Xəbər lenti

Niderlandın yaxın tarixində Amerika, Asiya və Afrika qitələrində, eləcə də, müsəlman ölkəsi olan İndoneziyada minlərlə günahsız insanın qətli, Srebrenitsa soyqırımında 8300 nəfərin öldürülməsinə şərait yaratmaq kimi “qara səhifələr” var...

Niderland polisinin 2017-ci ildə türk nümayişçilərin atların ayaqları altına salınaraq, tapdalanması, vəhşi köpəklərin hücumuna məruz qoyulması kimi dəhşətli qəddarlığı hələ unudulmayıb...

Biabırçı siyasi tarixə malik olan, dini və irqi ayrı-seçkiliyin ön planda tutulduğu bir dövlətin deputatlarının erməni lobbisinin əlində oyuncağa çevrilmələrini “haqq-ədalət axtarışı” kimi qələmə verməyə çalışmaları anlaşılmazdır...

Son 30 il ərzində Azərbaycan torpaqları işğal altındaydı. Həm də nə az, nə çox 20 faiz ərazilər erməni işğalındaydı. Üstəlik, bütün dünya bilirdi ki, Ermənistanın işğal etdiyi ərazilər BMT-nin qətnamələri və digər beynəlxalq hüquqi sənədlərdə Azərbaycanın əraziləri olaraq, rəsmən tanınıb.

Ancaq dünyada bir neçə dövlət istisna olmaqla, bu işğala qarşı çıxan heç bir ölkə yox idi. Azərbaycan davamlı olaraq, işğal faktını beynəlxalq qurumların diqqətinə çatdırırdı, haqqını tələb edirdi. Bununla belə, adətən, dünyada özünü haqq-ədalət çarçısı kimi tanıtmağa çalışan dövlətlər və qurumlar heç bir reaksiya vermirdilər. Hər kəs kar, kor və lal olmuşdu.

Azərbaycan 30 il haqsızlığa uğramasına səbr etsə də, bu il sentyabrın 27-də beynəlxalq qurumların görməzdən gəldiyi ərazi bütövlüyü problemini özü həll etməyə qərar verdi. Və cəmisi 44 gün ərzində dünyanın 30 il susduğu ədalətsizliyi aradan qaldırdı. Torpaqlarını işğaldan azad etdi, beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünü nəhayət ki, bərpa etdi.

Dünyanın əsl üzü də məhz bundan sonra ortaya çıxdı. Haqq-ədalət carçılarının maskası düşdü. Məlum oldu ki, hər kəsin dili də, gözü də varmış, hətta eşidə də bilirlərmiş…

Halbuki bu dəfə də gözlər doğrunu görmədi, qulaqlar həqiqəti eşitmədi, danışan dillər ədaləti tələffüz etmədi. Bəziləri danışmağa başladılar, ancaq işğalçını qane edəcəkləri söyləməyə çalışdılar.

Əvvəlcə Fransa parlamenti öz hökumətinə qondarma Dağqlı Qarabağın müstəqilliyini tanımağı tövsiyyə etdi. Makron hakimiyyəti isə sonrakı nəticələri nəzərə alıb, həmin tövsiyyələrə uymağa cəsarət etmədi.
İndisə Niderland parlamenti “estafeti” Fransadan alıb. Azərbaycan və Türkiyənin əleyhinə təşəbbüslər göstərməkdədir. Halbuki olduqca ciddi ziddiyyətlər də var.
Məsələ ondadır ki, Ermənistan son 30 ildə Dağlıq Qarabağın müstəqilliyini tanımağa heç bir cəhd göstərməyib. Amma Ermənistanın tanımadığı Dağlıq Qarabağın müstəqilliyi indi nədənsə, Niderland parlamentini “narahat etməyə” başlayıb.

Ermənistan müharibədə darmadağın edilib, biabırçı kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qalıb. Bu sənədin imzalanması ilə Ermənistan həm də işğalçı ölkə olduğunu rəsmən etiraf edib. Yəni, rəsmi İrəvan Azərbaycana qarşı hərbi cinayətlər törətdiyini artıq inkar edə bilmir.

Üstəlik, 10 noyabrda üç dövlət – Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış sənəd 44 günlük müharibənin sona çatmasını və sülhyaratma prosesinin başlandığını tsədiqləyib. Ancaq buna baxmayaraq, bir neçə dövlət, o cümlədən də, Niderland parlamenti həmin üçtərəfli sənədə qarşı qeyri-adekvat mövqe tutur, hətta onu hədəfə almağa çalışır.

Əlbəttə, bunun müəyyən səbəbləri var. Birincisi, bunu edənlər əsasən erməni lobbisinin oyuncağına çevrilən siyasi dairələrdir. Digər tərəfdənsə, həmin qüvvələr ideoloji cəhətdən, İslamofob, ultra-sağçı və ultra-millətçi mövqeyə sahib olmaqla yanaşı, Azərbaycan və Türkiyə əleyhinə hədəflərə də malikdirlər.

44 günlük müharibənin başa çatmasından sonar Niderland parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb. Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. kimi cəfəng çağırışlar edilib. Həmin layihələrin müəllifləri isə Martin van Helvert (Xristian Demokratik Çağırış Partiyası), Joel Voordevind (Xristian İttifaqı Partiyası), Sven Koopmans (Azadlıq Naminə Xalq Partiyası) və digər ultra-sağçı, faşist ideologiyasının təbliğatçıları, ermənipərəst qüvvələrin əlaltılarıdır.

Onların səyləri ilə noyabrın 17-də Azərbaycan və Türkiyə əleyhinə Niderland Parlamentində bir neçə tövsiyyə xarakterli qətnamə qəbul olunub. Reallıqla heç cür barışmaq istəməyən bu qüvvələr parlamentdə mütəmadi olaraq analoji mövzuları qabardırlar və hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar.

Hələlik Niderland hökuməti parlamentdəki təxribatçı təşəbbüslərə müəyyən mənada, müqavimət göstərməyə və həmin layihələri balanslaşdırmağa çalışır. Anacaq hökumət də reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməyə həvəsli deyil. Bu isə parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açır.

Noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri, xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən, bu ölkənin parlamentinin təxribatçı qərarlarına kəskin reaksiya verib. O, parlamentdəki müzakirələrdə Niderland XİN başçısı S.Blokun balanslaşdırılmış yanaşmasını təqdir etsə də, ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasındakı münasibətlərə kömək etməyəcəyini də xüsusi vurğulayıb.

Onu da qeyd etmək lazımdır ki, hazırda Niderland parlamentində erməni uydurmalarının əsirinə çevrilənlər öz ölkələrinin keçmişinə baxmağa da həvəs göstərsələr daha yaxşı olardı. Çünki 20-ci əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə olan Niderland Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlayırdı. Dünyada müsəlmanların ən çox yaşadığı İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb. Bu ölkə öz müstəqilliyini 1945-ci ildə elan etsə də, illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda İndoneziyanın suverenliyini tanımağa məcbur olub.

Həmin dövrdə Niderland hərbçiləri İndoneziyada bir çox qətllər törədiblər. 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində 431 kəndli güllələnib. O dövrdə vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları indiyə qədər də Niderland məhkəmələrində iddialar qaldırmaqda davam edirlər.

Niderlandlı ermənipərəst deputatlar unutmamalıdır ki, onların ölkəsinin hesabında Srebrenitsa soyqırımında iştirak da var. 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırıma məruz qalması məhz Niderland sülhməramlı kontingentinin laqeydliyi ucbatından baş verdiyini bütün dünya bilir.

Niderland siyasi dairələrinin Türkiyəyə qarşı mövqeyi isə 2017-ci ilin martında qabarıq şəkildə ortaya çıxmışdı. Türkiyənin xarici işlər naziri M.Çavuşoğlunun bu ölkəyə girişinə qadağa qoyulmuşdu, ailə və sosial siyasət naziri Dr.Betül Sayan Kaya isə polis tərəfindən güc tətbiq edilməklə, Niderlanddan zorla çıxarılmışdı.

Buna etiraz edən türk nümayişçilər isə Niderland polisinin görülməmiş qəddarlığı ilə üzləşmişdi. Türk nümayişçilər polisin atlarının ayaqları altına salınaraq, tapdalanmışdı.

Belə bir biabırçı siyasi tarixə malik dövlətin deputatlarının erməni lobbisinin əlində oyuncağa çevrilmələrini “haqq-ədalət” kimi qələmə verməyə çalışmaları anlaşılmazdır. Müasir dünyada dini və irqi ayrı-seçkiliyin ön planda olduğu bir dövlətin özünü beynəlxalq hüququn keşikçisi kimi təqdim etməsi heç kimə inandırıcı görünməz. Çünki Niderlandın yaxın tarixində beynəlxalq hüquqa zidd “qara ləkələr” kifayət qədər çoxdur.
Müsəlman əsilli vətəndaşlara qarşı təhqirlər və təqiblər, İslamofob təzahürlər, Avropa İttifaqınə sonradan qoşulmuş ölkələrə qarşı ayrı-seçkilik Niderlandın dövlət siyasətində Avropa üçün yeni “Holland sindromu” vəd edir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu





Ana səhifəyə qayıt        Baxış: 3 039          Tarix: 9-12-2020, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma