Xəbər lenti
Bu gün, 12:20
Bu gün, 10:21
Dünən, 17:22
Dünən, 12:32
Dünən, 11:30
10-01-2025, 23:30
10-01-2025, 22:30
10-01-2025, 21:52
10-01-2025, 20:49
Uruba əl-İxbari, İordaniya 30.11.2020 Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi hər zaman konkret və aydın olub: Qarabağ bizim beynəlxalq səviyyədə tanınan torpağımızdır: “Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir. Dağlıq Qarabağ bizim torpağımızdır. Bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik. Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalmış qətnamələrini icra edirik”. Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyi olaraq, bu məqalədə Dağlıq Qarabağda noyabrın 10-da başa çatmış müharibə ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyə çalışmışıq. Həmin gün Azərbaycan tarixinə ölkəmizin haqlı mübarizədə tarixi qələbə qazandığı gün kimi düşüb. Noyabrın 9-da – xalqımızın bayram etdiyi Bayraq günündə Azərbaycan Ordusu qədim Şuşa şəhərini azad etdi. Bu gün tarixə həm də qələbə günü, Ermənistanla münaqişəmizin labüd sonluğu kimi düşdü. Qələbəni təmin edən sənədə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti imza atdılar. Sənədə görə, 28 il ərzində Ermənistanın işğalı altında qalmış Dağlıq Qarabağ regionunda hərbi əməliyyatlar dayandırılır, Ermənistan silahlı qüvvələri Rusiya sülhməramlı kontingentinin nəzarətilə müəyyən vaxt cədvəli əsasında regiondan çıxarılır. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində onu böyük qələbə münasibətilə təbrik edib. O, razılaşmaya əsasən, münaqişə zonasında bütün hərbi əməliyyatların dayandırıldığını, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun, daha sonra Kəlbəcər və Laçının Azərbaycan Respublikasına qaytarılıracağını bildirib. Dövlət başçısı deyib ki, Ermənistan silahlı qüvvələrinin bölgədən çıxarılması ilə paralel olaraq Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya sülhməramlı qüvvələri yerləşdiriləcək, qaçqın və məcburi köçkünlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında Dağlıq Qarabağ və ətraf rayonlara qaytarılacaq, əsir, girov və başqa saxlanılan şəxslərin, eləcə də cəsədlərin mübadiləsi əməliyyatı həyata keçiriləcək, bölgədə bütün iqtisadi əlaqələr və kommunikasiya xətləri yenidən qurulacaq, sərhəd xidmət onların təhlükəsizliyini təmin edəcək. Bu yerdə bu münaqişə ilə bağlı dəyişməz mövqeyinə görə qardaş İordaniya Haşimilər Krallığına minnətdarlığımızı bildiririk. İordaniyanın Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Ermənistanla Azərbaycan arasında toqquşmaların getdiyi dövrdə də bəyanat verərək, Qarabağda yaşananlardan narahatlığını bildirib, tərəfləri sakitliyə, soyuqqanlı olmağa və atəşkəsə çağırıb, münaqişənin BMT TŞ-nın qətnamələri və beynəlxalq hüquqa uyğun şəkildə siyasi yolla, danışıqlar masası arxasında həllinin əhəmiyyətini vurğulayıb. Nazirlik müharibə insanların həlak olmasından təəssüfünü bildirib. Biz İordaniya həqiqətləri işıqlandırdığına, hadisələrlə bağlı obyektiv və aydın təsəvvür yaratdığına görə KİV-nə də təşəkkür edirik. Ermənistana gəlincə, Baş nazir Nikol Paşinyan ölkəsinin mövqeyini ifadə edərkən bildirmişdi ki, Qarabağ məsələsinin diplomatik həlli yoxdur və Yerevan mübarizəni sonadək aparacaq. O zaman ermnəilər beynəlxalq sülhyaratma qüvvələri, Rusiya qüvvələrinin məsəlıəyə cəlbilə bağlı fikirləri də qəti şəkildə rədd edirdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Dağlıq Qarabağ regionunda Ermənistana qarşı hərbi əməliyyatların Azərbaycanın ərazi bütövlüyünün bərpasınadək davam etdiriləcəyini deyirdi. Gələk Ermənistan-Azərbaycan müharibəsilə bağlı beynəlxalq təşkilatların mövqeyinə və bəzi dövlətlərin bəyanatlarına. Döyüşlər başlar-başlamaz, müxtəlif beynəlxalq təşkilarlar ortaya mövqe qoyub, bəyanatlar səsləndirib. Onları mütləq qeyd olunmalı, işğalı davam etdirməyə çalışan erməni tərəfilə taleyüklü mübarizəmizdən danışan zaman bu faktları da unutmamalıyıq. İslam Əməkdaşlıq Təşkilatının mövqeyi İƏT-in münaqişə ilə bağlı mövqeyini fəxrlə qeyd edə bilərik. Təşkilat münaqişənin ilk günündən baş verənlərlə bağlı dərin narahatlığını ifadə edib, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı davamlı olaraq törətdiyi təxribatları və təcavüzü, atəşkəsi pozmasını şidətlə qınayıb. İƏT Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını bir daha tələb edib, münaqişənin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmət əsasında, sülh yolu həllinə nail olunması üçün iki ölkə arasında dialoq mühitinin yaradılmasına çağırıb. Qurumun bəyanatında bu haqda İƏT və BMT TŞ-nin qətnamələrinin olduğu da xatırladılıb. İƏT-in Baş katibi isə Ermənistanla hərbi toqquşmalar nəticəsində şəhid olmuş azərbaycanlıların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib. Xatırladaq ki, İƏT Dağlıq Qarabağ problemilə bağlı “Ermənistanın Azərbaycana təcavüzü” adlı qətnamə qəbul edib. İƏT xarici işlər nazirlərinin Cakartada keçirilmiş 24-cü sessiyasında qəbul olunmuş qətnamədə bütün dövlətlər Ermənistana silah-sursat və hərbi avadanlıq tədarükündən imtinaya səslənib. Sənəddə qeyd olunur ki, əks təqdirdə bu, təcavüzkarı münaqişəni alovlandırmağa, Azərbaycan torpaqlarının işğalını davam etdirməyə həvəsləndirə bilər. Həmçinin, qətnamədə bu avadanlıqıların İƏT-ə üzv dövlətlərin ərazisindən istifadə edilməklə tranzitinə icazə verilməməsinə də çağırış var. Qurum üzv dövlətlərlə yanaşı, bütünlükdə dünya birliyini Ermənistanın təcavüzünə, işğalına son qoyulması üçün fəal siyasi və iqtisadi addımlar atmağa dəvət olunub. Digər tərəfdən, Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrin vəziyyəti də önəmli məsələdir və İƏT bunu da diqqətdən kənarda qoymayıb. Bu haqda müvafiq qərarlar hələ 2000-ci ilin noyabrında Dohada və İƏT Xarici İşlər Nazirləri Şurasının 2003-cü ildə Tehranda keçirilmiş 30-cu iclasında qəbul edilib. Qərarlarda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarındakı tarixi abidələrin vəziyyətinə toxunulub, tarixi və mədəni, o cümlədən islam abidələrinin dağıdılmasının yolverilməz olduğu vurğulanıb. Lakin Azərbaycanın Zəngilan şəhərinin işğaldan azad olunmasından sonra çəkilmiş və sosial şəbəkələrdə yayılmış videodan da görünür ki, oradakı tarixi məsciddə donuz saxlanırmış. Bu, təbii ki, ibadət məkanının təhqir olunmasıdır. Azərbaycan üçün bütün bu kimi beynəlxalq qərarlar böyük siyasi əhəmiyyət kəsb edir. Onlarda dünyanın əsas təşkilatları tərəfindən (BMT, ATƏT) qəbul edilmiş qətnamələrin tələbləri dəstəklənir. İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi cənab Məhəmməd Xureyci Niyaz hələ Ermənistanın Azərbaycanla dövlət sərhədində, Tovuz rayonu istiqamətindəki hərbi təxribatı zamanı da bəyanatla çıxış etmişdi. O, Ermənistan ordusunun bu hücumu ilə yanaşı, Azərbaycan ərazilərinin böyük hissəsini işğal altında saxlanmasını da pisləmişdi. Baş katibin bəyanatında bildirilir ki, Məhəmməd Xureyci Niyaz İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının müvafiq qətnamə və qərarlarına, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, erməni qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərdən dərhal, qeyri-şərtsiz və tamamilə çıxarılmasını tələb edir. Baş katib hesab edir ki, Yerevan bu sənədlərin tələblərinə əməl etməyə məcbur olunmalıdır. Pakistanın mövqeyi Dağlıq Qarabağda son müharibənin gedişində Azərbaycan tərəfindən Türkiyə hərbçilərinin, yaxid digər əcnəbi qüvvələrin vuruşduğuna dair ittihamlara rast gəlinib. Lakin bu iddiaların heç bir əsası yoxdur. Azərbaycan bu ittihamlarla bağlı dəfələrlə sübut tələb etsə də, ona heç bir dəlil təqdim olunmayıb. Bu haqda Prezident İlham Əliyev də tam aydın və dəlillərlə danışıb. Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Həfiz Şudri də hesab edir ki, Azərbaycan Prezidenti bu məsələ ilə bağlı mövqeyini kifayət qədər aydın ifadə edib: “O, ölkəsinin silahlı qüvvələrinin öz torpaqlarını müdafiə etməyə qadir olduğunu, Azərbaycanın heç bir xarici qüvvənin köməyinə ehtiyac duymadığını söyləyib”. Pakistan XİN-in sözçüsü Ermənistan hökumətinin hər zaman məsuliyyətsiz bəyanatlar verməklə, yalan təbliğat aparmaqla məşğul olduğunu deyib. O, Dağlıq Qarabağ məsələsində ölkəsinin Azərbaycanın BMT TŞ qətnamələrinə əsaslanan mövqeyini dəstəklədiyini söyləyib. Rusiyanın mövqeyi Rusiya XİN-i hələ döyüşlərin qızğın vaxtında Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, yardım istədiyini açıqlamışdı. Açıqlamada bildirilirdi ki, Paşinyan Rusiya Federasiyasının Ermənistana göstərə biləcəyi yardımın növü və miqdarının müəyyənləşdirilməsi üçün təcili məsləhətləşmələrə ehtiyacın olduğunu bildirin. Moskvanın müraciətə cavabı kifayət aydın və konkret olub: iki ölkə arasındakı müvafiq sazişə görə, Rusiya Yerevana hərbi əməliyyatların bilavasitə Ermənistan ərazisinə keçəcəyi təqdirdə lazımi dəstəyi göstərəcək. Küveytli deputat Abdullah Fəhhad Küveyt parlamentinin deputatı Abdullah Fəhhad Ermənistanla Azərbaycan arasındakı müharibəni “İslama qarşı yeni səlib hücumu” adlandırmışdı. Bunu pisləyən deputat hesab edir ki, xüsusilə erməni keşişlərinin boynundan xaç asaraq əlinə silah götürməsi bu müharibənin həm də İslama qarşı olduğunu göstərir. Deputat bildirmişdi ki, İslam ölkələri Azərbaycanın haqq işində onun yanında olmalıdır: “Ermənistan Baş nazirinin bəyanatlarından aydın olur ki, Yerevan bu münaqişəni 1915-ci ildəki qətliamların davamı və ya iddia etdikləri kimi, “islam terrorunu yox etmək üçün” səlib yürüşü sayır. Halbuki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək uğrunda vuruşur. Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını BMT TŞ-nin qətnamələri də tələb edir”. Xatırladaq ki, Azərbaycan erməni lobbisinin bəzi dövlətlərin, xüsusilə Fransanın siyasətinə təsir göstərdiyini bildirir. Bakıda hesab edirlər ki, Fransa bu üzdən, artıq münaqişənin həllinə vasitəçilik etmək hüququnu itirib. Fransa mətbuatının məlumatına görə, bu ölkənin radikal sağçı “Zouaves Paris” qruplaşmasının lideri Mark de Kakkere-Valmenir Dağlıq Qarabağdakı ermənilərlə birlikdə Azərbaycana qarşı vuruşmağa yollanıbmış. Qruplaşma bu mübarizəni məhz müsəlmanlara qarşı dünya savaşı hesab edir. Xatırladaq ki, müharibə vaxtı Ermənistan silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək, Azərbaycanın bir sıra yaşayış məskənlərini də atəşə tutub. Nəticədə mülki insanlar arasında ölənlər və yaralananlar olub. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum nəticəsində həlak olmuş insanlar arasında uşaqlar da var. Ermənistan tərəfi dinc Bərdə şəhərini də atəşə tutub. Azərbaycan Ordusu isə ermənilərin yalnız hərbi mövqelərinə zərbələr endirib. Dünya Müsəlman Alimləri Birliyi Dünya Müsəlman Alimləri Birliyinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və təxribatları ilə bağlı yaydığı bəyanatda ermənilərdən işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilmələri tələb olunur. “Tərəfləri problemi konstruktiv dialoq yolu ilə həll etməyə, müharibəni, qan tökülməsini dayandırmağa çağırırıq. İki qonşu dövlət bir-birinin sərhədlərinə hörmətlə yanaşmalıdır”, - deyə bəyanatda bildirirlir. Sənəddə deyilir ki, mülki şəxslərə, ətraf mühitə və əmlaka ziyan vurmaq İslam dininə, əxlaqi prinsiplərə, eləcə də beynəlxalq hüquqa ziddir. “Ermənistan mülki insanlara hücumları dayandırmalı, dünya KİV-i bu hücumlar qarşısında susmamalıdır”, - deyə döyüşlərin getdiyi günlərdə qəbul olunmuş bəyanatda bildirilirdi. Və sonda Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Azərbaycan xalqının mədəni irsi bəşər sivilizasiyasının ayrılmaz hissəsidir və onun qorunması beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki tarixi və mədəni abidələrin bilərəkdən dağıdılması “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında” 1972-ci il Konvensiyasının, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Azərbaycan İƏT-in üzvü kimi, İslam həmrəyliyinin güclənməsinə töhfə verir, İslam dünyasının birliyi, bəzi üzv ölkələr arasında problemlərin həlli üçün səylər göstərir. Odur ki, İslam dünyası da Ermənistanın uzun müddətli təcavüzkar siyasəti nəticəsində Azərbaycanın milli mədəni irsinin, İslam mədəniyyətinə aid abidələrinin dağıdılmasını pisləməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, unutmamalıyıq ki, məscidləri dağıdan, onları tövləyə çevirməklə bu dəyərləri təhqir edən dövlət İslam ölkələrinin dostu ola bilməz. (Ərəb dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər