Xəbər lenti


Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İsgəndərov Amerikada polisin qətlə yetirdiyi zənci Corc Floydun əleyhinə yazılmış irqçi statusu təkrar paylaşıb. Status rus dilindədir. Təbii ki, bu paylaşma Avropa Birliyində ciddi etirazla qarşılanıb.
 
"Evdən işləyirəm!", deyən sabiq xarici işlər naziri Elmar Məmmədyarovun kadrlarından birinin məsuliyyətsiz hərəkəti bəlli dairələrin Azərbaycanı qarşı əks-təbliğatına rəvac verib. Belə ki, bu məsələ “euobserver.com” saytı tərəfindən gündəmə gətirilib.
 
Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq 2020-ci il mayın 26-dan başlayaraq keçirilən etiraz aksiyaları hələ də davam edir. Bu etirazlarla əlaqədar ABŞ-ın 25 böyük şəhərində komendant saatı elan edilib. Qərb ölkələrinin əksəriyyətində Corc Floydun ölümünə etiraz olaraq kütləvi mitinqlər keçirilib. Belə həssas bir mövzuya hansısa bir rus irqçisinin statusunu təkrar yayıb, dəstək verməklə münasibət bildirmək utancverici bir hərəkətdir. Ağlı başında olan heç bir siyasətçi məsələyə belə yanaşma sərgiləyə bilməz. Bu, yolverilməzdir. Xüsusən, Avropa Birliyində uzun müddət səfir kimi çalışmış birisinin belə bir davranışına heç cür bəraət qazandırmaq mümkün deyil.
 
Məsələ ilə bağlı “euobserver.com” saytına açıqlama verən Fuad İsgəndərov bildirir ki, gün ərzində onlarla mesaj alır və bir çox hallarda oxumadan göndərilən statusu təkrar paylaşır.
 
Corc Floyd ilə bağlı statusda da belə olub. Avropa Birliyindəki diplomatımız qeyd edib ki, o, əsrlər boyu işğal altında olan bir ölkəni təmsil edir. Yəni belə bir ölkənin təmsilçisinin irqçi status paylaşması mümkün deyil. Sadəcə texniki səhv nəticəsində belə bir xəta ortaya çıxıb.
 
Bu “xəta” isə Azərbaycana çox baha başa gəlib. Belə ki, “euobserver.com” saytı qeyd edib ki, Azərbaycanda ermənilər kimi etnik azlıq olan digər xalqlara qarşı da bu kimi yanaşma ilə bağlı Avropa Birliyinin müxtəlif strukturlarına şikayətlər daxil olub. Hətta Azərbaycanda yüksək ranqlı siyasətçilərdən biri erməniləri koronovirusla müqayisə edib.
 
Sayt onu da qeyd edir ki, Fuad İsgəndərov bir müddət Azərbaycan milli təhlükəsizlik nazirinin (həmin nazirlik ləğv olunub) müavini olub. 2012-ci ildən səfir kimi çalışır.
 
Avropa Birliyinə bağlı sayt Fuad İsgəndərovun təkrar yaydığı statusu da paylaşıb. Biz də həmin irqçi statusu sizlərə təqdim edirik.
 

 
Son olaraq onu da deyək ki, Azərbaycan rəsmən Avropanın bir parçasıdır və əksər Avropa təşkilatlarında təmsil olunur. İrqçilik isə Avropada çoxdan rədd edilib. Ümumiyyətlə, Azərbaycan siyasətçiləri, xüsusən rəsmi adamlar Qərb dəyərlərinə zidd olan bu kimi yanaşmalardan çəkinməlidirlər. Belə sərsəm işlər sonda Azərbaycanın əleyhinə işləyir.
 
Gördüyünüz kimi, konkret olaraq bu məsələdən ermənilərə simpatiya bəsləyən qruplar həmən yararlanıblar. Heç bir halda qarşı tərəfə belə arqument vermək olmaz.
 
Elbəyi Həsənli, Sürix
https://euobserver.com/foreign/149098



Ana səhifəyə qayıt        Baxış: 4 716          Tarix: 9-08-2020, 12:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma