Xəbər lenti

 

Dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycanda dəfn edilmək haqqında vəsiyyəti xeyli müzakirələrə səbəb oldu. Məsələ ilə bağlı xeyli fikirlər səsləndi, dezinformasiyalar yayıldı…

Ovqat.com xəbər verir ki, nəhayət, onun oğlu Norman Zadə bütün məsələlərə birdəfəlik aydınlıq gətirmək üçün özü AzVision.az ilə əlaqə saxlayıb.
- Hazırda atanızın sağlamlıq vəziyyəti necədir? 
-Burada ona çox yaxşı baxırlar, bütün ehtiyaclarını qarşılayırlar. Ancaq təəssüf ki, insan yaşlandıqca qarşılaşdığı problemlər də çoxalır. O vaxtının böyük hissəsini yataqda keçirir, çox hərəkət etmir. Xəstəliyin öhdəsindən gəlməyə çalışsa da, yaş öz sözünü deyir: Onun 97 yaşı var. 
- Atanızın Azərbaycanda dəfn edilmək arzusu ilə bağlı nə etməyi düşünürsünüz?
- Mən Azərbaycanın Los-Anclesdəki konsulluğuna müraciət etməyi planlaşdırıram. Anladığım qədəriylə, Azərbaycan Prezidenti də onun Bakıda dəfn edilməsini istəyir. Çünki bizim bu istəyimizə dövlətin yardım göstərə biləcəyi barədə Azərbaycan Respublikasının Prezidentindən e-mail də almışam. Atamın dünyadan köçəcəyi həmin qorxunc gün gəldiyi zaman onun nəşinin Bakıya göndərilməsini təşkil edəcəyəm. İnanıram ki, professor Şahnaz xanım da bu işdə mənə kömək edəcək.
- Siz professor Şahnaz Şabanovanı haradan tanıyırsınız?
- Şahnaz xanım mənim atamın dostudur və atamın qayğısına qalır. Mən onu sadəcə bir və ya iki dəfə görmüşəm. İnanıram ki, o, atamın nəşinin Azərbaycana göndərilməsinsdə mənə kömək edəcək. Bu haqda Konsulla görüş zamanı ətraflı məlumat alacam. Ola bilsin ki, mən işi Şahnaz xanımla yox, bir başa Konsulluqla həll edim.
- Bəziləri ona görə atanızın Azərbaycanda basdırılmaq istədiyinə inanmırlar ki, ananız ABŞ-da dəfn edilib…
- Əslində onlar hər ikisi yandırılmaq istəyirdilər. Bu, o deməkdir ki, onlar küllərinin basdırılmasını istəyirdilər. Mən də istərdim ki, onları yan-yana Amerika torpağında dəfn edəm. Ancaq atam fikrini dəyişdi və Azərbaycanda dəfn olunmaq istədi. Mənə sadəcə, onların arzularını yerinə yetirmək qalır və bununla bağlı deyə biləcəyim heç nə yoxdur.
Anamın Azərbaycanda dəfn edilməsi üçün heç bir səbəb yox idi. Eləcə də, əgər atam ömrünün sonlarına yaxın Azərbaycanda Amerikadan daha çox sevildiyini anlayıbsa, düşünürəm ki, bu arzusu heç də əsassız deyil. O, azərbaycanlıdır, Azərbaycanda doğulub və orada dəfn olunmaq istəməsi tamamilə məntiqli addımdır. 
- Bu məsələyə müxtəlif yanaşmalar oldu… Bəziləri deyir ki, Lütfi Zadə Azərbaycanı sevmir.
- O, Azərbaycanı çox sevir. Əgər uzun illər Amerika Birləşmiş Ştatlarında yaşadığı halda, Azərbaycanda dəfn edilmək istəyirsə, deməli, Azərbaycana bağıldır. Onun öz həyatını dərindən götür-qoy etməsi üçün xeyli vaxtı olub. Atam Amerikanı çox sevir, ancaq əminəm ki, Azərbaycanı daha çox sevir
- Özünüz Azərbaycanı doğma vətən hesab edirsinizmi?
-Düşünmürəm ki Azərbaycan mənim ana vətənimdir. Mən Azərbaycanda doğulmamışam və heç vaxt olmamışam. Ancaq əgər atam Azərbaycanı və azərbaycanlıları bu qədər çox sevirsə, istər-istəməz məndə də azərbaycanlılarla bağlı xoş hisslər yaranır. Azərbaycanlıların məni sevdiyini bilirəm. Onlar “Facebook” sosial şəbəkəsində mənə dostluq sorğusu göndərirlər və bu, mənim xoşuma gəlir. 
Bildiyiniz kimi, ABŞ-da müəyyən qrup insanların müsəlmanlara münasibəti ilə bağlı problemlər var. Amma mən Kaliforniyada yaşayıram. Kaliforniya Orta Qərbi ABŞ-da ağdərili amerikalıların elə də çox olmadığı və anlayışlı insanların məskunlaşdığı bir yerdir.
Professor Arthur F. Veinottun Stanford Fakültəsinə gəlişini qeyd edirik.(Profesor Donald Iglehart və həyat yoldaşı) 
- Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?
- Bu, mənim arzumdur, ancaq Azərbaycana gəlmək ehtimalım o qədər də real görünmür, çünki mən uzunmüddətli uçuşları sevmirəm. Ancaq təbii ki, belə bir səfər alınsa, çox yaxşı olardı. Əlbəttə ki, Amerikada da heç də hamı məni və ya atamı sevmir. Azərbaycanlılar mənə və atama çox hörmətlə yanaşırlar və bu, məndə onlara qarşı simpatiya yaradır.
Əgər Bakıya gəlib oranı bəyənsəm, bəlkə də orada yaşaya bilərəm. Bakını görmədən orada yaşaya biləcəyimi demək çətindir. Amerikada çoxlu dostlarım var və burada rahatam.
- Oradakı işinizlə bağlı danışardınız…
- Pulumun böyük hissəsini investisiya üzrə menecer kimi qazanmışam. Mənim hedc-fondlarda kifayət qədər vəsaitim var idi. Sonra təəssüflər olsun ki, vəziyyət pisləşdi. Mən “Perfect 10” adlı jurnal buraxırdım. Ancaq ABŞ məhkəməsi ədalətsiz şəkildə jurnalı əlimdən aldı. İnsanlar bizim şəkillərimizdən icazəmiz olmadan istifadə ediblər. Burada hakimlərin işləri başlarından aşır. Fikrimcə, onlar yalnışlığa yol verdilər və bu da jurnalımın nəşrinin dayandırılması ilə nəticələndi. Hazırda isə əvvəllər məşğul olduğum işə - yəni investisiya üzrə menecerliyə qayıtmışam. Xoşbəxtlikdən, işlərim kifayət qədər yaxşı gedir, ən azından, hələ ki, belədir. Amma bilmək olmaz ki, bu, həmişə belə davam edəcək, ya yox.
- Yenə də poker oynamağı xoşlayırsınız?
- Pokeri hər zaman sevmişəm. Ancaq mən həmişə harada dayanmalı olduğumu da bilmişəm. Başqa sözlə, həyatımın müəyyən dövrlərində poker oynamaqla pul qazana bilmişəm. 
Mən həm də nərd həvəskarıyam. Dünyaca məşhur poker oyunçusu Cenifer Tilli ilə də nərd oynamışam. O, çox yaxşı insandır. Mən pokeri daha çox riyazi cəhətdən qavramağa çalışıram. Əgər sən yaxşı bir poker oyunçusu olmaq istəyirsənsə, qorxmadan rəqibi aldatmağı bacarmalısan. Riskə getməyi bacarmalı və 10 min dollarlıq mərcə girə bilməlisən. Mən bunu o qədər də yaxşı bacarmıram. Mən heç vaxt böyük bir poker oyunçusu olmaq istəməmişəm, çünki yalan danışa bilmirəm. Bu oyun isə blef üzərində qurulub. Üz ifadəni dəyişmədən yalan deməyi bacarmalısan. Ona görə, nərdi pokerdən daha yaxşı oynayıram. Çünki nərddə yalan deməyə ehtiyac yoxdur. Orada sadəcə olaraq doğru gedişi tapmaq lazımdır. Qumarda bir sistem yoxdur, sadəcə, insanları yaxşı tanımaq lazımdır. Bu isə məndə yaxşı alınmır.
- Atanızın Azərbaycandan olan dostu Rafiq Əliyevi tanıyırsınız? 
- Ola bilsin ki, nə vaxtsa onunla görüşmüşəm. Adı xatırlaya bilmirəm. 
- Öz ailəniz haqqında nə söyləyə bilərsiniz?
-Övladım yoxdur. Evli olmamışam. Stella adlı bacım dünyasını 62 yaşında dəyişib. O, jurnalist idi. 
- Babanız haqqında nə deyə bilərsiniz? 
- Babam Rahim çox gözəl insan olub. Dəqiq bilmirəm, Türkiyədə, yoxsa İranda anadan olub. Bir müddət jurnalist kimi çalışıb. Xəzər dənizindən kürü idxal edib.
- Atanızla əlaqəniz nə dərəcədə sıxdır?
- Atam Kaliforniyanın şimalında, Berklidə yaşayır. Mən isə Los Ancelesdə yaşayıram. İki həftə öncə atama baş çəkmişəm. Həftədə ən azı iki dəfə baxıcıları ilə əlaqə saxlayıram. Hesablara nəzarət edir və mütəmadi olaraq əlaqə saxlayıram. 



Ana səhifəyə qayıt        Baxış: 815          Tarix: 16-08-2017, 19:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma