Bir qrup qadının paytaxtdakı etirazı əksəriyyətin narazılığına səbəb olub
8 Mart Beynəlxalq Qadınlar Günündə paytaxtda bir qrup qadının keçirdiyi aksiya hələ də müzakirə olunur. Aksiyada ən çox diqqətçəkən məqamlar irəli sürülən tələblər və plakatlarda yazılan şüarlar idi. Məlum aksiya haqqında, hətta hüquq müdafiəçiləri, qadın təşkilatlarının rəhbərləri belə, tənqidi fikirlər bildirdilər.
AYNA sosial şəbəkə üzərindən aksiya ilə bağlı fikirləri təqdim edir:
Mehriban Zeynalova: “Aksiya qadınlara qarşı şiddətə aid idisə, plakatlardakı çağırışlar əksinə şiddətə sövq edən idi. Yox əgər, stereotiplərə qarşı idisə, məncə, bunu normal dildə fərqli çağırışlarla etmək olardı. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair Konvensiya belə, hər bir ölkənin adət-ənənəsi və mədəni mühitinə hörmətlə yanaşmağa çağırış edir. Hərdən Beynəlxalq sənədləri də oxuyun”.
Çingiz Ramazanlı: “Beynəlxalq sənədlərlə yanaşı müsəlman qadınlarının əksəriyyətinin məharətlə yaddan çıxartdığı milli mental qaydalardan bəhrələnən, kağıza yazılmayan, tərbiyə xətti ilə ruha yazılan qadınlıq kodeksi də mövcuddur. Ona görə də qadından "qadına" çox fərq var. İsmətli, ağıllı, ər sayan, ərinin, ailəsinin və uşağının mənafeyini saxlayan, böyüyə hörmət edən və bu kimi ali hissləri özündə tərbiyə edən, bu zəmində uşaq tərbiyə edən qadının ayaqlarına verilib cənnət”.
Xanim Seyidbəyli: “Burda sosial-iqtisadi məsələlər qabardılmalı idi, yoxsa “mən.... vermək, almaq” məsələsi, işləməyən qadınlara müavinət məsələsi, təkbaşına uşaq böyüdən qadınlara əlavə müavinətlər, iş seçimində ayrı-seçkilik, iqtisadi asılılıq və saysız o qədər qadın problemlərimiz var ki...”
Səbinə Yusif: “Belə yerdə mən necə söyməyim? Bunların istədiyi qadın hüquqlarının qorunması deyil. Üzr istəyirəm böyüklərdən, bunlar açıq-aşkar f.....liyin sürətlə artmasını arzulayırlar. Tərbiyəli, qeyrətli bir qadın çıxıb küçənin ortasında namusunu çölə atmaq üçün mitinq edərmi? Feminizm, yox bir nə. Milləti gic yerinə qoyub mənasız minitqlər keçirməyiniz yetər! Nə olub? Azad deyilsiniz? Lap yaxşı azadsınız. Əgər azad olmasanız, ayıb yerlərinizi küçədə, millətin içində ortaya qoymazsınız. Kənar kişilərə, qadınlara hörmət qoymursunuz, atanıza, qardaşınıza, ananıza hörmət edin heç olmasa!!!”
Seymur Kazımov: “Dəyərli etirazçi xanımlar, əgər yazdığınız şüarın mətni əksəriyyət üçün anlaşılmırsa, onu izah etmək üçün 10 status, 100 şərh yazırsınızsa, hələ bunu edəndə qırğına da çıxırsınızsa, deməli nədəsə problem var. Ya şüarı aydın yazın, ya da dəyişin. Mesajın ötürülməsi qaydası var - şüar da mesajdır, yəni ötürülən mesaj aydın olmlıdır”.
Şəhla İsmayıl: “Aksiyanın bəzi şüarları çox kəskindir, bəzilərimizi komfort zonadan ciddi sürətdə çıxarır. Bəlkə də on illər ərzində ədəb və əxlaq rəmzi olan, nəyin bahasına olursa olsun, ailəsini qorumağa çalışan Azərbaycan xanımına həqiqətən yaraşmır. Ona görə özünü mütərəqqi insan hesab edənlərin belə etirazını, qəzəbini anlayıram. Amma istənilən halda bu, atası, əri, qardaşı, oğlu tərəfindən öldürülməkdən daha faciəvi deyil! Bu, bir qızcığazın bədəni soyumadan valideyni tərəfindən ev alverini etməsindən daha əxlaqsız deyil! Bu, bir məmurun ictimaiyyətçi qadına "get bozbaş bişir" deməsindən daha tərbiyəsiz deyil! İstənilən mübarizədə daha çox simpatiya qazanılmasının tərəfdarıyam. Yolu bir az uzun getmək varsa da, tələblər elə qoyulmalıdır ki, onları dəstəkləyənlərin sayı gündən-günə artsın. Unutmamalıyıq ki, bu işdə həm kişilər, həm də qadınların dəstəyinə ehtiyacımız var. Birdəfəlik anlamalıyıq ki, bura Azərbaycandır və milli-mənəvi dəyərləri ayaq altına atmaqla uzağa getmək olmaz. Üstəlik, belə kəskin şüarlar bütövlükdə qadın hüquqları işini gözdən salır. Amma yenə də, bir şüara görə bütün məsələnin başqa məcraya yönəlməsinin də tərəfdarı deyiləm. Ölkədə qadınlara qarşı ciddi zorakılıq var və bu, bir faktdır!”
Sahib Məmmədov: “İnsanların sərbəst toplaşma azadlığına nə vaxt məhdudiyyət qoyula bilər? Avropa Konvensiyasının 11.2. maddəsi deyir ki: "Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz". Deməli, "mənəviyyatın qorunması" üçün toplantıya məhdudiyyət qoyula bilər. Kim deyə bilər, dünən keçirilən o toplantı mənəviyyata uyğun idi? Əgər uyğun idisə, onda polis düz eləməyib. Mən hesab edirəm ki, mənəviyyata uyğun deyildi”.
Afət Yaqubova: “Əxlaqı əlin, ürəyin, gözün, dilin, vicdanın təmizliyi ilə yox, cinsi orqanların istifadə olunub-olunmaması ilə ölçən topluma sanki cin göstəriblər. Hamılıqla 9-cu sininfdə biologiya dərslərində "evdə oxuyarsınız" deyilib keçilməyən bölümdəki sözləri küçə plakatında görüblər. Başqa heç zad…”
Günel Səfərova: “Bu gün 8 mart aksiyasında iştirak etdim. Gənclər möhtəşəmdir. Bu, bir hərəkatdır. Səhvi-düzü ilə bu hərəkat mühüm mesajlar verir. Bu arada aksiyanı dağıtmağa göndərilən QHT nümayəndələri də ordaydı, amma olduqca gülməli görünürdülər. Çünki əvvəllər süpürgəçilər dəbdəydi”.
Elman Babayev: “Bu gün küçəyə çıxan bir qrup gənc qızın əlindəki şüarlara baxanda açıq-aydın görünən odur ki, müəyyən Qərb institutları Azərbaycanda oturuşmuş ailə institunu aşındırmağı, millətin var olmasını saxlayan toxunulmaz dəyərləri sıradan çıxarmağı hədəfləyib və bunun üçün fəal işə başlayıb. Feminizm hərəkatı adı altında millətimizə yad olan məsələlərin təbliğatına başqa ad tapmaq mümkün deyil. Feminizmin tarixinə nəzər salsaq, bu hərəkatın, əsasən qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat kimi meydana çıxdığını görərik. Bu baxımdan Azərbaycanda feminizmin inkişafı üçün real baza mövcud deyil. Ölkəmizdə qadınların hüquqları bütün müstəvilərdə qorunur. Azərbaycan dünyada qadınlara seçki hüququnu tanıyan ilk ölkələrdən biri kimi tarixdə yer alıb”.
Ayna.az
Paylaş: