Xəbər lenti

 

“Korrupsiya və rüşvətxorluq dövlət təhlükəsizliyi məsələsidir”.​ ​

Ovqat.com xəbər verir ki, tanınmış iqtisadçı ekspert Elçin Qurbanovun redaksiyamıza göndərdiyi, DTX-nin son zamanlar apardığı əməliyyatları şərh edən məqaləsində belə yazılır.

Müəllifin fikrincə, DTX-nın indiki rəhbərliyi bu dövlət strukturun fəaliyyətində ciddi dönüş yaradıb:  “Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edən,​ aşkar​ rüşvət toplamaqdan çəkinməyən keçmiş MTN-nin rəhbərliyi​ bu qurumu ​ quldur yuvasına çevirmişdi. Keçmiş Vergilər Nazirliyinin yüksək rütbəli əməkdaşları​ ilə ​ cinayət ​ əlaqəsinə girən MTN-nin dırnaqarası generalları o qədər harınlamışdılar ki, cəmiyyətdə nüfuzlu insanların belə maliyyə təsərrüfat​ sisteminə müdaxilə etməkdən ​ çəkinmirdilər. Ağılasığmaz dərəcədə​ özbaşnalıq​ dövrü ​ MTN-nin varlığının sonuncu boz tarixi oldu. Belə mütəşəkkil cinayətlərdə iştirak edən qurumun xalqın yaddaşından silinməsi üçün bütövlükdə orqan olaraq ləğv edildi və bu, vaxtında atılmış mükəmməl addım oldu. İndiki rəhbərlik isə son zamanlar həyata keçirdiyi bir sıra əməliyyatlarla korrupsiya və rüşvətxorluğa qarşı amansız olacağını ortaya qoyur”.

Bununla belə, rüşvətxorluq və korrupsiya əməlləri ilə məşğul olan pozğun zehniyyətin demək olar ki, əksər dövlət orqanlarında mövcudluğunu davam etdirdiyini deyən ekspert DTX-nın qarşısında hələ ciddi sınaqların dayandığını vurğulayıb: “Çağırışlar, xəbərdarlıqlar ​hələ də qulaq ardına vurulur. Dövlətin nəinki daxilində, eləcə də beynəlxalq imicinə sarsıdıcı zərbə vuran​ korrupsiya və rüşvətlə mübarizəni daha da genişləndirmək,​ xüsusilə də hüquq mühafizə orqanlarında həyata keçirmək, hesab edirəm ki, günün ən vacib tələblərindəndir. ​Küçələrdə meyvə-tərəvəz satan insanların arxasına düşüb pul istəyən post patrul xidmətinin əməkdaşlarının, zərərçəkmişdən belə rüşvət tələb edən təhqiqatçıların, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, cərimə və maliyyə sanksiyası ilə hədələyib sahibkarların cibinə girən vergi orqanlarının bəzi yaramaz əməkdaşlarının, yarıtmaz gömrük əməkdaşlarının anoloji mahiyyətli fəaliyyəti hər bir vətəndaşa yaxşı məlumdur. Bütün bu iyrəncliklər, mənəvi deqradasiyaya uğramış ünsürlər xalqımızın üz qarası, dövlətçiliyimiz üçün ləkədir. Cəmiyyətdə rüşvət və korrupsiya sanki bioloji orqanizmin metastaz vəziyyəti və fiziki ölümün yaxın olduğu təsəvvürünü yaradır. Bu mərəzlə bir ümumilli məsələ olaraq vicdan naminə, vətən naminə mübarizə aparmaq lazımdır. ​Özü də ən amansız şəkildə.​ Milli mənsubiyyətindən aslı olmayaraq istənilən korrupsioner​ və rüşvətxor antimilli ünsürdür. Onlara heç bir güzəşt olmamalıdır”. ​

 

​ Son vaxtlar ​ korrupsiya ilə mübarizə sahəsində Dövlət Təhlükəsizliyi ​ Xidmətinin fəaliyyətinin yeni yaradılmış quruma inamın və etibarın dövlətçilik fonunda təcəssüm etməsinə səbəb olduğunu bildirən ekspertin fikrincə, əslində bu korrupsiya və rüşvətlə mübarizə sahəsində yeni nəfəs, yeni dövlətçi təfəkkürün, vətənə sədaqət və sevginin təzahürüdür: “Əlbəttə bütün bunlar hamını sevindirir. Yüksək çinli məmurların tutulub saxlanması və cinayət məsuliyyətinə cəlb edilməsi bu antimilli ünsürlərlə mübarizə əhval-ruhiyyəsində ictimai dəstəyin də yaranmasına səbəb olur. Amma bu sahədə hələ görülməli işlər ​ həddindən artıq çoxdur. Ya qanunvericilikdə və kadr siyasətində operativ və təxirəsalınmaz tədbirlər görülməli, ya da illərlə köklü nəticələr yarada bilməyən mübarizə aparılmalıdır.

Qeyd etmək lazımdır ki, DTX-nin yuridiksiyasının başlıca məramı və hədəfi İnsan, cəmiyyət və dövlətdir. Onların təhlükəsizliyinin təmin edilməsidir. Siyasi , ictimai, sosial, iqtisadi sahədə, fərdi müstəvidə isə ​ fiziki və mənəvi təhlükəsizlik məsələsidir”.




Ana səhifəyə qayıt        Baxış: 3 851          Tarix: 16-03-2020, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma