Nicatgilin yaşadığı bina Mərkəzi univermağın yaxınlığında, yolun kənarında yerləşirdi. O, həftənin beş gününü ofislərində çalışar, qalan iki gününü isə evdə olardı. Anası Nərgiz xala onu hey danlayardı ki, a bala, bəsdir, evdə oturub dizlərini qucaqladın, çıx bir az da şəhəri dolan, gör, nə var - nə yox, xeyri olmazdı. Dostlarının təkidi ilə ildə bir-iki dəfə bulvara və ya kinoya gedərdi, ya getməzdi. Nicat gündüzlər evdə olanda çox vaxt pəncərə qarşısında oturub yoldan ötən adamların yerişlərinə, geyimlərinə, sifət quruluşlarına tamaşa edər, cəmiyyət haqqında düşüncələrə dalardı.
Nərgiz xalanın ürəyində tək bircə arzusu var idi; yaşı otuzu adlayan oğlunu tezliklə evləndirib oğul-uşaq sahibi görmək və ömrünün qalan hissəsini nəvələrinə həsr etmək. Əslində Nadir müəllimin də istəyi elə bu idi. Ancaq o, aralarında müəyyən pərdə olduğu üçün evlənməklə bağlı iradlarını oğluna həyat yoldaşı Nərgiz xanım vasitəsi ilə çatdırardı. Axırıncı dəfə arvadına verdiyi göstəriş çox aydın və qısa olmuşdur: “Onu başa sal ki, atan deyir, daha bəsdir! Biz də yazığıq! Ona iki ay vaxt verərəm. Əgər bu müddət ərzində tərpənməsə, ürəyindən keçəni deməsə, onda məndən inciməsin. Gedib münasib qohumlardan birinin qapısını döyəcəyəm”. Nərgiz xala tez-tez Nicatın məhəllədəki dostlarından da xahiş edərdi ki, oğlunu dilə tutub yola gətirsinlər. Həqiqətən onlar da davamlı olaraq Nicatla söhbətləşər, onu evlənməyə həvəsləndirərdilər. Özləri ailəli olduğundan evliliyin nə qədər mənalı, maraqlı və vacib olması haqqında söhbətlər aparar, ciddi mülahizələr yürüdərdilər.
Nicatgilin ofisi proqramlaşdırma üzrə fəaliyyət göstərirdi. O, bəzən işlərini çatdıra bilməyəndə gəlib davamı ilə evdə məşğul olardı. Peşəsini çox sevdiyindən Nicat saatlarla çalışsa da, yorğunluq nə olduğunu bilməz, yaxşı nəticələr əldə edəndə isə sevincindən az qala qanadlanıb uçardı. Bütün diqqətini mütaliəyə, araşdırmalara həsr etdiyindən, şəxsi həyatı yadına belə, düşməzdi. Yaşı artdığından bir az da çəkingən olmuşdu. Bilmirdi ki, gənc qızlara necə yaxınlaşsın, sözünü necə desin. Sərt cavab almış olarsa, nə edəcəyini təsəvvürünə belə gətirə bilmirdi. Ancaq evlənməyin vacib olduğunu da anlayırdı.
Həftənin şənbə günü idi. Qonşuları Oktayla Hoqqa Hüsen qapılarını döyüb Nicatı səslədi. Nərgiz xala qapını açıb oğlunun dostlarını görəndə çox sevindi:
-Xoş gəlmisiz, buyurun içəri.
-Sağ ol, Nərgiz xala. Keçmirik. İnteligent evdədirmi? – Hüsen soruşdu.
-Gəldim, gəldim, - deyə Nicat içəridən səsləndi.
Birlikdə küçəyə çıxıb binanın arxasında piyada yolunun kənarındakı ağacın altında dayandırlar. Hüsen bir siqaret yandırıb damağına doydu. Evlənmək barədə əvvəlcə Oktay danışmağa başladı:
-Nicat, niyə evlənmirsən? Hər şeyin bir təhri var, qardaş. Yaşın otuz beşi haqlayır. Toy elə, biz də bir qol - qanad acaq. Özünə yazığın gəlmir, heç olmasa o anana, Nadir müəllimə yazığın gəlsin. Söz vermişdin ki, tezliklə bu problemi həll edəcəksən, bəs, nə oldu?
Nicat dillənmədi. Bu dəfə söhbəti Hüsen davam etdirdi:
-Ə, peysər, niyə cavab vermirsən? Şəhərdə qız yoxdu? Sən öl, əgər evlənməsən, nənəmi gətirib ötürəcəyəm sizə. Hünərin var, evdən çıxart.
-Nicat, bəlkə bir problemin var, ona görə evlənmirsən? Bizdən gizlətmə, heç kimə demərik... – bu dəfə Oktay maraqlandı.
-Yoox, Allah eləməsin... Bilirsən, Oktay, siz dediniz, demədiniz - fərqi yoxdur. Mən başa düşürəm ki, bu işi yubatmaq olmaz. Atam da, anam da çox narahatdılar. Artıq səbrləri çatmır, qərar tuta bilmillər. Mən də ki səhər işə yollanır, axşam da evə qaydıram. O qızı hardan tapım? Tutaq ki, tapdım, bəs, onu tanımaq şərt deyilmi? Deyirsiz, gözüyumulu evlənim?!
-Bəs, iş yerində, qohumlar arasında tanıdığım biri yoxdumu? – Hüsen soruşdu.
-İşdə yoxdur, hamısı gedib. Qaldı qohumlara, nə deyim, vallah... Məncə, yadla evlənmək daha yaxşıdır.
-Vaxtında çox dedik, eşitmədin. Qızlar elədilər də, gözünü açmamış uçub gedillər. İndi sənin yaşına uyğun qız tapmaq da asan deyil. - Oktay bildirdi.
Bu vaxt Hüsen piyada yolu ilə onlara tərəf gələn iki cavan qızı göstərib dedi:
-Bir bax, Nicat. Gör, nə qəşəng qızlardı. Səliqəli, boyasız. Barmaqları da boşdur. Yəqin subaydılar. Bəlkə Allah bunları sənin qismətinə çıxarıb? Hə, nə deyirsən, xoşuna gəldimi?
-Yaxşı, yaxşı, zarafatı burax.
-Nə zarafat, düz deyir də. - Oktay dilləndi. - Yaxınlaş də, səni yeməyəcəklər ki?
-Ciddi deyirsiz?
-Əlbəttə - Oktay dedi. - Kimliyini, zatını sonra öyrənərik.
Qızlar oğlanların yanından keçən kimi Nicat özünü ələ alıb onların ardınca yüyürdü. Qızlardan biri yaşıl, digəri qırmızı gödəkcədə idi. Özünü toparlayıb yaşıl gödəkcəli qıza yan aldı. Fikrini cəmləyib utana-utana dedi:
-Bağışlayın, mənə çox doğma gəldiniz, biz tanış deyildik?
-Bəlkə yuxuda görmüsüz? – deyə yaşıl gödəkcəli qız özünü itirmədən cavab verdi.
-Yox, mən ciddi deyirəm. Adım da Nicatdır.
-Xeyr, tanış deyilik, cavan oğlan.
-Əgər icazə versəydiniz tanış olardıq. Niyyətim pis deyil, xahiş edirəm mənə pis oğlan kimi baxmayasınız.
Bu vaxt qızlar gəlib univermağa çatdılar. Yaşıl gödəkcəli qız dedi:
-Nicat, xahiş edirəm arxamızca gəlməyəsiz. Qohumlarımızdan görən olar, yaxşı düşməz.
-Baş üstə - deyib, Nicat içəri keçmədi. Bayırda bir kənara çəkilib səbrsizliklə qızların yolunu gözləməyə başladı.
Univermağa daxil olan kimi qırmızı gödəkcəli qız dedi:
-Ülkər, pis oğlana oxşamır. Səliqəli, qəşəng, tərbiyəli. Bəlkə “həri”ni verim, nə deyirsən?
-Boş-boş danışma. Nə bilirsən o, kimdir, nəcidir? Əgər yaraşıqlıdırsa, demək yaxşı oğlandır? Bir də ki, bilmək olmaz. hələ onun fikri, niyyəti nədir. Bəlkə bayıra çıxanda bizi heç tanımadı da.
-Elə şey olmaz, zarafat edirsən?
-Yox, zarafat eləmirəm, ciddi deyirəm. – Bir az fikirləşib sonra əlavə etdi:
-Cəmilə, gəl, gödəkcələrimizi dəyişək, görək bizi səhv salmayacaq ki?
-Dəyişək, - deyə rəfiqəsi tez razılaşdı.
Bir küncə çəkilib üst geyimlərini dəyişdilər. Bəzi mallara nəzər yetirdikdən sonra özlərinə əl gəzdirib aramlı addımlarla bayıra çıxdılar. Nicat qapıdan səkkiz-on metr aralı ayaq üstdə dayanıb gözləyirdi. Qızları görən kimi tez onlara tərəf yeridi. Yaşıl gödəkcəli qıza yaxınlaşıb soruşdu:
-Hə, necə keçdi? Bir şey secə bildinizmi?
Qızlar ikisi də birdən qəşş eləyib gülməyə başladılar.
-Niyə gülürsünüz? – Nicat özünü itirdi. – Burda gülməli nə var ki?
Cəmilə dedi:
-Qəşəng oğlan, ünvanı səhv salmısız. Biz içəridə olanda gödəkcələrimizi dəyişmişik. Bəs, siz kimə vurulduğunuzu nə tez unutdunuz? Bundan sonra qız seçəndə diqqətli olun. İndi isə, bay-bay, gedə bilərsiniz.
Nicat utandığından qulaqlarının dibinə kimi qızardı. Bilmədi nə etsin. Handan-hana özünə gəlib dedi:
-Siz Allah, bağışlayın, məndə günah olmadı. Hamısını Hoqqa Hüsen elədi, o qızışdırdı. Siz Allah, bağışlayın, üzr istəyirəm.
Nicat qızlardan ayrılıb evlərinə necə gəldi, hansı yolla gəldi özü də bilmədi. Ürəyində Hüseni hədələyirdi: “Sən Hoqqa Hüsen ol, mən də İnteligent Nicat ! Görərsən sənin başına nə oyun acıram”.
Anası çay gətirib. Nicatın qabağına qoydu. Sonra sağ əli ilə oğlunun başını sığallayıb dedi:
-Anan sənə qurban olsun! Atana nə deyim? Bir qərara gələ bildinmi, oğlum?
Nicat gülümsəyərək dedi:
-Gəldim, ana, gəldim. Xalam qızı Nahidə üçün elçi gedə bilərsiniz – Sonra gözlərini tutqun səmaya zilləyib, verdiyi qərarla bağlı fikrə daldı.
Aləm Kəngərli
Paylaş: