Politoloq “Ərdoğan ABŞ və NATO-nun sözdə Türkiyəyə dəstəyinin əməli nəticə vermədiyini anlayaraq, Rusiya ilə anlaşmanın ən real çıxış yolu olduğunu gördü”
Suriyanın İdlib vilayətində Türkiyə və Suriya ordusu arasında baş verən şiddətli qarşıdurmalardan sonra Türkiyə və Rusiya liderləri arasında Moskvada vacib görüş keçirilib. Ümumilikdə 5 saat 40 dəqiqə davam edən görüşdə bir sıra razılaşmalar əldə olunub.
Razılaşmalara əsasən, təmas xəttində bütün hərbi əməliyyatlar 6 mart 2020-ci il saat 00:01-dən etibarən dayandırılmalı, M-4 avtomobil yolunun şimalında təhlükəsiz dəhliz qurulmalı və dəhlizin fəaliyyətinə dair əsas üsullar Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında 7 gün içində təsdiqlənməli və Türkiyə-Rusiya ortaq patrulları M-4 magistral yolunun Trumbadan (Serakibdən 2 km qərbdə) Ayn-Əl-Havradək olan hissəsi boyunca 15 Mart 2020 tarixində fəaliyyətə başlamalıdır.
Bəs, hadisələrin bundan sonrakı gedişatı necə cərəyan edəcək? Tərəflər qəbul olunan qərarlara əməl edəcəkmi?
Görüşü AYNA-ya şərh edən politoloq Nəzakət Məmmədova bildirib ki, Türkiyə və Rusiya prezidentlərinin görüşü həm iki ölkə arasında münasibətlərin, həm də Yaxın Şərqin gələcəyi baxımından böyük əhəmiyyət kəsb edən hadisə kimi dünyanın diqqət mərkəzində idi: “2016-cı ilin 15 iyulunda baş verən çevriliş cəhdlərindən sonra Qərblə münasibətləri son dərəcə gərginləşən Türkiyə Prezidenti Ərdoğan Rusiya ilə müttəfiqlik əlaqələrini daha da dərinləşdirməyə üstünlük versə də, lakin 2020-ci ilin 27 fevralında İdlibdə baş verən insident iki ölkəni 9 illik Suriya müharibəsində türk-rus ittifaqını təhdid edəcək həddə qədər qarşı-qarşıya gətirdi. Bundan cəmi bir həftə sonra - martın 5-də isə müttəfiqlikdən başqa digər alternativlərin hər iki ölkə üçün ciddi təhlükəli nəticələr doğuracağını dərk edən dövlət rəhbərləri atəşkəsin bərpa olunması, status-kvonun saxlanılmasını ehtiva edən razılaşma əldə etməyə nail oldular”.
“Heç şübhəsiz ki, Rusiyanı Türkiyə ilə yenidən razılaşmaya sövq edən bir sıra amillər var ki, onlardan biri də Türkiyənin “Bahar qalxanı” əməliyyatına başlayaraq, Suriyada məhdud hərbi-hava qüvvələri olan Rusiyaya öz hərbi qüdrətini nümayiş etdirməsi oldu. Beləliklə, Rusiya və Türkiyə Astana prosesinin davam etdirilməsi barədə razılığa gəldi. 2019-cu ilin dekabrından başlayaraq Bəşər Əsədin Rusiyanın dəstəyinə arxayın olaraq, bütün Suriya ərazisində yenidən öz yurisdiksiyasını hərbi yolla bərqərar etmək planları puç oldu. Bundan sonrakı status-kvo Suriyanın hökumət qüvvələrinin deyil, ilk növbədə Rusiya və Türkiyənin birgə iştirakı ilə saxlanılacaq. Ərdoğan ABŞ və NATO-nun sözdə Türkiyəyə dəstəyinin döyüş meydanında və diplomatik müstəvidə heç bir nəticə verməməsi səbəbindən Rusiya ilə anlaşmanın ən real çıxış yolu olduğunu gördü. İki ölkə müharibə həddinə gəlsə də, vaxtında geri çəkilməyi bacardı. Əks halda, genişmiqyaslı müharibə qaçılmaz olardı. Əsəd qüvvələrinin İdlibə son hücumundan sonra minlərlə qaçqın Türkiyə sərhəddinə toplaşmışdı və BMT bunu humanitar fəlakət kimi qiymətləndirdi”, - siyasi şərhçi vurğulayıb.
Müsahibimiz İdlibdə atəşkəsin pozulmasında Türkiyənin ittiham olunması fikirlərini belə qiymətləndirib: “Rusiya və Əsəd İdlibdə atəşkəsin pozulmasının əsas səbəbini Türkiyənin Soçi razılaşmalarına əməl etməməsində görərək, oradakı terrorçuları tərksilah etməyə dair öz üzərinə götürdüyü öhdəliklərə riayət edilmədiyini önə çəkirdi. Rusiyanın və Əsəd qüvvələrinin İdlibdə 27 fevralda türk ordusuna hücum etməsinin səbəbi “Hayat təhrir əş-şam” terror təşkilatının onlara hücumu göstərilir və bildirilir ki, günahsız türk əsgərlərinin şəhid olmasının Türkiyənin dövlət maraqları ilə əlaqəsi yoxdur. Bəzi iddialara görə, bu terror təşkilatı ABŞ-ın himayəsindədir, məqsəd isə İdlibdə sünni vilayəti yaratmaqdır və Türkiyənin onları tərksilah etmək imkanları olduqca məhduddur".
Bununla belə, politoloqun sözlərinə görə, atəşkəsin təmin olunması Ərdoğanın Moskvaya səfəri zamanı əsas hədəflərdən biri idi və buna nail olundu: "Bu gün - 6 mart gecəyarısından etibarən atəşkəs rejimi qüvvəyə minir. Digər razılaşma müddəalarına əsasən, İdlibdəki M-4 magistralından şimalda və cənubda 6 km. enində təhlükəsizlik zonası yaradılacaq və martın 15-dən etibarən orada türk ordusu ilə rus ordusu birgə patrul aparacaq. Beləliklə, Suriyada Rusiya və Türkiyə atəşkəsə nail oldu. Bununla belə, bu sülhün möhkəm olacağının təminatı yoxdur, hər şey tərəflərin öz üzərinə götürdüyü öhdəliklərə riayət etməsindən, eləcə də gələcəkdə bir çox daxili və xarici amillərdən asılı olacaq”.
“Bundan əlavə, Türkiyə və Rusiyanın hazırda maraqları Liviyada da toqquşur, yəqin ki, iki cəbhədə savaşmaq tərəflərdən heç birinə lazım deyil. Çünki ABŞ, Aİ və NATO kimi güclərin hər iki ölkəyə təzyiq və təhdidləri yetərincədir. 5 mart razılaşmaları ilə Türkiyə Putinin antiliberal klubunda öz yerini yenidən möhkəmlətdi və müddəti bir qədər də uzatdı. Lakin bununla həm də Türkiyənin Qərb dünyasına yolu bir müddət daha qapalı olacaq. Ərdoğanın öz hakimiyyətini qorumaq və ölkəsinin Yaxın Şərq və Şimali Afrika coğrafiyasında milli maraqlar elan etdiyi iqtisadi-siyasi və hərbi nüfuzetməni həyata keçirmək siyasətinə dəstək verməyən Qərblə Türkiyənin yolları ən azından hakim Ədalət və İnkişaf Partiyasının iqtidarı dönəmində bağlanmış olacaq”, - deyə N.Məmmədova qeyd edib.
Paylaş: