Sevil NURİYEVA İSMAYILOV,
Star.com.tr
Rusiya ilə hara qədər gedə bilərik? Bu aralar ən çox verilən suallardan biridir. Etibar etmək və ya etməmək məsələsi son hadisələrin fonunda daha hakim mövqe kimi qarşımıza çıxıb. Qeyd edim ki, indiki mərhələdə Putin-Ərdoğan münasibətləri həyati əhəmiyyət daşıyır və qarşıda tarix yazacaq.
Bəli, Türkiyə liqa dəyişdirdi! Və artıq birinci liqadakı mübarizənin mərkəzində yer alıb. Rusiya supergüc kimi görünməyə çalışsa da, iqtisadi göstəricilərə baxaraq dəqiq deyə bilərik ki, qarşımızda regional güc var. Diqqətini ABŞ-a yönəltsə də, hazırkı durumuna görə fokuslanacağı ölkələrin siyahısını artırmaq məcburiyyətindədir.
Türkiyəni uzun illər “regional aktyor” olaraq görmə vərdişi və hələ də oradan çıxmasını istəməyən qüvvələrin mübarizəsi var. Lakin aydın olan budur ki, Türkiyə birinci liqadadır və qlobal axına təsir edən, imtina edilməsi asan olmayan bir nöqtəyə çatıb. Belə olan təqdirdə də regional və qlobal güclərin həm diqqət mərkəzi, həm təmas nöqtəsi olmağı bacarıb.
Cəmiyyətimizdə Rusiya məsələsinə böyük əksəriyyətin fərqli baxışının olduğunu görürük. Tarixi proses bizə bu mövqeyimizin təməl daşlarının səbəblərini izah edir. Lakin orta və uzunmüddətli perspektivdə nəzərdən keçirməli olduğumuz bir çox arqument var. Buna görə Rusiya ilə yaxşı münasibətlər zəruridir.
Keçmişdə etdiklərini unutmamaq şərtilə Rusiya ilə yeni dövrün əsasını formalaşdırmaq vacibdir. Rusiya böyük bir coğrafiyadır. Rusların etnik kimliyini təhlil edərkən türklərlə slavyanların qarışıq formasını görürük. Yəni bu torpaqlarda bizi başa düşəcək zəmin yaradan çox sayda bilgi var.
Təbii ki, illərdir heç bir nöqtəyə təmas etməməyimiz və olayı yalnız tarixdə göz yaşları dolu hadisələrlə oxumağımız bizi Rusiya məsələsində ciddi narahatlıq hiss etməyə sövq edib.
Rusiyanın da bizələrə – Osmanlıya, türklərə yanaşmasında eynilə bizdəki kimi mənfi notlar çoxdur. İndi irəliyə baxmaq və yeni 100 ilin rəngini təyin etmək dönəmindəyik.
Bizi israrla ruslarla qarşıdurma nöqtəsinə sövq edən qüvvənin daim aktiv olduğunu unutmamalıyıq. Rusiya ilə bağlı yaxşı araşdırmalar aparmağımız vacibdir. Rusiya bizimlə bağlı ən müxtəlif mövzularda araşdırmalar, türkologiya sahəsində detallı təhlillər aparıb. Ərdoğan-Putin münasibətləri bu dərin təhlil qabiliyyətini tanıtmaq üçün yaxşı bir fürsətdir.
İstifadə olunan dil və üslub diqqətlə araşdırılmalıdır. Məsələyə sırf praqmatik mövqedən baxmaq şərtdir. Yeni Türkiyə-Rusiya münasibətləri xəttini möhkəmləndirmək bütün tərəflər üçün önəmlidir.
Rusiya məsələsinə bazar, iqtisadi tərəfdaş, qonşu, qarşılıqlı maraqlar baxımından baxanda əlbəttə ki, sosioloji əsasda münasibətlər şəbəkəsinin də qurulması, daimiliyi təmin olunur. Təbii ki, əgər Türkiyənin Orta Asiya, Türküstan, Qafqaz və Tatarıstan kimi, əlaqələr və bağlılıqlar fəlsəfəsi hələ də keçərlidirsə.
Təkrarən onu demək istəyirəm ki, özümüzünkü saydığımız böyük coğrafiyanın tamamına iddia ediriksə, Rusiya ilə orta və uzunmüddətli perspektivdə münasibət qurmaq məcburiyyətindəyik.
Bəli, şəhidlərimiz ciyərimizi yandırdı! Bunun sözlə ifadə etmək çox çətindir. Prezident Ərdoğanın Moskvaya səfərinin təşkilində, həmçinin Putinin üzrxahlığı xatırladan “Orada türk əsgərlərinin olduğunu bilmirdik” ifadəsində əks olunan xəcaləti yaxşı görməliyik.
Hadisədən sonra bir yazımda qeyd etmişdim ki, Putinin başsağlığı verib-verməməsi münasibətlərin bundan sonrakı rəngini müəyyən edəcək. Putin başsağlığı versə, məlum olacaq ki, münasibətləri pozmaq istəmir və susqunluğunun əsas səbəblərindən biri “necə qarşılaşacağıq” sualına cavabının olmasıdır. Putin anlaşmaq məcburiyyətindədir.
Əsədə görə Ərdoğanı qarşısına almayacaq qədər də məlumatlıdır. Lakin buna son ana qədər çalışacaqlar! Bu ölüm-qalım mübarizəsidir. Bu həm də Rusiyanın var olmaq məsələsidir. Bir daha təkrarlayaq ki, Aralıq dənizində olmaq Qara dənizə uzanan Amerika siyasətinə maneədir.
Gələcəyi ziyan olmuş bir Türkiyə ilə razılaşma Putinin də ən az ABŞ qədər xəyalıdir. Lakin Türk əsgərinin meydandakı bacarığını bir daha görmüş oldular.
Moskvada anlaşa bilməyimizin arxasındakı ən vacib məqam hərbi uğurlarımızdır. Ərdoğan amilini, cəsarətini, zəkası və strategiya hazırlamaq bacarığını da xatırlamaqda fayda var.
Bəs, bu münasibətlər hara qədər davam edər? Gedəcəyi yerə qədər davam etdirmək vacibdir. Qarşılıqlı inamsızlıq, dərin hadisələrlə zəngin bir tarix hər şeyi silib yenidən başlamağa imkan vermir. Lakin bir məsələ aydındır. Rusiya ilə ortaq nöqtələr fikir ayrılığı qədər təsirlidir. Gələcəkdə Suriyanı federativ bir quruluşa çevirmə modeli ortaya çıxsa, “ah, bu vəfasızlar” deməmək üçün etmək istədikləri ilə edə biləcəklərini fərqləndirməliyik.
Rusiya Suriyanın ərazi bötövlüyü təmin edilməklə muxtar bölgələrdən ibarət olmasına əvvəldən isti yanaşır. Dolayısıyla, sabah qarşımıza kürdlərə muxtar bölgə təklifi çıxarsa, təəccüblənməməliyik. Əksinə, həmin an arqumentlərimizin hansının işləyəcəyinə diqqət yetirməliyik.
İsraili öz yanında saxlayan Rusiyanın niyyətini, İslam coğrafiyası üçün hansı gələcəyi xəyal etdiyini düzgün oxumalı və gələcəyə uyğun “alətlər” istehsal etməliyik.
Uzun sözün qısası, orta və uzun vədədə hərəkət mexanizmini yaratmaq Rusiya-Türkiyə baxımından hayati önəm daşıyır.
Bundan başqa, Putin-Ərdoğan münasibətlərindən istifadə edərək Rusiyada əlaqələr şəbəkəsini daha geniş səviyyədə yaymaq lazımdır. Orta və uzunmüddətli perspektivdə münasibətlər anlayışı bu şəbəkənin yayılmasını tələb edir. Bunu bacarsaq, yeni siyasi viruslu təhriklər qarşısında siyasi antivirus yaratmaqda gecikməyəcəyik.
Tərcümə Strateq.az-ındır
Mətnin orijinalı bu linkdə:
https://www.star.com.tr/yazar/rusya-ile-nereye-kadar-gidebiliriz-yazi-1521270/?fbclid=IwAR2J5MFkneprdROSuHZqCPJckfvcOHh2rvZAKFTltIUXsYZBvx1gwmr2Rew
Paylaş: