Xəbər lenti

Əgər, Rusiya indiki geopolitik mövqeyində israr edərsə, onda ATƏT-in Minsk Qrupunun mövcudluğu ciddi şəkildə təhlükə altına girmiş olacaq... Kreml nəhayət, Ermənistanı açıq və ya gizli himayə etməkdən əl çəkməli, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə nizamlanmasının qaçılmazlığı ilə barişmalıdır...


Cənubi Qafqazda hərbi-siyasi böhran yaşanır. Bu regionda geopolitik sitiasuya artıq ən yüksək həddə qədər gərginləşmiş kimi görünür. Cənubi Qafqazda maraqları olan beynəlxalq siyasi iradə mərkəzləri arasındakı ziddiyyətlər dərinləşməkdə davam edir.
Artıq bir məsələ tam aydınlaşıb ki, Cənubi Qafqazın əvvəlki qaydalarla idarə olunması bundan sonra mümkün olmayacaq. Daha kimsə bu regionu özünün qeyri-rəsmi mülkiyyəti hesab etmək şansına sahib deyil. Bundan sonra Cənubi Qafqazda yeni qaydaların ön plana çıxması, fərqli münasibətləri sisteminin formalaşması demək olar ki, qaçılmaz xarakter daşıyır.

Onu da qeyd edək ki, bu durumdan ən çox narahatlıq keçirən cinahın məhz Rusiya və onun regional forpostu Ermənistanın olduğu qətiyyən şübhə doğurmur. Çünki Kreml əsrlər boyu “meydan suladığı” Cənubi Qafqaz regionunu həmişəlik itirmək təhlükəsi ilə üz-üzə qalıb. İndiki situasiyadasa, çıxış yolu görünmür.

Ermənistana gəldikdəsə, onilliklər boyu Rusiyanın sayəsində toxunulmazlıq statusu qazanaraq, aqressor rolunda çıxış etdiyi bu regionda təklənmiş vəziyyətə düşmək üzrədir. Düzdür, Ermənistanın arxasında hələ də Rusiya var. Ancaq Kremlin himayəsi artıq Ermənistanın toxunulmazlığını əvvəlki kimi təmin etmək qüdrətində deyil.

Son iki ayda Cənubi Qafqazda cərəyan edən geopolitik proseslər, Rusiyanın himayəsinə rəğmən, Ermənistanı çarəsiz duruma salıb. Yəni Kremlin dəstəyi artıq Ermənistanın təhlükəsizliyinə təminat vermir.

Məsələ ondadır ki, Rusiya bütün dünyada təklənərək, öz sərhədləri içərisinə sıxışdırılmağa başlayıb. Rusiyanın qərb sərhədləri ABŞ və NATO-nun hərbi bazaları ilə əhatələnib. Bu şimal nəhənginin sərhədləri ətrafında bir dövlət belə, yoxdur ki, Rusiyaya səmimi olaraq, müsbət yanaşsın, rəğbət bəsləsin, müttəfiqlik pəncərəsindən baxmağa həvəs göstərsin. Hətta uzun illər ərzində Rusiyanın ABŞ və Qərbə qarşı qol-qola mübarizə apardığı yeganə müttəfiqi Belarus belə, Kremldən üz döndərmək üzrədir.

Əlbəttə ki, Kreml bu situasiyadan narahatdır və hətta çox qəzəblidsir. Ancaq qəzəblənmək, sağa-sola yumruq silkələmək əvəzinə, bütün bu baş verənlərin əsl səbəblərini araşdırıb, müəyyənləşdirmək Rusiya üçün daha faydalı addım olardı. Halbuki Kremldə hələ də yeni dünyanın əvvəlkindən fərqli şərtləri ilə barışmağa həvəsli deyillər.

Əksinə, Kreml israrla Rusiyanın vərdişli olduğu şərtlərin qorunub, saxlanmasına cəhdlər göstərir. Və bu cəhdlər Kremlin Cənubi Qafqaz siyasətində də ön planda yer almaqdadır.

Məsələ ondadır ki, Azərbaycanın Rusiya ilə kifayət qədər normal münasibətləri mövcud idi. Halbuki həmin normal münasibətlərin formalaşması Kremlin deyil, məhz rəsmi Bakının nailliyyəti sayıla bilər. Çünki məhz rəsmi Bakı Azərbaycan əleyhinə geopolitik manevrlər edən Rusiya ilə münasibətlərində balans siyasətinə üstünlük verirdi.

Ancaq artıq deyəsən, rəsmi Bakının da səbri tədricən tükənmək üzrədir. Rusiyanın Ermənistana olduqca qəliz marşrutlarla 500 tondan artıq silah daşıması isə Azərbaycanın səbri kasasının dolmasında sonuncu damla oldu. Rəsmi Bakı sərt şəkildə Kremlə təxminən “Ermənistanı silahlandırmaqla, nə etmək niyyətindəsən” məzmunlu etirazla narazılığını bildirdi.

Maraqlıdır ki, rəsmi Bakının narazılığı Kreml üçün bir qədər gözlənilməz oldu. Belə anlaşıldı ki, Rusiyanın həminə olduğu kimi, yenə Ermənistanı “silahla bəsləməsinə” Azərbaycanın bu dəfə də göz yumacağını düşünürmüşlər.

Ancaq bu dəfə yanıldılar. Əvvəlcə 500 ton silah-sursatın daşındığı marşrut tam dəqiqliyi ilə müəyyənləşdirildi, İL-76 hərbi nəqliyyat təyyarələrinin uçuş trayektoriyalarının sxemləri əldə olundu. Bununla da Ermənistan ötürülən silahlar Rusiyanın elə əlindəcə, aşkarlanaraq, Kremlin Azərbaycanın arxasından dolandığı sübuta yetirildi.

Ardınca, Kremlə etiraz olundu. Və Rusiyanın Ermənistana silah ötürməsinin trafiki media üzərindən tirajlandı. Nəticədə Kremlin rəsmi İrəvanla olan qaranlıq ilişkiləri bütün dünyaya məlum oldu. Rusiya müdafiə naziri Sergey Şoyqunun “inşaat materialları” izahatına isə əhəmiyyət verilmədi.
Əlbəttə ki, bütün bunlar rəsmi Bakının Azərbaycan ətrafındakı “informasiya blokadası”nı yara bilməsi anlamına gəlir. Belə anlaşılır ki, artıq Ermənistanın himayədarları öz “qaranlıq işlər”ini daha gizlədə bilmirlər. Atdıqları hər yolverilməz addım anındaca dünya mediasında gündəmə çevrilir.
Hər halda, Rusiyanın Ermənistana 500 tondan artıq silah daşımasının marşrutunu əks etdirən sxemlərin Azərbaycan və Türkiyə mediasında yayımlanmasından sonra ABŞ və Avropa mətbuatında da yer alması rəsmi Bakı üçün nə qədər böyük uğurdursa, Kreml və Ermənistan üçün bir o qədər böyük biabırçılıqdır. Və bu biabırçılığın siyasi nətiçələrinin olacağı isə qətiyyən istisna deyil.

Məsələ ondadır ki, rəsmi İrəvan bundan sonra Qərbdə kimsəni Ermənistanın Rusiyadan qopmağa hazırlaşdığına inandıra bilməyəcək. Yəqin ki, bundan sonra Ermənistana maliyyə yardımı edən bəzi dövlətlər də bu məsələdə nisbətən tərəddüdlü davranmaq məcburiyyətində qalacaqlar.
Eyni zamanda, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri statusu da kifayət qədər ciddi zədə aldı. Ermənistana qəliz marşrutla 500 tondan artıq silahın ötürülməsi Rusiyanın Dağlıq Qarabağ münaqişəsində maraqlı tərəf olduğunu birmənalı şəkildə təsdiqləyib. Və bunu inkar etmək Kreml üçün artıq o qədər də asan olmayacaq.

Bundan sonra Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki rolu birmənalı şəkildə şübhə altına düşmüş olacaq. Böyük ehtimalla Kreml iki önəmli seçimdən birinə üstünlük vermək məcburiyyətində qala bilər.

Belə ki, əgər, Rusiya indiki geopolitik mövqeyində israr edərsə, onda ATƏT-in Minsk Qrupunun mövcudluğu ciddi şəkildə təhlükə altına girmiş olacaq. Və bu halda, ATƏT-in Minsk Qrupunun mövcudluğuna ehtiyacın olması ciddi suallar doğuracaq. Son nəticədəsə, bu prosesin ATƏT-in Minsk Qrupunun ümumiyyətlə, ləğv olunmasına gətirib, çıxara biləcəyi qətiyyən istisna deyil. Və rəsmi Bakı artıq bu variantı gündəmə gətirməyə başlayıb.

Rusiya üçün digər seçim variantı isə odur ki, Kreml nəhayət, Ermənistanı açıq və ya gizli himayə etməkdən əl çəkməlidir. Və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə nizamlanmasının qaçılmazlığı ilə barişmalıdır. Ermənistanı himayə etmədiyini rəsmi şəkildə bəyanlamaqla, Rusiya Azərbaycanın işğal altındakı ərazilərinin erməni silahlı dəstələrindən boşaldılmasına təkan verməlidir.
Rusiyanın vərdişlərini və ənənələrini nəzərə aldıqda, bu variantın reallaşa biləcəyi o qədər də inandırıcı görünmür. Halbuki Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu qoruya bilməsi məhz Kremlin bu variant üzərində dayanıb-dayanmayacağına bağlıdır.

Məsələ ondadır ki, Rusiyanın bundan sonra Cənubi Qafqazda öz nüfuz dairəsini qoruya bilməsi üçün məhz Kremlin Azərbaycanla münasibətləri normallaşdırıb, qarşılıqlı etimad faktoruna yükləməsi olduqca vacibdir. Çünki Cənubi Qafqazın əsas hərbi-siyasi güc mərkəzi olan Azərbaycanla qarşılıqlı ziddiyyətlər Rusiya üçün bu regionu tamamilə itirmək perspektivi vəd edir.

“Yeni Müsavat” 




Ana səhifəyə qayıt        Baxış: 2 701          Tarix: 3-09-2020, 20:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma