Mərkəzi Seçki Komissiyasının Sədri Məzahir Pənahovun son günlər səsləndirdiyi fikirlər müxtəlif mülahizələrə səbəb olub.
Mülahizələrin ana xəttini Məzahir Pənahovun əvəzlənəcəyi barədə iddialar təşkil edir.
Ehtimal olunur ki, MSK sədrinin əvvəlcə qurumun qarşısında namizədlərin təşkil etdiyi aksiyaya pozitiv münasibət sərgiləməsi, daha sonra sosial şəbəkələrin vacibliyi barədə fikirləri, ardınca fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qanun pozuntularına görə Dairə Seçki Komissiyalarını tənqid etməsi karyerasının son akkordlarını vurması ilə bağlıdır.
Məzahir Pənahov fərqindədir ki, 9 fevral seçkiləri onun keçirdiyi son seçkidir və bu baxımdan, ictimai rəydə müəyyən qədər müsbət qarşılanan açıqlamalar verməklə zədələnmiş reputasıyasını düzəltməyə çalışır. Məzahir Pənahovun istefaya göndərilməsi isə onun artıq MSK sədri kimi 20 ildir fəaliyyətdə olduğu göstərilir. Onun bu postda qalması hakimiyyətin elan etdiyi islahatlar kampaniyasına uyğun gəlmir.
2000-ci ildən MSK-nın sədri olan Məzahir Pənahov ötən müddət ərzində 3 referendum (2002, 2009, 2016), 4 prezident (2003, 2008, 2013, 2018), 5 parlament (2000, 2005, 2010, 2015, 2020) və 4 bələdiyyə (2004, 2009, 2014, 2019) seçkisi keçirib.
Azərbaycanda seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Yəni, seçki komissiyaları hər 5 ildən bir formalaşdırılır. MSK-nın üzvləri Milli Məclis, sədr isə üzvlər tərəfindən seçilir. \\Yenisabah.az
Paylaş: