Xəbər lenti


ABŞ-da afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu etirazlar və qarışıqlıqlar zamanı azı 11 nəfər həlak olub. 

Bu barədə “Report” KTLA telekanalına istinadən xəbər verir. 

Telekanalın məlumatına görə, etirazların gedişatında Çikaqo (İllinoys ştatı), Detroyt (Miçiqan ştatı), Omaxa (Nebrask), Devenport (Ayova), Oklend (Kaliforniya) və Luisvill (Kentukki) sakinləri həlak olub. Həlak olanların əksəriyyəti afroamerikalılardır.

Oklenddə federal mühafizə xidmətinin 53 yaşlı qaradərili əməkdaşı Deyv Patrik Andervud güllələnib, onun iş yoldaşı isə ağır xəsarətlər alıb. Omaxada 22 yaşlı qaradərili Ceyms Skarlok əlbir olduğu bir qrup şəxslə ağdərili kişini döyərkən öldürülüb. Döyülmə zamanı sonuncu tapançanı çıxarmağa və onu vurmağa nail olub. 

Telekanal ABŞ-ın müxtəlif şəhərlərində həmçinin yüzlərlə zərərçəkənin olduğunu bildirir, amma onların sayını dəqiqləşdirmək hələ ki, mümkün deyil.

“Associated Press”in son hesablamalarına əsasən ABŞ-da etirazlar və qarışıqlıqların gedişatında son bir neçə gündə təxminən 4,4 min insan saxlanılıb. Onlara qarşı xüsusi halda soyğunçuluq, komendant saatı qaydalarının pozulması, yolların bağlanması ittihamları irəli sürülüb. 

Mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.



Ana səhifəyə qayıt        Baxış: 2 065          Tarix: 3-06-2020, 07:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma