Xəbər lenti
Dünən, 19:25

      Filologiya elmləri doktoru. şair, yazıçı, dramaturq, dostum Nizami Muradoğlunun 65 yaşı tamam olur. Nizami Muradoğlu hazırda AMEA Folklor İnstitutunda “Təhsil” şöbəsinin müdiridir. Onunla görüşüb, saytımız üçün müsahibə aldım.

---1971-ci ildə Məsud Əlioğlunun "Azərbaycan gəncləri" qəzetində yazdığı "Uğurlu yol" sizi ədəbiyyata gətirdi.Sonrakı həyatınızdakı inkişafda yenə "Uğurlu yol"lar oldumu ?

--- Əvvəla təşəkkür edirəm, Məmməd müəllim. Vaxt ayırıb mənimlə müsahibə aparırsınız, Həm də keçmişləri yada salırıq. Siz məni çox uzaqlara apardınız. Həyatımda baş verən birinci uğurlu addım, bəlkə də Məsud Əlioğlunun o zaman mənim haqqımda yazdığı “Uğurlu yol” idi. O uğurlu yol məni zirvələrə səsləyirdi. Amma həyatım ziqzaqlı keçdi. Zirvələrə qalxdım da, yıxıldım da... ilk dəfə doğulduğum Ordubad rayonunda gənclər təşkilatının rayon üzrə birinci katibi oldum. 3 ildən sonra oaradan üzü üstə  yerə gəldim, yəni yıxıldım. Düz on ildən sonra yenidən ayağa qalxdım. Bu dəfə rayonun rəhbəri oldum. Beş il də belə keçdi. Sonra yenə də tənəzzül illəri başladı və 8 il davam etdi. Hazırda bilmirəm, həyatımın hansı mərhələsindəyəm, nə tənəzzüldü, nə zirvə.
---O “Uğurlu yol”dan sonar sizin həyatınızda  demədiyiniz çox məqamlar olub. Ötən əsrin 80-ci illərində İlk şeir kitabınız  “Yazıçı” nəşriyyatı tərəfindən çap edildi. Bu gün siz filologiya elmləri doktorusunuz.İstərdim o “Uğurlu yol”u bir də yada salasınız.

 ---Düzdü, ilk kitabımın dərc olunması özü də bir uğurdu. 1989-cu ildə oldu. Sonralar da həyatımda yenə də uğurlu hadisələr olubdu; ilk müdafiəm və Böyük Azərbaycan şairi Hüseyn Cavidə həsr etdiyim mənzum dramımın Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyulması və sizin də qeyd etdiyiniz kimi, elmlər doktoru dərəcəsi almağım və s. Amma mənə elə gəlir ki, bunlar mənim adi, sadə həyatımın bir parçasıdır və elə belə də olmalıdır. Təbii ki, həmin günlərdə bu uğurların sevinci də yaşanıbdır. Ancaq mən belə şeylərlə fəxr edə bilmirəm, Düşünürəm ki, bunlar çox azdır, mən etməli olduqlarımın heç onda birini də edə bilməmişəm.
---Ədəbi yaradıcılıqla elmi yaradıcılığı necə uyğunlaşdıra bilirsiniz?

---Bu məsələ mənim üçün normal bir haldır. Adətən deyirlər ki, bu işləri tam şəkildə uyğunlaşdırmaq olmur. Amma məndə belə deyil. Bədii yaradıcılıqdan elmi yaradıcılığa keçid eləmək və ya əksinə ,tam mənası ilə mənim üçün heç vədə problem yaratmayıbdır. Tələbə vaxtı da ara-sıra elmi məqalələr yazmışdım. İndi isə bütünlüklə elmi fəaliyyətlə məşğul olmaq mənim yaşamım, işim, bədii yaradıcılıq isə, necə deyərlər həyat fəaliyyətimdir. Bəlkə bu söz yerinə düşmür; birisi buna hobbi deyir, digəri asudə vaxtın keçirilməsi deyir, amma mənim üçün həyat anlamında bir fəaliyyətdir. Həm də hesab edirəm ki, bədii yaradıcılıq Allahın insana lütfüdür, çünki bu, istedadla bağlıdır, yəni burada tək zəhmət heç nə verə bilməz. Bədii yaradıcılıqda mütləq istadad olmalıdır. Bir qədər də aydınlaşdırsaq, belə demək olar; alim olmaq üçün oxumaq, öyrənmək, zəhmət çəkmək əsas şərtdir. Şair, yazıçı olmaq üçün istedad tələb olunur.
---Bu günkü ədəbi mühiti necə səciyyələndirərdiniz? Sizcə nəyə ehtiyac duyulur  və  yaxud nə çatışmır?

 ---Bəzən deyirlər ki, bu gün ədəbi mühit yoxdur, nə bilim, 60-cı illərin gəncliyi ilə bu günün gəncliyi arasında yerlə göy qədər fərq var və s. və ilaxır. Əslində isə belə deyil; bu gün çox yüksək səviyyədə ədəbi mühit var, deyərdim ki, çoxlu qiymətli əsərlər də yazılır və meydana çıxır. Lakin ədəbi mühiti ortaya qoyacaq 60-cı illərin təbliğatı yoxdur. Belə ki, o zamanlar şairin, yazıçının bir kitabçası çap olunurdusa, bütün respublika kitabxanalarına göndərilirdi, hər bir kəndə, şəhərdə oxunurdu. Bu gün yazar 200-300 kitab çap etdirə bilir, onu da öz ətrafındakı adamlara paylayır, bununla da iş bitmiş hesab olunur. Ikinci ciddi məsələ isə ondan ibarətdir ki, elektron resursların çoxluğu kitaba, ziyalıya diqqəti azaldıbdır. Televiziyalarda şou proqramlar baş alıb gedir. Ciddi ədəbiyyata yer verilmir, yaradıcı şəxslərə həsr edilmiş verilişlər tək-tük hallarda olur. O da adətən, əvvəldən müəyyən post tutmuş, yaxud da əli hər yerə çatanlara aid olur. Mənə belə gəlir ki, çap olunan kitabların mədəniyyət nazirliyi tərəfindən alınıb yerlərə göndərilməsi təmin edilməlidir. Qardaş Türkiyə respublikasında bu sahədə böyük işlər görülür. Yazıçılar birliyində yazarlara qayğı göstərilməli, onların tanıtımı sahəsində müəyyən işlər görülməlidir.

--- Siz “Baba ocağı” romanı ilə çox mühim bir məsələni ortaya qoydunuz. İctimaiyyətin fikri necə oldu?

--- Naxçıvanda erməni təcavüzünü əks etdirən iki əsərdən biri adını çəkdiyiniz “Baba ocağı”ıdır. Bildiyim qədəriylə Məmməd Səid Ordubadinin “Qanlı sənələr” əsərindən sonra, xüsusilə bədii məzmunda belə bir əsər yazılmayıbdır. Mən bu əsərdə erməni təcavüzkarlarının Ordubadda, Qafanda törətdikləri vəhşiliklərlə yanaşı ,Rövşən və Selcanın məhəbbətinə də xüsusi yer vermişəm. Əsəri oxuyanlar dəfələrlə mənə müraciət ediblər, öz fikirlərini bildiriblər. Roman Türkiyədə “Kanlı taş” adıyla çap olunub yayılır. Oxucuların əksəriyyəti romanın əhəmiyyətini başa düşür və məndən xahiş edirlər ki, əsəri rus və ingilis dillərində də çap etdirim. Lakin mənim buna imkanım çatmır.

---Bəs Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi və ya Tərcümə Mərkəzi necə?

---Təbii ki, onlar istəsə, edə bilərlər, lakin onlara sərf edəni eləyirlər. Ümumiyyətlə adını çəkdiyin qürumlar bir neçə adamın inhisarındadır.

 ---Sizin “Zülmətdə nur” əsəriniz Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyuldu, çox böyük  uğur  qazandı. Bəs Bakıda tamaşaya qoyulması məsələsi gündəmdə varmı?

---“Zülmətdə nur” repressiya dövrünün qurbanları Böyük Azərbaycan şairləri Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin facilərini əks etdirir. Əsərin baş qəhrəmanı Hüseyn Caviddir. Üç ildir əsər Sumqayıt Dövlət Dram Teatrının səhnəsində oynanılır. Azərbaycan Televiziyasının Mədəniyyət kanalında göstərilib. Lakin əsərin Bakıda oynanılması yenə də bayaq dediyim kimi, hələ sual altındadır.

--- Başqa dram əsərləriniz də varmı?

 --- Var. Son vaxtlarda Nadir Şahın anadan olmasının 330 illiyi münasibətiylə yazdığım “Qılınc oğlu” mənzum dramımı Bakı teatrlarından birinə təqdim etmək haqqında düşünürəm. Qismət...

---13. 14-dən artıq kitabınız var, elmlər doktorusunuz, yüksək ictimai fəaliyyətiniz də olubdur. Heç əməyiniz qiymətləndirilibmi?

---Elə bir qiymətləndirmə olmayıbdır.

---“Ay çinar ağacı, əmimmisən sən?” Bu misralar sizə nəyisə xatırladırmı?
---“Ay Çinar ağacı əmim kimisən.” – bu misra tələbəlik illərində yazdığım ilk “Ay Çinar ağacı” poemamdandır. Poema Böyük Vətən Müharibəsində həlak olan əmimin xatirəsinə həsr edilmişdi. Böyük Vətən Müharibəsi dedim, ona görə ki, o zaman Sovet Dövlətiydi, belə də qəbul edilirdi. On minlərlə mərd, cəsur insanlarımız Faşist Almaniyası ilə Sovet Hökumətinin apardığı müharibədə həlak oldu. Əmim də öldü-qaldısından xəbər olmadı, ona görə də belə yazmışdım: Anadan olanda ünvanlı olub, Öləndə ünvansız ölübdü əmim... Əslində əsarətdə olan azərbaycanlıları bu müharibəyə sürükləyən yalançı bərabərlik, qardaşlıq, humanizm, sovet birliyi ideyasıydı. Tarix göstərdi ki, bu ideya boş bir xəyal başqa heç nəyə dəyməzmiş, türkün türkdən başqa dostu yoxdur. O yalançı məhəbbətin bəlalarını bu gün də yaşayırıq. Dünən də yaşamışdıq

---Ailə,övlad,nəvələr...Bir də ədəbi yaradıcılıq.Uyğunluğu necə tapırsınız?

---Ailə qayğıları həmişə var, övladlar böyüsə də, hər biri ailə qursa da, yenə də ata evində hər övladın həm izi olur, həm gözü. Bu, təkcə mənim başımda deyil, hamının həyatında olan işdir. Nəvələr isə başqa bir aləmdir. Nəvələr özü də bir yaradıcılıq növüdür desək, bəlkə də səhv etmərik. Məsələn, bir gün onlarla danışmayanda, ya onları görməyəndə darıxıram. Heç yazı yaza bilməyəndə də nəvələrlə danışıb, görüşüb söhbətləşmək məni xeyli rahatladır. Onların istəklərini yerinə yetirməyə çalışıram. Onlar da məni çox sevirlər, hətta lap çox sevirlər.

---Ömrün 65-indən keçib gedirsiniz. Geridə nələriniz qalıb, irəlidə size nələr gözləyir?Yaşımızın o vaxtıdır ki, arxaya daha çox baxırıq. 65 il özü bir ömürdür, Allah-təala qismət elədi, gəlib bu yaşa çatdım. Arxada gəncliyim qalsa da, önümdə də bir xeyli işlər var. Bu gün dünənki kimi hərəkət edə bilmirsən, mühit də, yaş da, ağarmış saçların da səni istiqamətləndirir. İctimai yerlərdə əmi, dayı deyə müraciət edirlər, mən bu cür müraciətlərdən xoşlanıram. Təbii ki, tanıyan adamların müraciəti tamam başqadır. Amma tanımayanların bu ənənəvi müraciət forması daha çox diqqəti cəlb etməklə yanaşı, adamda məsuliyyət hissi yaradır. İctimai yerdə nümunə göstərmək, milli mənliyimizi, şərəfimizi, ləyaqətimizi nümayiş etdirmək, gələcək nəsillərə aşılamaq kimi hisslər içimdən keçir. Babalarımızın bizə yadigar qoyduğu sədaqəti, mənəviyyatı əməlimizlə, işimizlə, hərəkətimizlə canlandırırıq. Geridə qalanlardan biri də boşu-boşuna ötürdüyüm zamanlar olub. Daha çox yazmaq, yaratmaq imkanlarımdan az istifadə etmişəm. Çap olunmayanda bəzən ruhdan düşmüşəm, işsiz qalanda dünyadan küsmüşəm, dost dediyim adamlardan xəyanət, etibarsızlıq görəndə ümidlərim alt-üst olub. Belə... İrəlidə görüləcək işlərim çoxdu, bu il bir neçə kitabım var ki, onları çap eləmək istəyirəm. Azərbaycan tarixinə çox böyük zəfər yazmış Əfşarlar dövlətinin qurucusu və ilk şahı Nadir Şah Əfçar haqqında yazdığım “Qılınc oğlu” mənzum dramımın səhnə həllinə nail olmağa çalışıram. Şeirlər kitabımı, “Qasırğa” romanımı, çağdaş Azərbaycan poeziyası ilə bağlı monoqrafiyamı çap eləmək arzusundayam və s.

--- Ürəyinizdə qalan,demək istədiyiniz nə isə varmı ki, biz onu yada sala bilmədik

---Çox şeydən danışdıq. Demək istədiyim çox şey var. İlk növbədə ölkəmizin nahaqdan cəlb olunduğu müharibədən xilasını arzulayıram. Sonra can sağlığı diləyirəm hər birimizə, canımız sağ olsa, hər şey düzələr, bir gec olar, amma güc olar.

Söhbətləşdi:Məmməd Tahir




Ana səhifəyə qayıt        Baxış: 2 314          Tarix: 23-01-2020, 12:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma