Xəbər lenti

Aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.

Ovqat.com xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Kamal Hüseynov Ermənistanın təxribatları ilə bağlı  açıqlama Modern.az saytına verib.

O deyib ki, Ermənistanda olan bu tip texnika çoxdan köhnəlib və raketləri də artıq istismar müddətini başa vurub.

 

“Erməni tərəfi hələ bir neçə il əvvəl bu modifikasiyadan olan raketlərin modernləşdirilməsinə cəhd göstərmişdi. Lakin sonradan özlərinin də etiraf etdiklərinə görə maliyyə problemləri ucbatından onlar bu planı həyata keçirə bilmədilər.

Məndə olan məlumata görə, raketin birinin boş əraziyə düşməsi bir tərəfə, peşəkarlıq və bacarıq səviyyələri “həmişə yüksək olan” erməni hərbçiləri digər raketlə öz pilotsuz uçuş aparatlarını da məhv ediblər”.

 

Ehtiyatda olan polkovnik İlqar Əliyev isə bildirib ki,  cəbhədə vəziyyəti gərginləşdirmək Ermənistanın “OSA” zenit raket kompleksindən istifadə etməsi barədə yayılan xəbər onu təəccübləndirmədi və həyəcanlandırmadı.

 

“Birincisi, bu raketlər istifadə müddəti bitmiş, anbarlarda qalıb pas atmış sınıq-salxaq qurğulardır. Həmin komplekslər öz taktiki-texniki xarakteristikalarına görə Azərbaycan ordusunda olan hərbi texnika ilə heç müqayisə də edilə bilməz.

 

İkincisi, tərifləri göyə ucaldılan Ermənistan hərbçilərinin buraxdığı raket boş əraziyə düşüb. Maraqlandım və öyrəndim ki, həmin gün düşmən 3 raket atıb.

 

Keçmiş hərbçi olaraq, dostlarla əlaqə saxlayıb hadisənin mahiyyətini öyrənəndə məşhur fransız filmini xatırladım. Həmin filmdə çəpgöz əsgər səhvən öz təyyarələrini vurduğu kimi, erməni də buraxdığı raketlə öz PUA-sını vurub yerə salıb.

 

Maraqlısı da odur ki, “quşu gözündən vurmaqla” qürrələnən erməni mütəxəssislərinin buraxdığı raketlərdən heç biri hədəfə çatmayıb və hamısı boşa çıxıb. Raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma sapandla PUA-ların məhv ediblər.

 

Öz PUA-sını məhv edən, eləcə də boşa çıxan üçüncü raketin də öz səngərləri üzərində partladığından mövqedə olan düşmən əsgərləri, Xocavənddəki erməni əhalisinin də böyük qorxu və təşvişə düşməsi gələn məlumatlar içərisindədir”-deyə o qeyd edib.

 

Günay RƏSULQIZI




Ana səhifəyə qayıt        Baxış: 1 128          Tarix: 29-04-2017, 14:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma