Xəbər lenti


Bu gün Moskvada Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli görüşü keçirilir. Bu barədə yanvarın 10-da Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, üçtərəfli görüşdə münaqişənin həlli və növbəti addımlar müzakirə olunacaq.
"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr (10 noyabr) 2020-ci il tarixli bəyanatının icrasına baxılması və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirəsi planlaşdırılır. Döyüş əməliyyatlarından zərər çəkən bölgələrin sakinlərinə yardımın göstərilməsi, ticari, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək" - rəsmi açıqlamada bildirilir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Asim Mollazadə "Turan" agentliyinə bildirib ki, Azərbaycanın gözləntisi noyabrın 10-da imzalanmış bəyanatın icrası ilə bağlıdır: "Biz maraqlıyıq ki, sənəddə əks olunmuş maddələrin real icrasına başlansın".
Deputat vurğulayıb ki, Ermənistan tərəfi imzalanmış bəyanatın maddələrini pozur: "Bir sıra çox ciddi faktlar var ki, Ermənistan silahlı qüvvələri atəşkəsi pozublar, Azərbaycanın ordusuna və hətta mülki əhaliyə qarşı terror aktları həyata keçiriblər".

Deputatın qeyd edib ki, onların böyük hissəsi həbs olunub, yaxud da zərərsizləşdirilib:"Bununla yanaşı, Azərbaycanı maraqlandıran digər amil ondan ibarətdir ki, Ermənistan hökumətinin nümayəndələri qeyri-qanuni olaraq Azərbaycan ərazisinə səfər edib".
A.Mollazadənin sözlərinə görə, Azərbaycan həmçinin, tezliklə Naxçıvanla bağlı dəhlizin təhlükəsiz formada açılmasını gözləyir: "Bir neçə məsələ var. Düşünürəm ki, bu üçtərəfli görüş sazişin icrasına həsr olunacaq".
Onun qeyd etməsinə görə, ondan irəli gələn məsələlər icra olunmalıdır: "Söhbət Azərbaycan ərazisi olan Qazax rayonunun kəndlərindən gedir. (Qazax rayonunun 7 kəndi işğal altındadır) Naxçıvanın Kərki kəndi ilə bağlı, bildiyim qədər, razılıq artıq əldə edilib".

A.Mollazadə hesab edir ki, bütün bu məsələlərin ciddi müzakirəyə ehtiyacı var: "Çünki Ermənistan tərəfi hazırda bu prosesə ciddi yanaşmır və ona görə də Ermənistanın qarşısında ciddi tələb qoyulmalıdır ki, bütün razılaşmalar icra olunsun. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, kimsə başqa bir şeylərə ümid edirsə, Azərbaycan kifayət qədər gücə malikdir ki, bu prosesləri özü ələ alıb həll edə bilsin. Lakin biz yenə də barışıq sazişini icra etməyə hazır olduğumuzu nümayiş etdirmişik".
Politoloq Ərəstun Oruclu da hesab edir ki, bu görüşlər ilk növbədə noyabrın 10-da imzalanan bəyanatda əksini tapan bəndlərin rəsmiləşdirilməsi məqsədilə təşkil olunub.
Ekspert "Azadlıq" radiosuna bildirib ki, həmin bəyanat hüquqi sənəd deyil və onun əsasında atılmış addımlar, demək olar ki, qeyri-qanunidir: "İstər Rusiya qoşunlarının sülhməramlı kimi Azərbaycana daxil olması, istər bundan sonra onların fəaliyyəti… Bunlar hamısı, demək olar ki, adi söhbət səviyyəsində olan anlaşmadır".

Ə.Oruclu düşünür ki, indi ilk növbədə Rusiyaya bütün bu məsələləri rəsmiləşdirmək lazımdır: "Ona görə ki, dünya bu məsələyə ilkin mərhələdə susqun olsa da, indi ABŞ-da prezident dəyişir və Avropa ölkələrində də çox güman ki, bu sülhməramlı məsələsinə dair müəyyən suallar ortaya çıxacaq. Bu isə de-fakto həmin o qeyri-hüquqi bəyanatın demək olar ki, ləğv olunmasına, onun statusunun olmamasının təsdiqinə gətirib çıxara bilər. Ona görə Rusiyaya ilk növbədə həmin anlaşmanı leqallaşdırmaq lazımdır ki, hər iki ölkənin, heç olmasa, parlamenti səviyyəsində qərar verilsin".
Ə.Oruclunun vurğulamasına görə, bununla da Rusiya bölgədəki statusunu leqallaşdırmaq istəyir: "Çünki sülhməramlılar mandatı yalnız beynəlxalq qurumlardan ala bilər".

Politoloq həmçinin qeyd edib: "Həm də onu gözləyirəm ki, Azərbaycanın və Ermənistanın üzərinə müəyyən öhdəliklər qoyulsun. Məsələn, tutaq ki, Ermənistanda Rusiya hərbi kontingentinin sayının artırılması və eyni zamanda Azərbaycanda həmin addımın atılması, yəni Rusiya hərbi kontingentinin Qarabağda sayının artırılması. Həmçinin, Türkiyənin hərbi kontingentinin Azərbaycana gəlməsinin qarşısını alan müəyyən hüquqi sənədlərin qəbul edilməsi".
Ekspert qeyd edib ki, görüşdə, ola bilsin, qondarma Dağlıq Qarabağ qurumunun status məsələsi də müzakirə olunsun: "Ona dair hansısa anlaşmalar təklif oluna bilər. Bilmirəm, buna imza atılacaq, atılmayacaq, amma hər bir halda görünən odur ki, Putin məcbur etmək istəyir ki, tərəflər onun iradəsinə uyğun şəkildə, onun istədiyi qərarlara imza atsınlar. Ondan sonra da həmin imzalar ölkələrin parlamentlərində ratifikasiya olunsun və buna bir hüquqi don geyindirilsin".

Hərbi ekspert Nazim Bayram isə hesab edir ki, Ermənistanla danışıqlarda Azərbaycan və Rusiya üçün prioritet məsələ Naxçıvanı Azərbaycanla birləşdirən quru nəqliyyat kommunikasiyalarının açılmasıdır: "Nikol Paşinyan bunu anlayaraq görüş öncəsi açıqlamalarında Naxçıvan yolunun açılmasını (10 noyabr razılaşmasının 9-cu bəndi) əsirlərin qaytarılmasına (8-ci bənd) bağlayır. Hazırda əsirlərlə və itkin düşənlərlə bağlı Paşinyan güclü daxili pressinq altındadır. O bu təzyiqdən qurtulsa, Ermənistan cəmiyyətinin gözündə özünü bir az doğrultmuş olar və bundan hakimiyyətini uzatmaq üçün qazanar. Lakin Azərbaycan atəşkəs bağlanandan sonra Ermənistandan Azərbaycan ərazisinə sızan silahlılara qarşı terrorçuluq və diversiya maddələri ilə cinayət işi qaldırıb və haqlı olaraq onları hərbi əsir hesab etmir".

O hesab edir ki, N.Paşinyan indi hər şeyə söz verməyə hazırdır, o cümlədən, strateji nəqliyyat koridorlarının açılmasına.
N.Bayramın düşüncəsinə görə, Ermənistan baş naziri N.Paşinyanın əsl niyyəti isə Bayden administrasiyasının işə başlaması ilə danışıqların Minsk qrupu formatında reanimasiyasıdır.
Ekspert hesab edir ki, Rusiya regional nəqliyyat əlaqələrinin ən qısa zamanda açılmasında maraqlarıdır: "Bu məsələdə Rusiyanın Azərbaycanla maraqları üst-üstə düşür. Lakin Rusiyanın Azərbaycandan istəklərindən biri sülhməramlı kontingentin təminatı üçün Xocalı aeroportunun açılması ola bilər. Bəzi rusiyalı ekspertlər 10 noyabr razılaşmasında bütün regional kommunikasiyaların açılması bəndinə Qarabağla hava yolunun açılmasını da daxil edirlər və Azərbaycanın bu məsələni Xocalıya köçkünlərin qaytarılması ilə bağlayacağını ehtimal edirlər. Xocalı aeroportu regional infrastrukturun bir parçası olmayıb və deyil".

Ekspert qeyd edib ki, Rusiyanın əsas qayğılarından biri də Qarabağdakı sülhməramlı kontingentinə beynəlxalq status almasıdır: "Bunun üçün ona ATƏT-in Minsk qrupunun dirçəldilməsi lazımdır. Minsk qrupu Putinə Bayden administrasiya ilə əlavə əməkdaşlıq meydançası kimi də lazımdır. Minsk qrupunun dirçəlməsində müxtəlif dərəcədə Rusiya ilə Ermənistanın maraqları üst-üstə düşür".
N.Bayram bildirib ki, Azərbaycan Rusiya sülhməramlılarının statusu və funksiyalarının tam detallaşmasında maraqlıdır.
O hesab edir ki, Azərbaycan həmçinin, 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun, Ermənistanın və ya separatçıların silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını gündəmə gətirəcək: "Tərəflər arasında bu bəndin oxunmasında fərqlər mövcuddur. Danışıqlar buna aydınlıq gətirməlidir". (azadlq.org)



Ana səhifəyə qayıt        Baxış: 2 731          Tarix: 11-01-2021, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma