Xəbər lenti

 

Keçmiş maliyyə naziri Saleh Məmmədov bir müddət öncə çoxdilliliklə bağlı yaranmış polemikaya son qoymaq məqsədilə bir yazı qələmə alıb. Açıq məktub xarakterində olan bu yazını Ovqat.com oxucularına təqdim edirik: 
"Ölkədə hansı dillərdən istifadə etmək və bununla da dərin, minillik təhsil böhranından çıxmaq üçün mənim tərəfimdən təklif olunan tədbirlərin qısa müddətli müzakirələrinə yekun vurmaq istərdim.
Başda çox dəyərli ustadımız Sabir bəy Rüstəmxanlı olmaqla opponentlərə təşəkkür edirəm, vaxt ayırıb fikir bildirmək və insanlara normal diskussiya aparmaq mədəniyyəti aşılamaq, nümunə göstərmək özü bir alilik, böyük ziyalılıq əlamətidi. Həmçinin, başda hörmətli alimimiz, böyük ziyalımız Şahlar müəllim olmaqla proponentlərə, bu fikirə dəstək verən insanlarımıza dərin təşəkkürümü bildirirəm. Bununla bərabər, müzakirələrə qoşulmayan, qoşulmaq istəməyən, laqeyd qalan ziyalılarımız var, həm də çox hörmətli, cəmiyyətdə həmişə öz mövqeyi ilə seçilən ziyalılarımız var, onlara bildirmək istəyirəm ki, əcnəbi dillərin ölkəyə gətirilməsi sadə məsələ deyil, bu böyük inqilabi hərəkətdir, mədəni inqilabın bazasıdı, bu xalqı islam əsarətindən, islam gericiliyindən, islam-ərəb işğalından azad etməyin yeganə yoludu. Hər bir vətəndaşı narahat edən məsələdi, gərək hər kəs mövqeyini bildirsin.
Müzakirələr çox mətləblərə aydınlıq gətirdi və oponentlərin və proponentlərin arqumentlərinə yekun vurmaq olar. Proponentlərin söylədikləri mənim göstərə bilmədiklərim bir çox arqumentləri də müzakirə dövriyyəsinə gətirmişlər və yeni rəsmi dillərin ictimai dövriyyəyə daxil edilməsi zərurətini yeni arqumentlərlə əsaslandırmışlar.
Opponentlərin əsas arqumentləri nəticəyə əsaslanmayan milli emossional xarakterli narahatçılıqdan ibarətdi. Yəni opponontlər başqa dillərin dövriyyəyə buraxılması ilə türk dilinin ümumiyyətlə sıradan çıxması qorxusunu irəli sürürlər və hər kəs insanların bu narahatlığını mütləq nəzəzrə almalıdırlar. Dil siyasəti ümumi inkişafın və xüsusilə təhsilin, elmin, mədəniyyətin sürətli inkişafının çox mühüm amilidi, yeni dillər dövriyyəyə buraxılarkən mütləq nəzərə alınmalıdır. Dil informasiya axınına girişin təmin olunması, təhsilin yüksəlməsi, iqtisadi inkişafın sürətlənməsi deməkdir və bu amillər ana dilinin istifadəsini məhdudlaşdıra bilməz, tam əksinə ana dilinin inkişafını təmin edəcəkdir. Oponentlərin məntiqindən belə çıxır ki, azərbaycanlıların təhsil səviyyəsi yüksəldikcə ana dilinin inkişafı məhdudlaşacaq, bu absurddu, ana dilini Şimalda bu hala gətirən, Cənubla müqayisədə çox inkişaf etdirən rus dilində alınan təhsil olmuşdur, rus elm ocaqlarında yetişən proffessorlar bu dili bu səviyyəyə gətirmişdilər (nə ərəb, nə də fars deyil). Oponentlərimin psixologiyasına həmlə edən İslam amilləri onların özlərinin də hiss edə bilmədiyi şəraitdə açıq özünü göstərir, ilk nəzərdə ciddi bir şey yoxdu, amma bu cür məhdudiyyətlərlə təhsilin qarşısı alınır, təhsilin qarşısının alınması İslamın gətirdiyi ən ciddi amildi, təhsili zəif olan insanları nağıllarla aldadıb, cəhalətdə saxlamaq, idarə etmək çox asandı və belə olan halda ana dilinin inkişafı mümükün deyil. Təhsilin zəifliyi ana dilinin məhdudlaşdırılması deməkdir. Çoxdillilik isə birinci növbədə təhsilin inkişaf amilidir.
Bu təkliflə dil proqramı qurularkən bütün narahatçılıqlar nəzərə alınmış və kompleks əks tədbirlər sistemi də nəzərədə tutulmuşdur.
Bütün bunları nəzərə alaraq çoxdillik ideyasının tarixinə, səbələrinə, proqramın həyata keçirilməsiindən əldə olunacaq nəticələrə bir daha qısa da olsa nəzər salmaq istərdim.
Beləliklə:
Çox dillik ideyası haradan gəldi – birinci növbədə öz təcrübəmdən, orta məktəbi ucqar dağ kəndində əla qiymətlərlə bitirdikdən sonra Sovet vaxtının şəhər və ali məktəb mühitinə düşdükdən sonra hiss etdim ki, rus dilini öyrənmədən heç bir dolğun bilgi almağım, ümumiyyətlə, müvəffəqiyyət qazanmağım mümkün deyil və qısa zamanda buna nail olduqdan sonra çox rahatlandım. Sovet İttifaqından kənara çıxdıqda məktəbdə öyrəndiyim fransız dili, Universitet və aspiranturada öyrəndiyim alman dili heç yerdə köməyimə çatmadı, sanki, Bakıya gələndə rus dilsiz hiss etdiyim çətinliklər, eyni ilə qarşıma çıxdı. Bundan sonra beynəlxalq dilə yiyələnmək qərarına gəldim və tezliklə buna nail oldum, həm də Anadolu türkcəsininin qrammatikasını öyrəndim. İndi sanki bütün dünya öz vətənim kimi mənə ev sahibliyi edir, hətta geridə qalmış Afrikanın ucqar kəndlərində belə olsa. Həm də bu dilləri öyrənmək artıq 4-cü, 5-ci ... dillərin öyrənilməsini olduqca asanlaşdırır. Sonralar tədris prosesində, iş fəaliyyətində özlüyümdə dərk etdim ki, bir yalnız ana dilinin ümidinə qalsaq təhsilimizi və inkişafımızı geridə qalmış Afrika və ya Latın Amerikası ölkələrinə çatdıra bilərik. Bizə isə hədəf olaraq dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə qalxmaq lazımdır. Bu strateji məqsədi sözdə də olsa əksəriyyət iqtidar və ya müxalifət partiyaları elan etmişlər.
Niyə ingilis dili?
İngilis dili dünyada yeganə dil olaraq beynəlxalq dil statusunu rəsmən qazanmışdır. Dünyada fəaliyyət göstərərn 200 dövlətdən 30%-nin rəsmi və ya dövlət dili olaraq, yerdə qalanının isə beynəlxalq səviyyədə işlək dili kimi istifadə olunur. Dünyanın ən böyük və təsirli ölkələrinin: ABŞ, B. Britaniya, Hindistan, Pakistan, Avstraliya, Yeni Zelandiya, Avropa birliyi, Sinqapur, Honkonq (Chin), Tayvan (Chin) və s. dövlət və ya rəsmi ünsiyyət dili kimi istifadə olunur.
Bəs rus dili nə üçün lazımdır?
Əvvəla, bəzi dünyadan xəbərsiz cahil, amma şəri sevən, isti divanda oturub “dünyaya meydan oxuyan” dil qəhrəmanlarına xəbərdarlıq etmək istəyirəm ki, Rusiya ilə heç bir şəxsi əlaqəm yoxdur, heç vaxt olmayıb da, əksinə hər zaman Rusiyanın təhlükəsizlik orqanları ilə problemim olub, indi də Rusiya ərazisinə girişim qadağandı. Əgər bilsəydim ki, rus dilinin rəsmiyyətə salınmasının ölkəmin maraqlarına cüzi bir zərəri var, qətiyyən bu iş müdafiə etməzdim. Təkrar göstərmək istəyirəm ki, rus dilinin rəsmi dil kimi Azərbaycanda öyrənilməsi hamıdan çox Azərbaycana və türk dünyasına lazımdı. Bir az gələcəyi görmək lazımdı, özümüzə qısılıb qapalı düşüncə və qapalı məkanla yaşamaq olmaz. Süleyman Peyğəmbər demişdir ki, haradakı gələcəyi görmə yoxdur, orada millətlər məhv olur. Oponentlər üçün daha bir dəqiqləşdirmə etmək istəyirəm. Bəzi oponentlər belə qələmə verirlər ki, mən rus və ingilis dilini Azərbaycanda dövlət dili elan etməyi təklif etmişəm. Əsla bu belə deyil. Azərbaycan türkcəsini yeganə dövlət dili kimi qalmasını və onun daha da möhkəmləndirilməsini, bu istiqamətdə çox böyük tədbirlər planının həyata keçirilməsini, bununla bərabər ingilis və rus dillərinə rəsmi ünsiyyət dili statusunun verilməsini təklif etmişəm. Dövlət dili ilə rəsmi ünsiyyət dilinin fərqləri böyükdür, bunları qarışdırmaq olmaz. Dövlət dili və rəsmi ünsiyyət dilinin tərifi hələ 1953-cü ildə YUNESKO-nun mütəxəssisləri tərəfindən geniş formada verilmişdi və dünya miqyasında bu təriflərdən istifadə olunur.
Beləliklə,
1. Rus dili fransızdan, almandan fərqli olaraq hələ uzun müddət böyük bir coğrafiyanın ünsiyət dili olaraq qalır və bu ən azı iki nəslin davamiyyəti dövründə belə də qalacaq. Keçmiş SSRİ məkanı, bir çox sosialist ölkələri tam bir yarım milyardlıq əhali bu dildən ünsiyyət dili kimi istifadə edir. Maraqlısı da odur ki, həmin məkanda başqa beynəlxalq dil işləmir, ingilis dili kimi məşhur dil Sovet vaxtında qəbul olunmurdu. İngilis dilinin işlənməsi yeni-yeni başlayır.
2. Azərbaycan əhalisinin böyük əksəriyyəti türk soyludu, xeyli zamandır ki, əsasən İslam və kommunist işğalı nəticəsində öz soy kökündən ayrı düşmüşdür, digər dilimiz türk ləhcələrindən tamamilə fərqli duruma gəlmişdir, nəinki Uzaq Şərqdə, hətta qonşuluqda yaşayan milli mənsublarımızla öz ləhcəmizdə anlaşa bilmirik. Türk dilli ölkə və qrupların öz dillərində anlaşa bilmələri üçün böyük istək zəruridi, güc sərf olunmalıdı və yüz illiklərlə vaxt lazımdı. Ortaq türk dili təklifi bir əsr bundan əvvəl gündəmə gəlməsinə baxmayaraq heç bir irəliləyiş yoxdur. Kəmiyyət etibarı ilə Türk ölkələrinin və qruplarının 90% Sovet məkanında, böyük bir qismi isə indiki Rusiyada (Yakut saxa-ərazisi bütün digər türklərinkindən çoxdur, Dolqan, Tatarıstan,Balkar, Başqırdıstan, Altay, Şors, Xakas, Tıva, Çuvaş, Noqay, Kumık, Karaçay, Karaim və.s- əksəriyyəti muxtariyyətə sahibdirlər) yaşayır, Krım tatarları, Qaqauz türkləri rus dilli məkandadırlar və bizim onlarla yeganə ünsiyyət dilimiz rus dilidi. Rus dilini itirmək bütün bu türk dünyası ilə əlaqələri itirmək deməkdir.
3. Rusiya böyük əraziyə və uyğun olaraq böyük təbii resurslara malikdir, bunların da xeyli hissəsi türk qruplarına mənsubdur. Bu ölkədə iki milyondan çox Azərbaycanlı yaşayır. Azərbaycanda da 150 mindən çox slavyan dill vətəndaşmız var. Rus əhalisinin sayı digər Avropa xalqları kimi hər ildə bir milyon nəfər azalır. İndi də görünür ki, ruslar bu resursları təkbaşına mənimsəyə bilməyəcək. Sovet sonrası tarix göstərdi ki, Rusiyanın saysız-hesabsız resurslarının mənimsənilməsində türk qrupları, xüsusilə Azərbaycanlılar böyük rol oynayır, bu rol gələcəkdə daha da güclənəcək. Eyni zamanda son minillikdə ruslar hər zaman türklərlə iç-içə yaşamışdı, ərazilər davamlı olaraq sahibini dəyişdirmişdi. Bu prosesdə dil amili mühüm rol oynamış və yenə də oynayacaqdır. Dil məsələsini sadəcə primitiv milli emosyyamızın qabardılması nöqteyi nəzərdən deyil, uzaq gələcək üçün milli maraqlar, əldə oluna biləcək son nəticə baxımından dəyərləndirmək lazımdır.
4. Rusiya fəza ölkəsidi, geridə qalmış müsəlman türklərdən fərqli olaraq yerdən kənar başqa planetlərin sonsuz miqdarda resurslarının mənimsənilməsində və bölgüsündə fəal iştirak edir, bu dil bizə həm də fəzaya çıxış üçün lazımdır. Rusiyanın kosmik potensialının xeyli hissəsi suveren türk ölkəsi- Qazağıstanın ərazisindədi, qazaxlarla da hələ öz dilimizdə anlaşa bilmirik, ingiliscə də elə sürətli mənimsəmə getmir, yalnız rus dili lazımdır.
Bununla bərabər opponentlərin arqumentinə aydınlıq gətirmək istərdim. Arqumentlər də ümumən çox deyil. Əsasən bütün arqumentlər bir nöqtəyə gəlib dirənir, ana dilimizdə danışan olmayacaq, ana dili sıradan çıxacaq. Bu arqumentə qarşı nə deyə bilərəm? Əvvəla, ana dilimizin ən inkişaf eləyən vaxtı rus dili ilə yanaşı işlədilən zaman olub, bizdən 3-4 dəfə çox olan Cənubi Azərbaycanlıların faktiki olaraq elmi qaydada ana dili yox dərəcəsindədi. Elmi cəhətdən cənublu soydaşlarımızla ana dilimizdə tam anlaşa bilmirik. Sonu ya ingilislə, ya başqa ortaq bildiyimiz dillə tamamlayırıq. Opponentlərimi bu vəziyyəti emosiyyadan və primitiv milləyyətçilikdən kənar qəbul etmələrini və dəyərləndirmələrini istərdim. Rus dili elə zərərli olsaydı, Rusiyanın müstəmləkəsi olan vaxtı özünü göstərərdi və bizim də Cənublu soydaşlarımız kimi nə elmi, nə nəzəri, nə də mükəmməl praktiki dilimiz qalardı. Cənub soydaşlarımızla, hətta müstəqil Anadolu ləhcəsi ilə də müqayisədə bu gün, elə Sovet vaxtı da mükəmməl elmi, nəzəri, qrammatik, praktik, geniş tədqiq olunmuş müstəqil ana dilimiz olubdur. Bunda da nə Fars, nə Anadolu türkcəsi, nə də ingilis deyil, məhz rus dilinin rolunu qiymətləndirmək lazımdır. Məhz, Rusiyanın tərkibində azərbaycan türkcəsi üzrə yüzlərlə elmi dissertasiyalar yazılmış, geniş tədqiqatlar aparılmış, elmi tədqiqat institutları, universitetlər açılmışdır. 35 milyonluq cənublu soydaşlarımızın isə ana dilinin adını çəkmək belə qadağan idi. Nə qədər təəssüf edici hal da olsa boynumuza almalıyıq ki, dilimizin ən zəif inkişafı (nisbi) müstəqillik illərinə təsadüf edir, bu illərdə rus dili sadəcə xarici dil kimi istifadə olunmuşdur.
Başqa bir arqument: rus dilini ikinci rəsmi dil kimi qəbul edən şərq soydaşlarımız, qazax türklərinin dili bizimlə müqayisədə çox geridə qalırdı, sovet dağılan vaxt əhalinin cəmi 35-36%-i qazax türkcəsində danışırdı. Başqa tədbirlərlə yanaşı rus dilinin də ikinci rəsmi dil kimi qəbul olunması nəticəsində indi artıq qazax əhalisinin 80%-dən çoxu qazaxca danışır, qazaxca informasiya bazası 50-60 dəfə artırlmışdı, türkcənin heç bir ləhcəsində (hətta Anadolu ləhcəsində) olmayan mükəmməl elektron –onlayn baza, yeni dil qurumu yaradılmış, büdcədən böyük miqdarda vəsait ayrılmış, Soyle.kz dövlət elektron resursu yaradılmışdı. İstənilən şəxsin istənilən coğrafiyadan bu xidmətlərdən istifadə edərək qazax dilini ödəməsiz öyrənmə imkanları yaradılmışdır. Dillərin belə istifadə olunması, öz dilinin sürətlə inkişaf etdirilməsi Qazagıstanı təhsil indeksinə görə dünyada inkişaf etmiş ölkələrlə bir cərgəyə yüksəlməyə və müsəlman ölkələri üzrə birinci yerə çıxmağa imkan verdi. Vaxtı ilə təhsilin inkişafı indeksinə görə bizimlə eyni cərgədə olan bu qardaş ölkə indi iki dəfə bizdən yuxarıdı. Bu müvəffəqiyyətdə rus dilinin istifadəsinin az rolu olmamışdı. Bizdə isə ana dilini bilməyən (elmi dildən söhbət gedir) 40 milyonluq kənarda yaşayan soydaşlarımız üçün və başqa xalqlarımız üçün təklif etməyə heç bir resursumuz yoxdur. Sadə təhlükəsiz elektron əlifbamız, klaviaturamız, mükəmməl tərcümə proqramlarımız belə yoxdu. Tələbələrə və şagirdlərə ana dilində təhsil üçün bayağı tərif, Şimali Koreyada olduğu kimi məlum şəkillərlə bəzədilmiş primitiv, birtərəfli, yalnız təriflə doldurulmuş köhnə, əsasən rus dilindən kobud surətdə tərcümə olunmuş dərs vəsaitlərindən başqa heç bir şey təklif edə bilmirəm, elektron dərsliklərdən və proqramlardan söhbət gedə bilməz. Mənim oponentlərim, gərək inciməsin, məni və millətimizi bu qapalı məhdud bigi çərçivəsində saxlamaq istəyirlərsə böyük yanlışlığa yol verirlər, bununla onlar özləri milləti qapalı, savadsız, bayagı təbliğat dairəsində saxlamaqla Azərbaycanın inkişafını istəməyən başqa düşmənlərə və həmçinin xalqı qapalı informasiya şəraitində saxlamaq istəyən Azərbaycan molla siyasətçilərinə xidmət etmiş olurlar. Bu günkü Azərbaycan türkcəsinin ümidinə qalmakla xalq dünya informasiya bazasının 5%-nə giriş əldə edə bilərlər, o da daha çox təhrif olunmuş formada: bunun vasitəsilə dəfələrlə geridə qalmış müsəlman təhsilinə və inkişafına müvəffəq ola bilərik, Avropa-qərb təhsilinə deyil.
Arqumentlərdən biri-köməkçisi də ondan ibarətdir ki, kim nə qədər istəyir dil öyrənsin. Bu arzu olunan xəyaldı, nağıldı, həyata keçirilməsi isə islam-ərəb psixoloji işğalı şəraitində mümkün olan şey deyil. Mən uzun müddətli müəllimlik təcrübəmə və millətin inkişafı tarixinə əsaslanaraq bunu belə formada təsdiq edirəm. 1400 ildə belə inkişafa sahib olmayan xalq 5-10 ilə eyni şəraitdə və eyni qayadda nail ola bilməz. Burada üç vacib amil eyni vaxtda va qaydada tətbiq olunmalıdı:
- İslam-ərəb psixoloji işğalından maksimum aralanmaq, İslamın real mahiyyətini geniş formada əhaliyə aşılamaq, bu istiqamətdə geniş müzakirələr, elmi tədqiqat işləri aparmaq, bütün istiqamətlərdə əhaliyə obyektiv informasiya bazasına çıxışı təmin etmək. İslamla dərin elm, texnoloji inkişaf, yüksək təhsil, söz azadlığı, demokratiya, sərbəst informasiya əldə etmə, dünya informasiya bazasına sərbəst giriş bir araya gələn deyil. Tarixi təcrübə sübut edir ki, islamlaşma ilə iqtisadi tərəqqi, texnoloği inkişaf, elmi yüksəliş tərs mütənasib asılılıqdadı, tam əksinə, islamdan uzaqlaşma ölkələrin, toplumların, qrupların iqtisadi, elmi-texnoloji inkişafını sürətləndirir. İngilis və rus dilləri fars və ya ərəb dilləri deyil, texnoloji inkişaf, fəza, elm və təhsil dilləridir.
- maddi və inzibati məcburiyyət. İslam-ərəb psixologiyası Azərbaycanlıların beyninə çox dərinlərə işləmişdi və qısa müddət ərzində bu psixologiyanı dəyişmək çox çətin olacaq. İslam psixologiyasının o qədər mənfi çalarları var ki, hətta tamamilə ateist və ya başqa din sahibləri olan insanlar bu mənfi çalarlardan çıxa bilmirlər. Çünki, bu mənfi psixoloji elementlər mənfi meylli hadisələrlə, onların maraqları ilə üst-üstə düşür. Məsələn, ateist rəhbərləri olan ölkələrdə şəxsiyyətə pərəstişin güclənməsi, rəhbərlərə qarşı yaltaqlıq və məddahliq, diktatura və monarxiya sisteminin yaradılması, elmin inkişafına maneçilik törədilməsi, obyektiv informasiya axının qarşısının alınması, şəriat qaydalarına əsasən insan hüquqlarının məhdudlaşdırılması, hətta yaşamaq hüququnun alınması (məhkəməsiz və ya haqsız məhkəmə yolu ilə) – bunlar hamısı islam şəriətində nəzərdə tutulan hadisə və proseslərdi. Amma ölkənin inkişafının təmin olunması qısa müddət üçün zəruridi və həyata keçirilməlidi. Buna görə də iki əcnəbi dilinin rəsmiyyət dili kimi öyrənilməsi inzibati qaydada məcbur edilməli və maddi tərəfdən də stimullaşdırılmalıdı. Bunu dövlətin əsas idarə sütunu olan dövlət məmurlarının hamısı qarşısında ana dilinin və diğər iki ünsiyyət dillərinin kamil bilməsi şərtinin qoyulması, ümumiyyətlə, üç dili bilməyən şəxslərin dövlət orqanlarına işə götürməyə kəskin qadağa qoyulması, təhsil ocaqlarında, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarında dövlət dilindən əlavə dil bilgilərinə görə əmək haqqına əlavələr etməklə və s yollarla etmək olar.
- Universitetlərdə, məktəblərdə, digər təhsil ocaqlarında tədriclə (beşillik keçid dövrü) əksəriyyət dərslərin ingilis dilində keçirilməsi (humanitar dərslər istisna olmaqla – ana dili). Mən şəxsən, bu günə kimi elmi fəaliyyətim üçün və ya ölkənin daxilində baş verən proseslərin izlənilməsi məqsədi ilə ana dilində heç vaxt doğru məlumat ala bilməmişəm, ya yanlış, təhrif olunmuş məlumatlardı, ya heç yoxdu. Vaxtı ilə Azərbaycandan dəfələrlə geri qalan Sinqapor 1965 ci ildə islahatlara başlayanda birinci növbədə 4 dilin rəsmi ünsiyyət dili elan etdi, bu xalqa heç bir aidiyyatı olmayan ingilis dilini isə dövlət dili elan edərək bütün universitetlərdə və məktəblərdə təhsili ingilis dilinə keçirdi, bununla belə ana dilini və digər ünsiyyət dillərini də çox yüksək səviyyədə inkişaf etdirdi. Bu gün Bakı şəhərinin ərazisindən üç dəfə kiçik bir ərazidə yerləşən, heç bir təbii resursa malik olmayan bir ölkə, Azərbaycan deyil, Rusiya kimi nəhəng ölkədən 1.4 dəfə çox məhsul ixrac edir və dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Bütün dünya exspertləri təsdiqləyir ki, bu müvəffəqiyyətlərin əldə olunmasında ən mühüm rol çoxdilliliyə aiddir.
Oponentlər narahat olmasınlar, belə bir tədbirin həyata keçirilməsinə nə bu günkü iqtidar, nə də bir çox müxalifət qüvvələri öz maraqları baxımından imkan verməzlər. Çünki, bu tədbir dövlət məmurlarının təqribən 95-98%-nin ya ciddi və qısa zamanda təkmilləşməsini, ya da tutduqları vəzifələrdən uzaqlaşdırılması zəruriyyəti yaradacaq, çevik, ağıllı, savadlı, bər bir məsələni operativ həll etmək qabilliyyətinə sahib gənclərin işə qəbul olunmasını tələb edəcək, belə gənclər isə adətən zəngin və ya məmur ailələrində yetişmir, indiki məmurların içərisində də çox azdırlar. Belə bir islahatın həyata keçirilməsi üçün Sinqapur islahatlarının banisi Lee Kuan kimi bir şəxs lazımdır".



Ana səhifəyə qayıt        Baxış: 1 550          Tarix: 13-07-2017, 07:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma