Xəbər lenti


Son 15 gündə bir telejurnalist qadın Ermənistanda, digəri Azərbaycanda siyasi gündəmin ən çox müzakirə olunan şəxsləri oldu.
Onların hər ikisi ölkə xaricində yaşayır – Marqarita Simonovna Simonyan Rusiyada, Sevinc Osman qızı Mirzəyeva – ABŞ-da.
Qadın telejurnalistlərin hər ikisini dilə gətirən və nəticədə özlərini dilə-dişə salan səbəb Tovuz rayonuyla Tavuş rayonunun sərhədində baş verən mini-müharibəydi.

Düzdür, ona qədər Simonqızı da, Osmanqızı da, demək olar ki, hər gün barələrində söz etdirirdilər, amma heç biri bu qədər kütləviliklə müzakirə olunmurdu.

Marqarita ara-sıra Paşinyanın bostanına daş atırdı və ona Ermənistan siyasi elitasında dözürdülər. Seivincin Azərbaycan rəhbərliyinin ünvanına söylədiyi tənqidlərə isə “Real TV”-də cavab verirdilər.

Ancaq mini-müharibə ilə bağlı iki dövlətin arasında gərginləşən münasibət bu iki telejurnalist xanımın ortaya çıxıb daha acı sözlər danışmasına səbəb oldu.


Simonqızı Rusiyadan üz döndərmək xətti yeridərək, Qərbə meyllənən Paşinyanı, onun “yeni pənah səcdəgahı” kimi Qərbi görən komandasını hədəfə aldı, onları Rusiyaya dönük çıxmaqda qınadı.

Osmanqızı isə səfirlikləri xaricdə yaşayan azərbaycanlıları qızışdırıb aksiyaya çıxarmaqda, hakimiyyətin 50 nəfəri 5 min nəfərlik erməni ləşkərinin önünə çıxarıb döydürməkdə suşladı.

Simonqızı Paşinyanı ifşa edərkən hədəfi o idi ki, onu valsa dəvət edib qulağına “Rusiyanı burax, mənim yanıma gəl” deyən ABŞ-dan qoparsın. Jurnalistin Kremlin sözçüsü olduğu şübhə doğurmadığından bu de-marş Moskvanın İrəvana mesajı kimi yozuldu.

Osmanqızını Azərbaycan hakimiyyətini mühacirlərlə bağlı manipulyasiya etməkdə, etmənilərə qarşı təxribat törətməkdə suçlamasının sifarişçisi dəqiqliyi ilə bilinmədi və güman ABŞ-dakı güclü erməni diasporuna getdi.

İstər Ermənistanda, istərsə də Azərbaycanda hər iki jurnalist qadının çıxışından ciddi narazılıq əmələ gəldi, onlara qarşı əks-hücumlar başlandı.

Ermənilər Simonqızını “Azərbaycanın dəyirmanına su tökməkdə” ittiham etdilər. Bəzi politiloqlar ona soyadını “Simonyan”dan “Simonoğlu”ya çevirməyi təklif etdi, guya ki, o Paşinyana qarşı çıxış etməklə Azərbaycanpərəst olduğunu təsdiq edib.
Bizdə Sevincə ata soyadını “Mirzəyeva”dan “Mirzoyan”a dəyişdirməyi təklif edən olmadı, ancaq ona qarşı tənqidi fikirlər daha şiddətli idi.

Əgər Simonyana qarşı fikir bildirənlər arasında əsasən Paşinyanın adamları idisə, Mirzəyevaya qarşı tənqidi fikir bildirənlər arasında partiyasız fəallar, adi vətənpərvərlər hakimiyyət adamlarından çox idi.


Bu disbalansın əsas səbəbi o idi ki, Simonqızı ata vətəninin siyasi elitasına qarşı çıxış edərkən, malı qala qatmamışdı, ermənilərin sərhəddə təxribat törətməsindən, hansısa şəhərdə azərbaycanlıları təxribata çəkməsindən danışmamışdı, onları Xocalıda, Qukarxda kütləvi qırğınlar törətməkdə, Azərbaycan ərazisinin 20 faizini işğal etməkdə suçlamamışdı, eləcə “Sizi qoruyan Rusiyaya nankorluq etməyin” demişdi.

Osmanqızı isə Los-Ancelesdə həmvətənlərimizin döyülməsinin günahını döyülənlərdə və onları ora çağıranlarda gördü, həmvətənlərimizi xarici ölkələrdə aksiya keçirməməyə çağırdı, baş verənlərə görə Azərbaycan tərəfini təqsirli saydı, SSRİ dövründə baş verən Sumqayıt hadisələrinin təqsirini o dövrün dövlətinin, hakimiyyətinin yox, indiki Azərbaycan dövlətinin üstünə yıxdı, 20 Yanvar qırğınının əsas səbəbinin yanvarın 13-də Bakıda ermənilərə qarşı edilən hərəkətlər olduğunu bildirdi və sair və ilaxır.

Fərq bundaydı. Marqarita öz xalqının üzərinə toz qondurmadan, siyasi hakimiyyəti “vururdusa”, Sevinc hakimiyyəti xalqa, xalqı dövlətə, dövləti hakimiyyətə qarışdırıb, hamısını suçlu çıxardı.

Simonqızının çıxışlarında bizim dəyirmana tökmək üçün bir vedrə su yox idisə, Osmanqızının çıxışlarında erməni dəyirmanını 50 il işlədəcək qədər bənd suyu var.
Hazırda bizdə hər iki qadın jurnalisti Azərbaycana qarşı fəaliyyət göstərməkdə ittiham edir, adlarını hallandırırlar.

Ancaq Ermənistanda onlardan yalnız birini – Simonqızını pisləyirlər, Osmanqızı ilə işləri yoxdur.
Bir az da adı çəkilənlər barəsində əlavə informasiya verək: S.Osmanqızı 1969-cu ildə, Bakıda jurnalist ailəsində (onun anası da jurnalistdir) doğulub, telekanallarda işləyib, hazırda ABŞ-da yaşayır, “Osmanqızı TV”-nin rəhbəridir, 2 övladı var.

M.Simonovna 1980-ci ildə Krasnodarda, soyuducu ustası (anası bazarda gülsatan olub) ailəsində doğulub, Tiqran Keosayan adlı şəxslə vətəndaş nikahında yaşayır, 3 övladı var, bütün MBD ölkələrində yerli büroları olan “Sputnik” agentliyinin baş direktorudur.musavat.com



Ana səhifəyə qayıt        Baxış: 3 167          Tarix: 30-07-2020, 13:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma