Xəbər lenti

Ermənistanda hakimiyyət dəyişikliyi uğrunda Rusiya və “Soros” Fondu arasında amansız rəqabət başlayıb... Payızda devriləcəyi gözlənilən Paşinyan hakimiyyəti isə hər iki tərəfin etimadını itirərək, sahibsiz qalıb...

Cənubi Qafqazda situasiya Rusiyanın nəzarətindən çıxmaq üzrədir. Artıq Kreml bu regionun Ruisyanın əlindən “sürüşüb” çıxmaqda olduğunu birmənalı şəkildə dəqiqləşdirmiş kimi görünür. Və bu, əsrlər boyu qeyd-şərtsiz itaətə vərdiş etmiş Rusiyanı həm qəzəbləndirir, həm də çaşqınlıq içərisinə salır.

Kremlə yaxın ekspertlərin açıqlamalarından da açıq-aydın nəzərə çarpır ki, Rusiya Cənubi Qafqazın itirilməsi prosesinə hazırlıqsız yaxalanıb. Ən önəmli məqam odur ki, Kremldə Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərin belə gözlənilməz sürətlə dəyişə biləcəyinə qətiyyən ehtimal verilməyib.

Ona görə də, indiki situasiyanı ortaya çıxaran əsas faktorların necə ön plana keçdiyini və ya keçirildiyini hələ də doğru-düzgün təhlil etməkdə çətinlik çəkirlər. Və bu vəziyyət Rusiya üçün həm hərbi-siyasi qürür, həm də hegemon superdövlət imicinin ciddi şəkildə zədələnməsi xarakteri daşıyır.

Təbii ki, Rusiya son illərdə kifayət qədər ciddi geopolitik səhvlərə yol verib. Halbuki superdövlətlər üçün analoji səhvlərin buraxılması qətiyyən xarakterik xüsusiyyət sayılmır. Çünki superdövlətlər bir qayda olaraq, öz perspektiv hədəflərini və atacağı addımları illər öncədən müəyyənləşdirib, bütün ssenarilərə hazır vəziyyətdə gözləməyə üstünlük verirlər.

Amma Rusiyanın lovğa özgüvəni və postsovet məkanına aid qonşuları ilə sayğısız davranışları MDB dövlətlərini Kremllə məsafəli təmaslara sövq edirdi. Və bu səbəbdən də son illərdə MDB dövlətlərinin Rusiyadan uzaqlaşma meylləri intensiv xarakter daşıyırdı.
Rusiyanın ən ciddi səhvlərindən biri də əksər MDB dövlətlərinin son 25-30 ildə inkişaf etdiyini, yeni perspektiv hədəflər müəyyənləşdirdiyini nəzərə almamasıdır. Çünki bu ömənli faktorlar nəzərə alınmış olsaydı, Rusiya keçmiş SSRİ-dən qalmış şəriksiz hegemonluq vərdişlərinə yenidən baxılmasının vacibliyinə də diqqət yetirmiş olardı.

Hər halda, həm dünya, həm də MDB məkanı, o cümlədən də, Cənubi Qafqaz regionu sürətlə dəyişərək, yeni münasibətlər mərhələsinə qədəm qoyub. Artıq köhnə geopolitik şərtlər öz əhəmiyyətini itirib və onlara arxalanaraq, Cənubi Qafqazda hegemonluq etmək mümkün deyil.

Ancaq qəribə də olsa, Rusiya hələ də köhnə geopolitik şərtlərə sadiq olduğunu biruzə verməkdə davam edir. Xüsusilə də, Kreml yenə də Cənubi Qafqazın Ermənistan kimi forpost dövlətin sayəsində nəzarət altında saxlanıla biləcəyinə ümid bəsləyir.

Halbuki Ermənistan öz formal müstəqilliyi dövründə inkişaf adlandırıla biləcək hər hansı nailiyyətə doğru boylana bilməyib. Həmişəki kimi boynunu büküb, məzlim görkəm alıb, başqalarının “dilənçi payı” gözləyib. Və indi Rusiya bu “raxit dövləti” silahlandıraraq, Azərbaycanla üz-üzə qoyub, Cənubi Qafqaza hökm etməyə can atır.

Ancaq burada önəmli bir məqam da mövcuddur. Belə ki, Ermənistan iki səbəbdən Rusiyanın hədəfləri üçün uğurlu tərəfdaş deyil. Çünki Ermənistan bütün sahələr üzrə inkişafdan geri qalmaqla yanaşı, həm də hərbi cəhətdən qısır bir ölkədir. Bu düşmən ölkənin hərbi potensialı Rusiya üçün ümidverici səviyyədə deyil.

Məsələ ondadır ki, Rusiyanın sürətlə və israrla silahlandırmasına baxmayaraq, Ermənistan ordusunun döyüş qabiliyyətinin yüksələ biləcəyi inandırıcı görünmür. Bu ölkənin ordusu nizam-intizamdan uzaq silahlı dəstələr təsiri bağışlayır.

Üstəlik, Ermənistan öz ordusu üçün canlı qüvvə potensialı ilə bağlı qıtlıq yaşayır. Ermənistan əhalisi arasında orduda xidmət etmək həvəsi o qədər yüksək deyil.
Ermənistan kəşfiyyat qrupunun bir neçə gün əvvəl əsir alınmış komandirinin dedikləri də buna sübutdur. Çünki o, erməni gənclərin Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdə xidmətdən yayınmağa çalışdıqlarını vurğulamışdı.

Ona görə də Paşinyan hakimiyyəti Ermənistan ordusunda xidmətlə bağlı qanuna dəyişiklik etmək məcburiyyətində qalıb. Həmin dəyişikliyə görə, “könüllü özünümüdafiə silahlı dəstələri”nin yaradılmasına razılıq verilib.

Təbii ki, 21-ci əsrdə özünü müstəqil hesab edən bir dövlətin “könüllü özünümüdafiə silahlı dəstələri” yaratmaq niyyətinə düşməsi, o ölkənin düşdüyü vəziyyəti göstərir. Çünki normal dövlətin yalnız nizami ordusu ola bilər. “Könüllü özünümüdafiə silahlı dəstələri”nin dövrü isə ötən əsrin uzaq 90-cı illərində qalıb.

Ancaq belə görünür ki, belə “silahlı dəstələr” Paşinyan hakimiyyəti üçün yeganə çıxış yoluna çevrilib. Orduya əsgər tapmadığı üçün xarici ölkələrdən terrorçuları silahlandırıb, “könüllü özünümüdafiə silahlı dəstələri” adı altında qanuniləşdirmək niyyətinə düşüblər.
Ola bilsin ki, ötən əsrin 90-cı illərində xaricdən muzdla gətirdikləri erməni terrorçularının örnəyinin bu dəfə də işə yarayacağına ümid bəsləyirlər. Halbuki artıq 21-ci əsr olduğunu və həmin terrorçuların güclü, nizami, müasir Azərbaycan ordusunun ilk zərbələrindən sonra darmadağın olacağını da bilmələri lazımdır.

Onu da qeyd edək ki, əslində, “könüllü özünümüdafiə silahlı dəstələri” Ermənistandan daha çox Paşinyan hakimiyyəti üçün önəmlidir. Çünki Paşinyan hakimiyyəti Ermənistandakı sosial-siyasi dayaqlarının ciddi şəkildə sarsıldığını anlamamış deyil.
Ona görə də payızda baş qaldıra biləcək güclü etiraz dalğasına indidən hazırlaşmaq məcburiyyətində qalıb. Böyük ehtimalla orduya və polisə güvənməyən Paşinyan hakimiyyəti etiraz dalğası baş qaldıracağı təqdirdə, xaricdən gətirilən muzdlu erməni terrorçularından təşkil olunmuş “könüllü özünümüdafiə silahlı dəstələri”ni paytaxt İrəvana yeritməklə, özünü qoruya biləcəyinə ümid bəsləyir.

Son məlumatlara görə, Paşinyan hakimiyyətini dəstəkləyən muzdlu erməni terrorçularının silahlı dəstələri artıq Dağlıq Qarabağ ərazisində yerləşdirilib. Belə ki, ASALA-nın varisi olan “Sasna Tsrer” terrorçu qruplaşmasının məhz Paşinyan hakimiyyətinin təşəbbüsü ilə silahlandırıldığı, rəsmi İrəvanın təlimatlarını yerinə yetirməyə hazır olduğu bildirilir. Və Paşinyan hakimiyyətinin əleyhinə etiraz dalğası baş qaldıracağı təqdirdə, bu terrorçu qruplaşmanın “könüllü özünümüdafiə silahlı dəstələri” adı altında Ermənistan əhalisinə qarşı istifadə olunacağı iddia olunur.

Göründüyü kimi, Rusiya Ermənistanda terrorçuların sayəsində siyasi hakimiyyətini qorumağa ümid bəsləyən bir siyasi qüvvəyə güvənərək, Cənubi Qafqazda vəziyyəti öz xeyrinə dəyişməyə can atır. Kremlin bu ümidlərinin doğrulma ehtimalı isə o qədər də inandırıcı görünmür.

Digər tərəfdən, Paşinyan hakimiyyətinın Rusiyaya siyasi qüvvə olmadığı da sübuta ehtiyac duyulmayan reallıqdır. Belə ki, Paşinyan hakimiyyətinin qaynağı Ermənistan əhalisi deyil, “Soros” Fondunun maliyyə dəstəyidir. Belə ki, baş nazir Nikol Paşinyan və onun hökumətinin əksər üzvləri “Soros” Fondunun qurduğu ssenarilər, ayırdığı paralar hesabına “inqilab” edə biliblər. Rusiya meylli Sarkisyan hakimiyyətini devirib, iqtidarı ələ keçiriblər.

Təbii ki, indi “Soros” Fondunun “borc”unu ödəməyin vaxtı çatıb. Halbuki Paşinyan hakimiyyəti Ermənistanın Rusiyadan uzaqlaşdırılması barədə “Soros” Fonduna verdiyi vədi hələ də yerinə yetirə bilməyib. Ona görə də, hazırda “Soros” Fondu da Paşinyan hakimiyyətindən üz döndərmiş kimi görünür.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Rusiya və “Soros” Fondunun arasında qalıb. Kreml Ermənistanı silahlandırsa da, Paşinyan hakimiyyətinə güvənmir, hər an xəyanətin ediləcəyini düşünür. Və Paşinyan hakimiyyətinin devrilməsində maraqlıdır.

Eyni zamanda, “Soros” Fondu da vədləri yerinə yetirə bilməyən Paşinyan hakimiyyətinə əvəz axtarışına çıxmış kimi görünür. Bu isə o deməkdir ki, Paşinyan hakimiyyəti təklənərək, sahibsiz qalmış vəziyyətdədir. Ona görə də, muzdlu terrorçuların silahlı dəstələrini qanuniləşdirərək, payızda baş verə biləcək iğtişaşlardan xilas olmağa can atır.

Görünən odur ki, Rusiya və “Soros” Fondu Ermənistanda hakimiyyəti dəyişdirib, özlərinə daha sərfəli yeni bir siyasi qüvvəni iqtidara gətirmək uğrunda rəqabət içərisinə giriblər. Bu rəqbətdən hansı tərəfin qalib ayrılacağı isə yaxın aylarda aydınlaşmağa başlayacaq.

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 2 832          Tarix: 31-08-2020, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma