Xəbər lenti
Bu gün, 19:25
    
 Nizami Muradoğlunun Türkiyədə Türkiyə türkcəsində nəfis şəkildə çap olunan “Kanlı Taş” kitabı qarşımızdadır (N.Muradoğlu “Kanlı Taş (roman), Baygenç Yayıncılık, I baskı, Adana, nisan, 2019).  Xatırlatmaq yerinə düşər ki, bu əsər daha əvvəl Azərbaycanda Azərbaycan türkcəsində “Baba ocağı” adlı kitab kimi nəşr olunmuşdur (N.Muradoğlu “Baba ocağı”, Bakı: Elm və Təhsil, 2014 ).
    Əsərin poetikası, məzmunu və süjet xətti çox maraqlı şəkildə qurulmuşdur. İlk olaraq süjet fiqurasiyası diqqəti özünə cəlb edir. Bu əsəri oxuyarkən mənə məşhur yazıçı Viktor Hüqonun dillər əzbəri olmuş “93-cü il” əsərini xatırlatdı. “93-cü il” əsərini oxumağa başlayarkən oxucuya elə gəlir ki, müəllif hansısa bir publisistik yazı qələmə alıb. Sanki burada bədii əsərdən heç bir söhbət getmir. Ancaq bir qədər oxuduqca o hadisələrin sonrakı hadisələr üçün bir keçid rolu oynadığını görməyə başlayırsan. Publisistik yazı tərzində başlayan əsər daha sonra bədiiləşməyə başlayır. Müəllif qələmində bədiiləşdikcə Viktor Hüqo üslubuna uyğun olaraq tətbiqi psixologiyadan istifadə olunur. Tətbiqi və yaxud eksperimental psixologiya ayrıca elmdir. Təəssüf ki, bizdə tətbiqi psixologiya deyil, yalnız ümumi psixologiya tədris olunur.
 Ancaq N.Muradoğlu bu əsərində tətbiqi psixologiyadan bədii səviyyədə bəhrələnə bilmişdir. Ola bilsin ki, müəllif bunu qarşısına məqsəd qoymamışdır. Lakin onun düşüncəsindən gələn məlumat yığını bədii ifadədə bu psixoloji təəssüratları həm süjet, həm də obraz səviyyəsində meydana çıxarmışdır. Belə ki, süjet öncə ənənəvi şəkildə başlayır, hadisələr əvvəldən sona doğru inkişaf edir. Lakin süjet ortasında birdən-birə hadisələr qırılır. Hadisələr geriyə doğru inkişaf edir. Yaddaşda yenidən əvvəlki publisistik anlayışlar bərpa olunur. Biz Hüqo kimi Nizami Muradoğlunun əsərində də məhz bu anlayışları görə bilirik. Yəni burada birinci publisistik məsələlər mövcud rol oynayır, tarixi məsələlər əhəmiyyətli yer alır, din mövzuları ciddi şəkildə süjetə daxil edilir. Eyni zamanda etnoqrafik  təəssüratlar əsərdə öz əksini tapır. Bütün bu sahə və inanclar, məna və anlayışlar  və digər məsələlər əsərdə yaddaşda cəmlənib ümumi bir sxemə dönür, daha sonra o nitq axınına gələndə konkret bir anlayış halına çevrilir. O anlayış   milli məfkurə üzərinə yönəldilir. Milli məfkurə anlayışı burada hansı mövzuda qabarıq şəkildə görünür? Bu əsərdə təsvir olunan milli məfkurə təbii ki, türklük məsələsidir. Birinci Nizami Muradoğlu orada çox böyük fərəhlə və ləyaqətlə türk məsələsini qoyur. Təbii ki, türk dünyasının diqqətini bu əsər təsadüfi olaraq cəlb etməmişdir. Burada eyni zamanda soyqırım məsələsi ifadə planında ciddi şəkildə özünü göstərir. Soyqırım aktı aydındır ki, bizim hər birimiz üçün məlum olan bir məsələdir. Soyqırım məsələsi bütün türk dünyasını birləşdirən bir məsələdir. Hər zərərdə bir xeyir olduğu kimi,  soyqırım hadisəsi də bütün türk ölkələrini bir araya gətirir. Burada Nizami Muradoğlu öz elmi düşüncəsini süjetə qatdığı üçün  xalqdan gələn folklor adət-ənənələrini də bu əsərə gətirir. Mənim heç yadımdan çıxmaz dünya miqyaslı yazıçı Çingiz Aytmatova bir dəfə sual verdilər ki, sizin əsərləriniz nə üçün dünyada bu qədər geniş şəkildə yayılır. Çingiz Aytmatov cavab verdi ki, çünki mənim əsərlərimdə mifologiya var. Məhz Nizami Muradoğlu da mifoloji struktura uyğun olaraq  burada müxtəlif süjet xətləri qurur. Yəni bu süjet xətlərini çarpaz süjet xətləri, yaxud da funksional süjet xətləri adlandırmaq olar. Biz mifoloji mətnlərdə bu kimi süjet və motivləri müşahidə edirik. Müəllif funksional süjet xətləri içərisində əsasən çox ciddi bir məsələyə toxunur. Bu məsələ nədir? Əsərin əsas obrazı olan Rövşən təsvir olunan konkret məkanlara gəlir və aidiyyəti olan şəxslərə çox maraqlı bir sual ünvanlayır. Eyni zamanda biz bu süjet içində bölgədə məzhəb məsələlərinin çox incəliklə, yəni semantik səviyyədə işləndiyinin şahidi oluruq. Birinci şiəlik məzhəbi üzərində öz din anlayışlarını yayan mollaya sual verir ki, “Mən tövbə etmək istəyirəm, öz həyatımda çox günah əməllər etmişəm. Molla deyir ki, çox gözəl bir işdir, tövbə etmək Allahın əmridir. Tövbə edənlər bağışlanar. Rövşən isə cavab verir ki, ancaq mən tövbəmin bağışlanacağını bu dünyada görmək istəyirəm. Buna sizin bir cavabınız varmı? Mən bu suala cavab axtarıram”. Təbii ki, molla bu suala cavab verə bilmir. Ondan sonra hadisələrin dinamikasıyla görünür ki, Nizami Muradoğlu həmin obrazı müxtəlif hadisələrdən keçirərək sünni xocasının yanına gətirir. Bu xoca Mirzə Tahir əfəndidir. Təsadüfi olmayaraq əfəndi adlanır. Çünki artıq şiə mollası əsərdə təqdim olunub, ancaq ondan Rövşən sualına cavab ala bilməyib. İndi sünni xocası əsərin süjetinə daxil edilir. Sünni xocasının yanına gələn Rövşən ona eyni sualla müraciət edir. Lakin xoca da bu suala cavab verməyə çətinlik çəkir. Ondan sonra Nizami müəllim arenanı daha da genişləndirir. Əvvəldə qeyd etdiyim kimi yaddaşı açır. Rövşən bir-birinin yanına göndərilən ruhanilərin məsləhəti nəticəsində indi də gəlib keşişin yanına çıxır. Bu keşişin adı Mikayıldır. Lakin əsli türkdür. Oxuduğu dualar da türk dilindədir. Ancaq ermənilər onu özlərindən sayırlar. Rövşən bu keşişə də o sualı verir. Təbiidir ki, müəllif düşüncəsinə, süjet xəttinə və motiv spesifikasına uyğun olaraq   keşiş də ona yol göstərə bilmir. Əsərdən göründüyü kimi din adamlarının hər biri bu suala cavab verə bilmədiyi üçün onu o birinin yanına göndərir. Beləliklə həmin suala cavab tapa bilməyən Rövşən bir aşıq yanına gəlir. Əlbəttə bu da təsadüfi deyil. Aşıq burada müəllif tərəfindən qurulan semantik obrazdır. Müəllif təsadüfi olmayaraq mətnə bir işarə atır ki, onu Allah özü gətirib çıxarımışdı onun yanına ki, bu bilgini ona versin. Aşıq ona Ağdədəni misal göstərir, yerini nişan verir, bu suala yalnız onun cavab verə biləcəyini Rövşənə izah edir. Ağdədə bizim folklorumuzda mühüm obrazdır. Xalq ədəbiyyatında hətta yuxulara gələn o ağ libaslı dədələr də ağdədələr adlanır. Ağdədə ona gözəl bir cavab verir. Bu da folklorumuzla bağlı məsələdir. Bizim milli mədəniyyətimizdə bağlı olan məsələdir. O, Rövşənə deyir ki, sən tövbə et və o ocaqdan bir kösöv götür. O kösövü apar basdır. Kösöv nə zaman göyərsə, sən dünyada tövbənin qəbul olduğunu görəcəksən. Artıq burada Nizami müəllim bir çıxış yolu qoyur. Yəni tövbə etmək üçün gələn bir insanın sualına din biligiləriylə zəngin olan ruhanilərin heç birinin cavab tapa bilmədiyi halda, Ağdədə cavab verir. Əslində müəllif Ağdədənin kəramət məsələlərini burada açır. Burada artıq müəllif elmin batini tərəfini tərifləndirir. Aydındır ki, hər hansı hadisədə zahiri və batini məsələlər var. Təbii ki, bu dərin bir məsələdir.  Təsəvvür edin ki, bu mövzu siyasi-tarixi mövzu içərisində rol oynayır. Adətən   dini əsər oxumaqla, dini əsərdə bəzi təsəvvüf termini, irfan bilgiləri görmək olar,   kəramət hekayətləri, batini mövzular diqqət çəkər. Ancaq siyasi-tarixi mövzulu bir əsərdə birdən-birə qəflətən belə bir obraz mövcud olur və hadisələrin dinamikasını yaradır. Bütün hadisələrə səpələnir. Buna biz  semantik yuvalar deyirik. Nizami Muradoğlu o semantik yuvanı çox ustalıqla orada bərpa edir. Belə ki, Rövşən kösövü basdırır, ona qulluq edir, ətrafdan oraya su çəkir. Ağdədənin dediyi kimi bağ-bağat salır, yaşıllıq salır. Bir çox insanlara yaxşılıqlar eləyir. Mətn süjetində məhz burada biz bir semantik yuvaya çox diqqət edirik. Ağdədə ona deyir ki, “o kösöv göyərəndə sənin tövbə qəbul olunacaq”. O, ac-yalavacları da doyurur, kasıblara da kömək edir, xeyirxahlıq da edir, ancaq kösöv göyərmir. Yəni müəllif burada ənənədən çıxıb. Ənənədə kösöv göyərməliydi, yəni aca-yalavaca, yetim-yesirə kömək edirsənsə, xeyirxahlıq edirsənsə, onun duasını alırsan. Burada sonuc görünür. Lakin bu süjet xəttində nəticə hələ ki, alınmır. Bu qədər savab əməllərdən sonra ənənəvi olaraq o kösöv göyərməliydi. Ancaq  müəllif burada hadisələrdən çıxır. Nə üçün hadisələrdən çıxır? Çünki bizi tarixi romana qaytarır. Bu zaman nə baş verir? Nəticə etibarilə xəbər aparan bir adamı Rövşən yaxalayır, onun cibindən məktub çıxır və o məktub vasitəsilə məlum olur ki, bütün bu el-obanı məhv etmək üçün məkrli bir plan hazırlanmışdır. Yəni xain düşmən xalqın öz içində oturur, məkrli bir plan hazırlayır. Rövşənin təsadüfi, bəlkə də məntiqi fəaliyyəti nəticəsində bu plan pozulur. Bu plan pozulmaqla Rövşən öz bağ-bağatına qayıdanda kösövün göyərdiyini görür. Yəni burada artıq müəllif qeyd etdiyim kimi ənənədən çıxmışdır. Tarixi romana qayıtmışdır. Eyni zamanda burada başqa bir süjet strukturu təqdim etmişdir. Artıq hadisələr başlanğıca doğru inkişaf edir, situasiya yarandığı yerə yenidən qayıdır. O yerə qayıdır ki, burada Rövşənin yaxşılıq etdiyi, xeyirxahlıq etdiyi insanlar əgər üç-beş nəfər idisə, məhz Rövşənin göstərdiyi yol nəticəsində xilas olan camaat bütün Əylis camaatıdır.
  Son olaraq diqqətə çatdıraq ki, ümumiyyətlə bu əsər çox müxtəlif süjetlərlə zəngindir. Eyni zamanda burada müxtəlif elm sahələri özünü göstərməkdədir. Əsərdə ideoloji baxımdan çox ciddi məsələlər qoyulmuşdur. Eyni zamanda bir məsələni də demək istəyirəm. Qəbul edən də, qəbul etməyən də ola bilər. Mən Nizami Muradoğlunun əsərinə Əkrəm Əylislinin "Daş yuxular",  Zori Balayanın “Ocaq” əsərinin cavabı kimi baxıram. 
 
 
                                  ATİF İSLAMZADƏ
                                  Filologiya üzrə fəlsəfə doktoru,
                                  dosent                                                                 


Ana səhifəyə qayıt        Baxış: 2 839          Tarix: 19-08-2020, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma