Xəbər lenti


Srağagün - iyulun 17-də Minskdə Avrasiya İqtisadi Birliyi Hökumətlərarası Şurasının iclası keçirilib. Maraqlıdır ki, Azərbaycanla münaqişənin kəskinləşməsinə və işğalçı ölkədə koronovirusla bağlı vəziyyətin pisləşməsinə baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan da Belarusun paytaxtına gedərək tədbirə qatılıb.
Rusiyanın Gazeta.ru nəşri bu xüsusda məntiqli olaraq soruşur: “Niyə ölkəsi üçün belə kritik məqamda Paşinyan Minskə uçmağı zəruri sayıb?”
Qəzetin yazdığına görə, Paşinyanın Minskə səfəri bir çox müşahidəçilər üçün də gözlənilməz olub. Axı ötən ayın sonunda o, Moskvada mayın 9-dan təxirə salınmış Qələbə paradı üçün Rusiya paytaxtına uçmaqdan imtina etmişdi və bunun səbəbi kimi də ölkədə COVID-19 -la bağlı çətin vəziyyəti göstərmişdi. Ancaq o vaxtdan Ermənistanda koronovirusla bağlı situasiya yaxşılaşmaq əvəzinə, daha da pisləşib.
“Ermənistanda karantin avqustun ortalarına qədər uzadılıb. Eləcə də Azərbaycanla sərhəddə açıq münaqişə ali baş komandan kimi Paşinyanı ölkədə saxlamalı idi. Lakin o, Minskə getdi. Belə bir məntiqsiz addım, çox güman onunla əlaqədardır ki, Paşinyan Avrasiya Hökumətlərarası Şurasının fonunda Azərbaycanla toqquşma məsələsində Moskvanın daha fəal mövqe tutmasına nail olmaq istəyib”, – deyə, məqalədə qeyd olunur.
Müəllifərə görə, Ermənistan baş nazirinin Belarus paytaxtında tutduğu mövqe Nikol Paşinyan üçün kifayət qədər vərdişkar yanaşma sayıla bilər:

“Biz primitiv manevrlərdən danışırıq. Bir tərəfdən, Ermənistanın baş naziri Bakı ilə vəziyyətin dinc yolla tənzimlənməsinin zəruriliyindən danışdı, digər tərəfdən də o, ikitərəfli görüşlər çərçivəsində təmasda olduğu hər kəsə İrəvanın insident barədə öz “həqiqəti”ni çatdırdı. Müşahidəçilər güman edirlər ki, Ermənistanın baş nazirinin iyunun 24-də Moskvada keçiriləcək Qələbə Paradına uçmaqdan kobud şəkildə imtinası onun Rusiyan üçün prioritet olan Avrasiya inteqrasiyasının yerində saydığını əyani göstərmək cəhdi kimi qəbul olunur.
İndi isə Ermənistan baş nazirinin yeni “sürprizi” var: Moskvanı Azərbaycanla münaqişəyə sürükləmək. Paşinyan KTMT-nin Ermənistanı müdafiə etmək barədə razılaşmanın olması üzərində çox primitiv şəkildə oynayır və Rusiya və KTMT-nin İrəvanın şərtləri əsasında “tərəfləri aralamaq”dan imtina etməsi – hansını ki, Paşinyan çox arzu edirdi - əlbəttə ki, özündə KTMT-nin yarıtmazlığını əyani şəkildə nümayişi təhlükəsi daşıyırdı. Moskva aydın məsələdir ki, bundan qaçmaq istəyəcəkdi”.
Məqalədə daha sonra Ermənistan rəhbərinin özünün lap əvvəldən KTMT-yə neqativ münasibətdə olması xatırlanır:

“Belə ki, müxalifətdə olanda o, Ermənistanın blokdan çıxmasını tələb edirdi. Hakimiyyətə gəldikdən sonra isə Paşinyan KTMT-ni erməni əsilli baş katibi Yuri Xaçaturovu həbsə göndərdi ki, onunla hansısa haqq-hesab çəksin. Ardınca İrəvan Ermənistan uzun müddət təşkilata yeni rəhbər seçkisi prosesini ləngitdi. Ancaq bütün bu addımlara daha geniş kontekstdə baxılmalıdır.
Yaxşı məlumdur ki, Paşinyan ABŞ-ın dəstəklədiyi etirazlar dalğasında hakimiyyətə gəlib. Ona görə də o, dəfələrlə yazıldığı kimi, Soros Fondu ilə əlaqəli olan silahdaşlarını öz komandasına yığdı. Məsələn, söhbət “Transparency International” təşkilatının seçki proqramlarının keçmiş koordinatoru, Milli Təhlükəsizlik Şurasının hazırkı rəhbəri Armen Qriqoryandan, Dövlət Təhlükəsizlik Xidmətinin hazırkı rəhbəri, məşhur amerikalı Raffi Ovanisyanın başçılıq etdiyi qərbyönümlü “İrs” partiyasının keçmiş funksioneri David Sanasaryandan gedir. O, Ovanisyan ki, Rusiya səfirliyini yumurta atəşinə tutmuşdu. Nəhayət, parlamentdəki yeganə Rusiyapərəst partiya olan “Çiçəklənən Ermənistan”a qarşı repressiyaları qeyd etmək lazım gəlir. Hazırda onun lideri Qagik Tsarukyanın adı eyni vaxtda üç cinayət işində keçir”.
Bu yerdə Gazeta.ru “Russia Today”in baş redaktoru Marqarita Simonyanın İrəvanın Rusiyanın köməyi qarşısında nankorluğuna görə Ermənistan hakimiyyətini kəskin şəkildə tənqid etməsini yada salıb:

Marqarita Simonyan
“Simonyan yazmışdı: “Rusiyadan gördüyünüz uzunmüddətli yaxşılıq və müdafiəyə cavab olaraq, siz Krımı tanımadınız ... Siz ölkəni anti-Rusiya QHT-ləri ilə doldurmusunuz – hansı QHT-lərdə ki, ərazinizdə gənclərə Rusiyada hökuməti necə devirmək öyrədilir. Siz Qafqazda anti-Rusiya qüvvələri üçün plasdarm oldunuz”.
Hətta Moskva rəsmi səviyyədə buna reaksiya verməsə də, çətin ki, Paşinyan yuxarıda göstərilənlərin hamısının unudulmasına gülünc şəkildə ümid edib, Putinlə qrafikdən kənar görüşə nail olsun. O vaxt Paşinyan həmin dövr baş nazir olan Dmitri Medvedyev tərəfindən tələsik qəbul edilmişdi (Qurumun ötən ilki Sankt-Peterburq toplantısı nəzərdə tutulur - red). Beləcə, Ermənistan baş nazirinin Moskvanın 100%-lik dəstəyinə inanması üçün heç bir əsas qalmır. Ermənistan-Azərbaycan qarşıdurmasında Kreml, prinsipial olaraq, eyni uzaqlıqda durmaq mövqeyini saxlayır. Bundan əlavə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2019-cu ildə bəyan eləmişdi ki, Moskva ilə Bakı arasındakı münasibətlər “strateji tərəfdaşlıq” təməlinə söykənir”.
Siyasət şöbəsi,
Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 704          Tarix: 19-07-2020, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma