı olan Çinə arxalanmalıdır, halbuki bu, iqtisadi böyüməni təmin etmək üçün yetərli deyil. Çinin enerji texnologiyaları keçmişdə iranlı tərəfdaşlarını məyus edib və artıq ABŞ-la ticarət müharibəsinə girmiş Pekin daha çox İran nefti alaraq Amerikanın cəzalarına məruz qalmaq istəmədiyini sübut edib.

Sanksiyaların yenidən tətbiqi iqtisadiyyata zərbə vurub. Beynəlxalq Valyuta Fondu keçən il iqtisadiyyatın 9.5% kiçildiyini təxmin edir, lakin İranın böyüməsi, inflyasiya və müəyyən dərəcədə milli valyuta sabitləşməyə başlayıb. Doğrudur, 80% aşağı düşən neft ixracatında heç bir bərpa əlaməti yoxdur. İnşaat sektoru, polad istehsalı və İranın yaxın qonşularına nağd pul ödənişi ilə ixrac artır. Neftdən fərqli olaraq, ABŞ-ın bu ticarətə müdaxilə imkanı məhduddur.

Dekabr ayında açıqlanmış böhran büdcəsi bu yanaşmanı açıq göstərir. Milli İqtisadi Təhlükəsizlik Şurasından parlamentə təqdim edilməzdən əvvəl o, hakimiyyət qolları arası dəstəyini alıb. Büdcə yoxsullara verilən müavinətlərin, habelə müdafiə xərclərinin artırılmasını nəzərdə tutur, hərgah müavinətlərin həcmi inflyasiya səviyyəsindən aşağıdır.

İran ən azı 1 il və ya daha çox bu maliyyə dəliklərini doldurmaq üçün kifayət qədər ehtiyata sahib olduğuna əmin görünür. Hətta prezident Donald Tramp ikinci müddətə prezidentə seçilsə, bu, əks halda Vaşinqtonla münasibət dəyişikliyinə səbəb ola biləcək noyabrda keçiriləcək seçkilərdən sonra ölkəni “irəli aparacaq” siyasətdir.

Nyu-York mərkəzli “Eurasia Group”-un İran mütəxəssisi Henri Rom deyib: “Tramp administrasiyası İrana seçim vermək siyasəti ilə çərçivələnib: ABŞ-ın tələbləri qarşısında təslim olmaq və ya iqtisadiyyatın süqutunu görmək. Lakin iranlılar üçüncü variantı yaradır – vəziyyət onların xeyrinə dəyişməyincə kol dibində gizlənmək”.

 

İİKK-nin nəzarəti?

Müştərilərinə son açıqlamasında Tehrandakı biznes-konsaltinq şirkəti “Ara Enterprise” parlament seçkilərində mühafizəkarlar qələbəsinin dərin siyasi və iqtisadi təcridə səbəb olacağını proqnozlaşdırıb. Amma onlar hamını təəccübləndirə bilərlər.

Açıqlamada deyilir: “Bir çoxları hakimiyyətdəki İİKK-nin heç də pis ssenari hazırlamadığına inanır”.

“İİKK-nin nəzarəti, – deyə əlavə olunur, – Nikson üslubunda ABŞ-Çin tənzimlənməsinə səbəb ola bilər”.

ABŞ tərəfindən terror təşkilatı olaraq “qara siyahı”ya salınan yeganə milli hərbi qüvvə – İİKK hətta Əhmədinejadın dövründəkindən daha varlı və güclü olub. O, sanksiyalarla İrandan çıxan xarici investorlara aid və ya onlar üçün nəzərdə tutulan sahələrə sahiblənib. Bu prosesin davam etməsi ehtimalı var.

Mühafizəkarlar üçün risk bəzi seçicilərin evində qalması, fəallığın və potensial legitimliyin azalmasıdır. Ötən ilin noyabrında yanacaq qiymətlərinə etirazlarından sonra keçirilən bir sorğu Tehrandakı respondentlərin yalnız 21%-nin seçkidə iştirakı planlaşdırdığını göstərib. Halbuki ABŞ-ın qarşıdurması Xamnəinin mühafizəkar bazasını gücləndirib.

Keçən həftə inqilabın qeyd olunması tədbirinə qatılan 33 yaşlı Mohsen deyib: “Bu, artıq mühafizəkarlarla islahatçıların mübahisəsi məsələsi deyil. Söhbət əksinqilabçılara, münafiqlərə və içimizə soxulmuş satqınlara qarşı İslam inqilabının tərəfdarlarının mübarizəsindən gedir”.

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 225          Tarix: 20-02-2020, 11:18      


Paylaş: