“Çox güman ki, mən də prezidentliyə namizədliyimi verəcəm. Partiyada da bu barədə müzakirələr aparılır. Amma indi qəti şəkildə açıqlamaq istəmirəm”.
Strateq.az bildirir ki, bu sözləri Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı musavat.com-a müsahibəsində deyib.
Onun sözlərinə görə, mövcud situasiya o zaman çox önəmli olacaq. “Bu barədə danışmaq hələ tezdir. Mövqeyimi açıqlamaq istəmirəm”.
N.Pənahlı deyib ki, qəbul edilə biləcək namizəd olarsa, çox güman dəstək verəcək, əks halda, öz namizədliyini irəli sürəcək. Onun fikrincə, hazırda xalq oyundankənar vəziyyətə salınıb: “Mövzudan kənar olsa da, bir faktı deyəcəm. 80-cı illərin sonunda rəsmi siyasi qurumlar, “dövlət xadimləri”, “alimlər”, “şairlər” çalışırdılar ki, Azərbaycan nə qədər Moskvanın müti qulu olsa da, taleyimizi ora həll edir kimi fikirlər formalaşdırsınlar. Onlar elə bədbəxtcəsinə düşünürdülər ki, Qarabağ problemini Rusiya bizim xeyrimizə həll edəcək. Sadəcə mənim möcüzəm o oldu ki, xalqda özünə inam yaratdım, onu milli azadlıq mübarizəsinə qaldırdım. İnandırdım ki, SSRİ-yə qarşı mübarizəyə qalxıb, qalib gəlmək mümkündür. Ad çəkməyəcəm, milli azadlıq hərəkatı vaxtı bir şair yaxamdan tutub dedi ki, sən milləti provokasiyaya çəkib ölümə aparırsan, Azərbaycanı yer üzündən silərlər, amma müstəqillik verməzlər. Həyat hər şeyi göstərdi”.
N.Pənahlı qeyd edib ki, indi Moskvanın yerinə Amerika, Qərb, ATƏT, beynəlxalq digər təşkilatlar qoyulub: “Millətin özünə inamı olmayandan sonra bugünkü faciəvi vəziyyət yaranmalı idi. İqtidarlı-müxalifətli millətin ruhunu öldürdülər. Millət bu gün siyasi meydanda yoxdur”.
Onun sözlərinə görə, millət müxalifətə inandı, amma daxilindən satqınlar az çıxmadı: “80-ci illərin sonundan belədir, yəni indi bu hallar baş vermir. Biz o zaman milli davaya gedirdik, amma kimsə Vəzirovdan maşın, ev, deputatlıq istəyirdi. Vəziyyətdən istifadə edərək, şəxsi məsələlərini həll edirdilər. Millət də bunları görə-görə gəldi”.
N.Pənahlı bildirib ki, Azərbaycan siyasi həyatının əksəriyyətini elə həmin şəxslər təşkil edir: “Bunlar 20 Yanvar faciəsində qan üzərində mandat alveri apardılar. Xalqı sataraq imperiya ilə sazişə girdilər. 1989-cu ildə Vəzirovla Xalq Cəbhəsi arasında razılıq əldə olunmuşdu ki, Xalq Cəbhəsinə 40 mandat yeri verəcəklər. Özü də Xalq Cəbhəsi istədiyi şəxsi namizəd verə bilməzdi. Mərkəzlə razılaşdırılmalı idi. Məsələn, mərkəz icazə verəcəkdi ki, Tamerlan Qarayev, Tofiq Qasımov, İsa Qəmbər və digərləri deputat olmalıdır. Bunları meydanda ifşa edəndən sonra Vəzirov məni çağırıb 20 deputat yeri təklif etdi, özü də namizədləri özüm müəyyən etməli idim. Məhz razılaşmadım deyə 20 Yanvar faciəsi törədildi. Bu faciənin səhəri günü Xalq Cəbhəsi rəsmi şəkildə bəyanat verdi ki, kommunistlər, Azərbaycan ziyalıları və Xalq Cəbhəsi birləşib. Hakimiyyət dövründə isə Xalq Cəbhəsi “KQB”nin arxivlərini gizlətdi, xalqa edilən xəyanətlərin heç biri açılmadı. Bu günə qədər də belə hallar az olmayıb və nəticədə bu günə bu vəziyyətə gəlib çıxmışıq”.
Paylaş: