Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
Sabir Rüstəmxanlı: “Əbülfəz Elçibəy üzdə az görünürdü, az çıxış edirdi, hətta nümayiş komitəsi yaratmışdıq, orada birinci adam deyildi”
1987-88-ci illərdə Azərbaycanda başlamış xalq hərəkatı dalğasında Azərbaycan Xalq Cəbhəsi (AXC) yaradıldı. 1989-cu ilin iyulunda isə rəsmi təsis konfransı keçirən və xalq arasında AXC kimi tanınan qurum həmin dövrün ziyalılarını, ictimai fəallarını birləşdirirdi.1988-ci ilin əvvəlində etirazçı dərnək kimi Qarabağın müdafiə edilməsi uğrunda fəaliyyətə başlayan, 1988-ci ilin noyabrında möhtəşəm xalq hərəkatına rəhbərlik edən gənc siyasət adamları 1989-cu ildə hədəfi, strukturu, lideri bəlli olan bir təşkilat qurdular. Lakin maraqlıdır ki, yeni meydana çıxdığı dövrdə ona liderliyi Əbülfəz Elçibəy etmirdi. AXC-nin bir lideri yox idi. Meydan hərəkatı yeni başlayanda tribunada çıxış edən, meydanı idarə eləyən ziyalılar Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlu, Ənvər Əliyev, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu və digərləri, həmçinin fəhlə sinfinin təmsilçisi Nemət Pənahlı daha çox Xalq Cəbhəsinin liderləri kimi görünürdülər, nəinki o vaxt xalqın Əbülfəz Elçibəy olaraq tanımadığı Əbülfəz Əliyev.
Ancaq 1989-cu ildə keçirilən təsis konfransında Əbülfəz Elçibəy faktoru meydana gəldi və AXC-nin sədri məhz Əbülfəz Elçibəy oldu. Bəs 1988-ci il mitinqlərində geniş kütlənin tanımadığı Əbülfəz Əliyev (Elçibəy) 1989-cu ildə necə AXC sədri seçildi, xalq hərəkatının lideri oldu?
Xalq hərəkatının və Xalq Cəbhəsinin liderlərindən olan, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında artıq 1988-ci ilin fevralından mitinqlərin başladığını yada saldı: “Ermənilərin torpaq iddialarına qarşı tələbələrin etiraz mitinqi başlandı və sonra bu proses bütün il boyu davam etdi. 1988-ci ilin noyabr-dekabr aylarında 18 gün ardıcıl davam eləyən meydan hərəkatı ilə nəticələndi. Həmin günlərdə Əbülfəz Elçibəy meydanda bir dəfə çıxış eləmişdi. Aparıcı kimi mən Əbülfəz bəyə çıxış üçün söz vermişdim. Hazırda o çıxışı internetin imkanlarından da istifadə edib dinləmək mümkündür. O mitinq televiziya ilə translyasiya olunurdu. Ondan əvvəlki vaxtlarda da Əbülfəz Elçibəy üzdə az görünürdü, az çıxış edirdi. Hətta nümayiş komitəsi yaratmışdıq, orada birinci adam deyildi, meydanda da birinci adam deyildi. Amma Elçibəy hər halda var idi, arxa cəbhədə var idi, tələbələrin və fəalların arasında var idi, ”Varlıq" adlı dərnəyimizdə, “Çənlibel” təşkilatında Elçibəy fəal iştirak edirdi. Bundan əlavə, Əbülfəz Elçibəyin Bakı Dövlət Universitetindəki fəaliyyəti və həbs olunması ona gənclərin, tələbələrin arasında xüsusi hörmət qazandırmışdı. Elçibəyin özünün xarizması, çevrəsindəki nüfuzu, ziyalılar arasında nüfuzu, əlbəttə, meydana çıxıb alovlu çıxışlar eləməsə də, onu hərəkatın ön mövqelərindən birində saxlayırdı. Yəni Elçibəy haqda “Ümumiyyətlə yox idi, meydanda, mübarizədə görünmürdü” demək olmaz".
S.Rüstəmxanlı xatırladı ki, hərbi xidmətdə olduğundan Əbülfəz Elçibəylə 1970-ci illərdə fəaliyyətinə görə həbs olunduğu zamanlarda tanış olmaq imkanı olmayıb: “Ancaq sonra mənim ”Qan yaddaşı" kitabım çap olunandan sonra Əbülfəz bəy mənimlə bir yerdə Yazıçı Nəşriyyatında işləyən Rüstəm Behrudi ilə birgə bizim iş yerimizə gəlmişdi. Bizimlə xüsusi olaraq tanış olmaq üçün təşrif buyurmuşdu. O zamandan onunla şəxsən tanış olduq və tez-tez görüşürdük. O vaxtlar “Araz” kinoteatrının yanında çayxana var idi, orada Elçibəylə tez-tez görüşürdük. Bütün milli məsələlər barədə danışırdı. Yəni o zamandan mən onun bütün fikrini, azadlıq duyğularını bilirdim. Amma hansısa səbəblərdən 1988-ci il mitinqlərində öndə görünmürdü. Mən bilmirdim nədən belə idi. Həm də o vaxt qeyri-müəyyənlik var idi. Bilinmirdi ki, hadisələr nə ilə qurtaracaq. O vaxt mən zarafatla dedim ki, bu gündən kəfənim boğazımdadır, gedirəm meydana. Nemət Pənahlı da orada idi və onu camaat təzə-təzə tanıyırdı. Sonra gəldik meydana. Nədənsə o vaxt ziyalıların bir çoxu hələ meydanda çıxış eləməyə meyil göstərmirdilər. Amma elə ki, meydan dağıldı, həbslər oldu və həbs olunanlar haqqında belə təsəvvür yarandı ki, onlar qəhrəmanlardır, ona görə həbs olunublar, bundan sonra yavaş-yavaş prosesə çoxsaylı ziyalıların qoşulması müşahidə olundu, Xalq Cəbhəsinin təşəbbüs qrupu yarandı və onun təşkilatlanması ilə məşğul olduq. O vaxt da həmin qrupda Elçibəy tam ortada deyildi, amma arxada hər halda var idi.
Sonra 1989-cu ilin yayında Xalq Cəbhəsinin təsis konfransı oldu. Təsis konfransında Xalq Cəbhəsinin sədrliyinə Yusif Səmədoğlu və digər namizədlər var idi. Amma görünür Əbülfəz Elçibəyin tərəfdarları daha çox oldu və o, sədr seçildi. Yəni bu sədr seçkisi oraya yığışan məhdud sayda insanların rəyi ilə keçirilirdi. Həmin insanların da sırasında Elçibəyi istəyənlər çox idi. Ona görə də başqa namizədlər deyil, Əbülfəz Elçibəy sədr seçildi. İlk İdarə Heyətində də Elçibəyin tərəfdarları çox idilər".
S.Rüstəmxanlı sonda onu da dedi ki, Xalq Cəbhəsinin sədri seçilmək istəyi olmayıb: “Mən daha çox mətbuatla işləmək istəyirdim. İkincisi, meydanda mən önə çıxmışdım və 18 gün meydanı idarə eləmişəm, yanımda Nemət də var idi. Meydanda xalqın bizə hörməti o qədər uca zirvəyə çatmışdı ki, sonradan Xalq Cəbhəsinin İdarə Heyətinə düşən adamların bir hissəsi qısqanclıq, paxıllıq etdilər, mənim haqqımda şayiələr yaymağa başladılar ki, mən İdarə Heyətindən və ümumiyyətlə Xalq Cəbhəsindən könüllü surətdə uzaqlaşdım”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar