Xəbər lenti


DƏRDİNDƏN ÖLDÜYÜM BİR QADIN OLUB...

Baxma ki, ən çətin oxunan kitab,
Ən çətin çözülən sir qadın olub...
 Adına həmişə and içiləsi,
 Ən təmiz, ən qutsal yer qadın olub...

Qadın təbəssümü, qadın gülüşü,
Tanrının ən gözəl rəsmi, əl işi.
Adəmdi bəlkə də ən azad kişi,
 Həvva da ən azad, hür qadın olub...

Gəlmişəm, gələsi bu dağılmışa
Nə ürək yaxıb, nə könül qırmışam.
Sevib ətəyində namaz qılmışam,
 Olub da bir ocaq, pir qadın olub...

Gəlsin Tanrı haqqı gözümdən desəm
Nəyi kəsir desəm, nəyi kəm desəm...
Kimsə inanmasın sevirəm desəm,
 Dərdindən öldüyüm bir qadın olub...

DÜŞMÜŞƏM

Dünya, bir vaxt xoş xəbərin olmuşam,
Bir vaxt sənin xoş vaxtına düşmüşəm.
 Doğulmuşam, Baş xəbərin olmuşam,
 Lap yuxarı, baş vaxtına düşmüşəm...

Üç bacıya qardaş olub bir də bir,
Gəzməmişəm ürəkdə bir, dildə bir.
Orucunu qarşılayıb ildə bir,
 Namazının beş vaxtına düşmüşəm...

Göylərində qanad çalan quşam mən,
Öz könlümə ağam mənəm, paşam mən.
Sorma nədən faniyəm mən, boşam mən,
 Yaradanın boş vaxtına düşmüşəm...

Sayıb adam, bəndə, məni sevərdin,
Lap salardın bəndə məni, sevərdin.
Bilirəm ki, sən də məni sevərdin,
 Ürəyinin daş vaxtına düşmüşəm...

AD GÜNÜMƏ

Yaş gəldi yaşımın üstə,
Qocaltdı bir il də məni.
 Bu vaxt, bu zaman deyilən,
 Tanıyır, bilir də məni.

Bu baxt da lap haqq eləyib,
Özünə tac-taxt eləyib.
Gör necə xoşbəxt eləyib,
 Günlərin birində məni?..

Bu nə dərddi, bu nə bəla,
Ağlımı başımdan alan
Öz gözümdən sala-sala,
 Böyüdə, irildə məni...

Kaş çata əlim, göndərə,
Yalvara dilim, göndərə.
Tanrı bir ölüm göndərə,
 Gəlib də dirildə məni...

HAQQ DA HƏMİN HAQQDI...

Bu düzlüklər, bu qürurlar,
Bu nə künc, bucaqdı, adam?..
Dərddən beləmi qururlar,
 Tacı, adam, taxtı, adam?..

Bu göy, bu da yer tərəfin,
Bu aşkar, bu sirr tərəfin.
Yenə də dörd bir tərəfin,
 Tələdi, duzaqdı, adam...

Həmin pərən-pərən yurddu,
Gün yandırdı, yel qurutdu.
Bu da həmin tənha qurddu,
 Həmin yalquzaqdı, adam...

Veriləsi aman qısa,
Vaxt qısadı, zaman qısa.
Ömürlər nə yaman qısa,
 Yollar nə uzaqdı, adam?..

Baxtlı gəlib baxtsız çıxır,
Arxasız, dayaqsız çıxır.
Sonda yenə haqsız çıxır,
 Haqq da həmin haqqdı, adam...

          NEYNIM...

Vaxtsız qonaq kimi döyür qapımı,
Bu əcəl deyilən qonağı neynim?..
Ölüm nəmənədi, bir içim sudu,
 Bu boyda tənəni, qınağı neynim?..

Göz döyüb qoyun tək qurdun içində,
Yad olub dos-doğma yurdun içində.
Yaşayıb bu boyda dərdin içində,
 Seyr edim bu kefi-damağı, neynim?..

Nə gözüm, nə də ki, əllərim iti,
Nə də ötəsidi dillərim iti.
Hələ də dostumsa ellərin iti,
 Neynim, əlimdəki çomağı, neynim?..

Əl atsam künclərin, tinlərin altdan,
Gör nələr çıxacaq dünlərin altdan?..
Bu bərli-bəzəkli günlərin altdan,
 Görünən cındırı, yamağı neynim?..

Bir addım qalmışdı Sənə,bir addım,
Tanrım, gör nə boyda çəkib uzatdım...
Çarəsiz döndüyüm gecəni yatdım,
 Ümidsiz qalxdığım sabahı neynim?..

GƏL, QOYMA BİR KİMSƏ GÖLÜNÜ TUTA

Bu adam bitirir özü-özünü,
Bu adam qoymayıb canında tutar.
 Sən gedən yollara dikib gözünü,
 Əldə çiçəyini, gülünü tutar...

Qızına bilmədi bir gün istində,
Bilirsən, hələ də kordu tüstündə.
Xəyal olsa belə əsər üstündə,
 Sağını kəsdirər, solunu tutar...

Gecində tapmışdı, gecində səni,
Neçin də unutsun, neçin də səni?
Elə gizlədib ki içində səni,
 Tutsa da qar-boran çölünü tutar.

Hazırdı çəkilə dara darınnan,
Of deməz, asılar baxışlarınnan.
Adına göl tutub göz yaşlarınnan
 Gəl, qoyma bir kimsə gölünü tuta...

YERİNDƏ DAYANIB, DURURMU DÜNYA...

Yerində dayanıb, dururmu dünya,
Sən niyə dayanıb, niyə durasan?..
 Bir gün də olmaya sənin bu dünya,
 Sən ona bir ömür yiyə durasan..

Vaxt, zaman dayana qəsdinə, gələ,
Baxmaya boyuna, şəstinə, gələ.
Dərdlər qoşun çəkib üstünə gələ,
 Cibində bir paslı tiyə durasan...

Bişəsən odunun, közünün üstdə,
Tutasan özünü gözünün üstdə.
Söz vermisən deyə, sözünün üstdə
 Dönəsən bir quru bəyə, durasan...

Yüz suçun ola, bir bağış düşməyə,
Üzünə bir qutsal baxış düşməyə.
Başına bir damcı yağış düşməyə,
 Ha açıb əlini göyə durasan...

Xəzana çevrilə gülün deyilən,
Lap ərşə dayana zülüm deyilən.
Ayrılıq deyilən-ölüm deyilən
 Bir sabah qapını döyə, durasan...

          QOYMARAM

Ya qismət,bir daha düşə, düşməyə,
Bir də belə fürsət ələ, qoymaram.
 Qoymaram bu ömrü sənsiz keçməyə,
 Qoymaram, bu ömrü belə qoymaram...

Çəkib çıxardaram içindən yasın,
Silinər, pozular alnında yazın.
Tək sənsən başımın dadlı bəlası,
 Gəlməyə bir özgə bəla qoymaram...

Pozular dünyanın düzümü sənsiz,
Bilmərəm bir gün də özümü sənsiz.
Büküb ağ kəfənə üzümü sənsiz,
 Sevinə, şadlana, gülə, qoymaram...

Yandırıb çıxarram külümü, gülüm,
Soldurmam əlimdə gülümü, gülüm.
Ayrılıq deyilən ölümü gülüm,
 Bir az da yaxına gələ qoymaram...

Salmaram çətinə seçimdə səni,
Tək qoymam bu gözəl biçimdə səni.
Ölüb apararam içimdə səni,
 Qala,kimlərəsə qala,qoymaram...

GÖZ YAŞLARIM KİMİYDİN...

Nədən Tanrıdan gələn
Buta bilmədim səni?
 Saydım bir dadlı bəla,
 Xəta, bilmədim səni...

Bu nə bəxtdi, qədərdi,
Nə becərdim, nə dərdim...
Vəsf eləyib döndərdim
 Bütə, bilmədim səni...

Səhvəm bilirdim nədə,
Öldüm, dirildim nədə...
Nə qala bildim, nə də
 Ötə bilmədim səni...

Bircəmdin, təkimiydin,
Qəlbimə hakimiydin.
Göz yaşlarım kimiydin,
 Tuta bilmədim səni...

QƏLƏMİ SINDIRIBLAR...

Görəsən hər sınanı,
Beləmi sındırıblar;
 Sayıb könlüpaşanı
 Köləmi, sındırıblar?..

Bu da bir cür peşəmi,
Bağ-bağçamı, meşəmi.
Kol üstdə bənövşəmi,
 Laləmi sındırıblar..

Başa çəkiblər bütü,
Ardan, abırdan lütü.
Təkləyiblər hər cütü,
 Hər cəmi sındırıblar..

Əvvəl biri sındırıb,
Sonra mini sındırıb.
Alimini sındırıb,
 Aləmi sındırıblar...

Gəlmir üzüm, dur gedək,
Doğrum, düzüm, dur gedək.
Sən də sözüm, dur gedək,
 Qələmi sındırıblar...


Ana səhifəyə qayıt        Baxış: 1 121          Tarix: 9-04-2020, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma