Xəbər lenti

Bakı Apellyasiya Məhkəməsində Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək “Azərsu” ASC-də iqtisadçı işləmiş Mətləb Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib, onun barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, M.Mustafayev 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində həbs edilib. MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, M.Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Müdafiə tərəfinin kassasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub.

M.Mustafayev apellyasiya şikayətində günahsız olduğunu, MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, M.Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib.

O ifadəsində bildirib ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi E.Quliyev və onun müavini İlqar Əliyev ondan başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.

MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İ.Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.

İ.Əliyev intihar edəndən sonra E.Quliyev həbs olunub. E.Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində baxılır.

Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.




Ana səhifəyə qayıt        Baxış: 847          Tarix: 26-10-2017, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma