Xəbər lenti
21-11-2020, 11:34


Deyinməyə aludə olmuş xeyli ictimai-siyasi adamlar var. Onlar 10 noyabrdan bəri ancaq neqativlər yayır.

Hansı ki, Azərbaycan 27 sentyabrdan 10 noyabradək döyüşdə möhtəşəm qələbə qazanıb. 10 noyabrda düşmən diz çökdü, Ermənistanın kapitilyasiyasına nail olduq. Məlum 10 noyabr bəyanatından sonra isə Azərbaycan hərbi qələbəsini siyasi-diplomatik müstəvidə davam etdirir. Artıq Ağdam da bizdədir, Şuşaya Füzulidən yol çəkirik, Xudafərində Azərbaycan bayrağı dalğalanır. Nağıl kimi görünürdü bunlar hətta 2 ay əvvəl...

10 noyabr razılaşmasına uyğun olaraq, Kəlbəcər, Laçından da erməniləri sülhməramlılar boşaltmaqda davam edir. Bu proses də 1 dekabradək yekunlaşacaq və Kəlbəcər, Laçın da Azərbaycana təhvil veriləcək.

Faktiki olaraq bizim Qarabağa dair arzularımız gerçəkləşib. Bundan fəxrlə danışmalı, qələbəmizin dadını çıxarmalıyıq.
Əlbəttə, rus sülhməramlılarından, Fransanın mənasız təhdidlərindən, digərlərindən narahat olanlar da var. Haradasa başadüşüləndir. Ötənlərdə, tarixdə olanlara baxırlar narahatlıq keçirənlər.

Amma nəzərə almaq lazımdır ki, indi Azərbaycan əvvəlki gücsüz, tək Azərbaycan deyil. Daha biz deyənlər olur, bura qədər güclənmişik.
Neqativlərə köklənənlər sadəcə özlərini incidir və cəmiyyəti də neqativə yükləyir, səbəb yox ikən.
Baxın, onların istinad etdikləri mənbələr Makron, Fransa, erməni rəsmiləridir.

Onlardan sitat gətirən adamlar fərqində deyil ki, Fransanın, ermənilərin 30 ildir dediklərinin hamısı cəhənnəmə gedib. Ermənilər deyirdi Qarabağı verməyəcəyik, aldıq. Fransa 30 ilə yaxındır deyirdi ki, bax, qondarma Dağlıq Qarabağ "respublikasının" müstəqilliyini tanıyaram, bu gün də eynisini deyir. Minsk Qrupunun "kababşünas" həmsədrləri deyirdi ki, münaqişəni ancaq onlar çözə bilər, yalnız danışıqlar yolu ilə. Deyirdilər münaqişənin hərbi yolla həlli ola bilməz. Sonu nə oldu? Hamımız bilirik, görürük. Ordumuz döyüşə-döyüşə getdi Şuşaya bayraq sancdı...
Əgər 30 ildə Fransanın, həmsədrlərin dedikləri olmadısa, bundan sonra heç olmayacaq. Biz qalibik, qaliblər mühakimə olunmur, böyük anlamda yalnız dəstək alır - aşkar və gizli...

Sadəcə, indi bizə yalnız pozitiv, daim həmrəy olmaq, Qarabağda möhkəmlənmək, qarşıdakı müddətdə ermənilərin yaşama mexanizmini müəyyən etmək qalır. Qarşıdakı 5 ilə həllini tapacaq məsələlərdir bunlar. Dərhal çözümü yoxdur. Onadək biz Füzulini, Ağdamı, Cəbrayılı, Qubadlını, Zəngilanı, Kəlbəcəri, Laçını, Şuşanı abad etməklə məşğul olaq, vacib olan budur.

Çünki qismətimizdən, taleyimizdən 2-ci əsrdir ki, dünyanın baş ağrısı, kor bağırsağı olan ermənilər Qarabağda məskunlaşıblar. Biz rəsmən bəyan etmişik və edirik ki, qanunlar çərçivəsində yenə yaşamalarına mane olmayacağıq. Əksini edə bilmərik, buna beynəlxalq hüquq imkan vermir. Hətta biz ötənlərdə bəyan da edirdik ki, ermənilər Qarabağın işğalına son qoysun, onlara ən yüksək status da verə bilərik. Amma bunu könüllü etmədilər, biz işğala müharibə yolu ilə son qoyduq. Ona görə də daha yüksək stutus da vermirik, buna ehtiyac qalmır.

Biz ermənilərin Qarabağa sahib olmaq xülyalarını birdəfəlik puç etmişik. Onlar sadəcə, Qarabağda bir icma kimi yaşayacaq. Statusları bu civarda olacaq. Bunu özləri də bilir. İndi orada-burada "bayraq" asmaları sadəcə xəyalplovdur, onu da "yeyib" qurtarandan sonra reallıqlarla barışmalı olduqlarını - Qarabağda Azərbaycan qanunları, Azərbaycan bayrağı altında yaşamaqdan başqa çarələri olmadıqlarını anlayacaqlar.

30 illik işğala yenicə son qoymuşuq. Ermənilərin azı 100 illik Qarabağ planlarını 44 günə məhv etmişik. 5-10 günə beyinlərini də murdar düşüncələrdən təmizləyə bilmərik. İndi nə qədər istəsələr boş-boş nağıllar uydura bilərlər. Bunlar o adamlardır ki, biz Qubadlını alanda deyirdilər ki, ordumuz gedib Beyləqana çıxıb... Biz Şuşanı alanda deyirdilər ki, erməni bölükləri Hadrutda möhkəm döyüşür... Müharibə bitəndən, ermənilər 10 noyabr bəyanatına uyğun şəkildə Kəlbəcərdən çıxarılanda bir erməni beynəlxalq mediaya, səhv etmirəmsə, BBC-yə açıqlamasında demişdi ki, Putini o prezident seçdirib. Belə gic qonşularımız var. Onlar daha nə danışır, danışsın...
30 ildə dediklərinin əksi baş verən adamlar, güclər, qurumlar bundan sonra da çox nağıllar danışa bilər. Reallıq isə odur ki, Qarabağ bizdədir, Qarabağ Azərbaycandır.

Siyasi-diplomatik uğurlarımız isə davam edəcək...
Region yenidən şəkillənir, bizim Qarabağ qələbəmizin fonunda.
Elşad MƏMMƏDLİ
"Yeni Müsavat"



Ana səhifəyə qayıt        Baxış: 2 387          Tarix: 21-11-2020, 19:54      


Paylaş: