Onunla tanışlıq ömrümün axarını dəyişdirib. Sözün bütün mənalarında. 1991-ci ilin isti avqust günlərində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili mütərcimliyi bölümündən müsabiqədən keçə bilməmişdim. Məni “konkursa salmışdılar.” Atamla birləşib şiddətli müqavimət göstərdik. Respublikanın bütün qurumlarına – başda Ayaz Mütəllibov olmaqla müraciət edəcək, sonra aclıq edəcəkdim. O zaman belə aksiyalar yeri-yerindən oynadırdı.
Bakı Dövlət Universitetindən Prezident Aparatına doğru gəlməli ikən, yolu tanımadığımıza görə, qarışdırdıq. Bir də baxdıq ki, tamam başqa istiqamətdəyik. Atam əsəbi formada bizə bələdçilik edən, bizi Aparata aparan bələdçimizdən soruşdu ki, indi haradayıq. Zatən yorulmuşduq. Məlum oldu ki, “Azadlıq” qəzetinin redaksiyasının yaxınlığındayıq. Atam qərarı qəfildən dəyişdirdi – “Azadlıq” qəzetinin redaksiyasına gəldik. Zatən nəzərimizdə və proqramımızda vardı, yanlışlıq onu birinci saldı.
Biz “Azadlıq” qəzetinin redaksiyasına girəndə, orada az adam vardı. Həyətin ortasında balaca bir hovuz yer almış, ətrafında bir-iki masa düzülmüşdü və Xaliq Bahadır çay içirdi. Bizi görüncə, dinlədi. Haylı-küylü idik. Və dedi ki, elə burada sizi maraqlandıracaq bir adam var – Vurğun Əyyubov. Taleyin işinə bax, sən demə, Vurğun Əyyub Türkiyəyə keçiriləcək qəbul imtahanının elanı xəbərini dərc olunmaq üçün “Azadlıq” qəzetinin redaksiyasına gətiribmiş və bir neçə dəqiqədən sonra çıxacaqmış.
Bir neçə dəqiqədən sonra Vurğun Əyyub çıxdı və biz görüşdük. Bir neçə dəqiqəlik görüş mənim bütün həyatımı dəyişdi. Vurğun Əyyub bizi AXC-nin qərargahında yerləşən imtahan komissiyasına – Ellada Məmmədliyə istiqamətləndirdi. Sənədlərimizi verdik, imtahanlara qatıldıq və Türkiyəyə oxumağa göndərildik. Mən o proses haqqında geniş və ətraflı yazmışam. Zaman-zaman bu yazılar silsiləsi müxtəlif media orqanlarında çap olunub, amma güman ki, onu “Elçibəyin imtahanı” kitabı formasında yaxın zamanlarda nəşr etdirəcəyəm də. Orada yaddaşımda qalan bütün incəliklərinə qədər yazmağa çalışmışam və o kitabın, o imtahanın, o günlərin – ömrümün o hissəsinin qəhrəmanı Vurğun Əyyubdur. İndi “Qaynar Qazan”da 44-cü qonağım olan bu böyük insan.
Vurğun Əyyubla münasibətlərimiz də zaman-zaman ictimai-siyasi olayların fonunda ziqzaqlı olub. Haqqımda dediyi ən tənqidi yazıları və fikirləri “Xural”ın manşetindən yayınlayacaq dərəcədə dəyərli bilmişəm onu. Siyasətin dolambaclı yollarında nə qədər ağrılı-acılı günlərin olmasına baxmayaraq, mən Vurğun Əyyuba hər zaman Atamın gözlərindən baxmağa çalışmışam. Atam həmin o “Azadlıq” qəzetinin həmin o sadə redaksiyasında Vurğun Əyyuba demişdi ki, mən oğlumu bu ölkədən göndərmək istəyirəm, o, burada oxuya bilməyəcək, çünki burada hər yer rüşvətə bulaşıb. Vurğun bəy də demişdi ki, gəl, sənin oğlunu göndərək gedib Türkiyədə oxusun. İkimiz də şok olmuşduq. Türkiyə ikimizin də xəyallarımızın ölkəsi idi. Və… nəticədə mən Türkiyənin Ankara şəhərinə hüquq fakultəsində oxumağa göndərilmişdim. Bax, o zamandan Atam hər zaman deyərdi ki, “Vurğun bəy harada durursa, ora mənim üçün qiblədir!” Ömrünün sonuna qədər də elə bildi. Bizim münasibətlərin gərgin zamanlarında da mənə deyirdi o sözləri hər zaman…
Təbii ki, şəxsi münasibətlərimizin necəliyindən asılı olmayaraq, Vurğun Əyyub Azərbaycanın yaxın tarixində müstəsna rol oynamış şəxslərdən biridir. Milli Azadlıq Hərəkatından əvvəl “Çənlibel”dən başlayan siyasi mübarizə onu Azərbaycanda qurulan Elçibəy hökumətinin nazir statusunda vəzifəsinə qədər gətirdi. Azərbaycanın yaxın tarixinin ən önəmli islahatlarından birinin aparılmasında Vurğun Əyyub müstəsna rol oynadı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri kimi, millətin ona etibar edilmiş ən vacib sahələrindən birinə başçılıq etdi. Hökumətdə bu vəzifəsinin öhdəsindən layiqincə gəldi. İndi, bu müsahibədə bizə aydın olur ki, zamanında onun ortadan götürülməsi planı da olub və baş nazir Pənah Hüseyn bu planın qarşısını almaq üçün onun mühafizəsinin təşkil edilməsi tapşırığını verib.
Vurğun bəyi daha çox Müsavat Partiyasının sıralarında və rəhbərliyində gördük hakimiyyətin dəyişməsindən sonra. Yollar oradan da ayırdı onu. İllərlə İsa Qəmbərin yaxın silahdaşı olsa da, partiyadan ayrıldı və hazırda ADR Hərəkatının rəhbərliyində təmsil olunan önəmli simalardan biridir.
Vurğun Əyyubla müsahibəmizdə bütün suallara aydınlıq gətirməyə çalışmışıq. Vurğun bəy danışan adam olmasa da, “Qaynar Qazan”da xeyli şeylər söyləyib. İstər keçmiş silahdaşlarına, istər də olaylara fərqli baxlış ortaya qoyub və güman edirəm ki, bu müsahibə də gündəmi silkələyəcək müsahibələrdən biri olacaq. Təbii ki, onunla bir saat yarımlıq müsahibədə bütün 60 illik ömrünü əhatə etmək mümkün deyil. Ən azından, Vurğun Əyyubun ömründə elə hadisələr var ki, düşünürəm, onlar haqqında ayrıca “Azadlıq salnaməsi”ndə söhbətləşmək lazımdır, amma yenə də bu müsahibə çox maraqlıdır. Məsələn, Vurğun Əyyubun İsa Qəmbərlə və Rauf Arifoğlu ilə bağlı dedikləri cəmiyyət üçün çox maraqlı olacaq…
“Qaynar Qazan”da Azərbaycanın ən maraqlı adamlarından biri Vurğun Əyyubdur.
Əvəz Zeynallı,
“Qaynar Qazan”
I hissəni buradan oxuya bilərsiniz:
http://strateq.az/manshet/224274/vurgun-%C9%99yyub-ill%C9%99r-%C9%99vv%C9%99lin-gizlinl%C9%99rin-acdi.html (VURĞUN ƏYYUB İLLƏR ƏVVƏLİN GİZLİNLƏRİN AÇDI: “Mənə qarşı sui-qəsd təşkil etmək istəyən qruplar var idi” – VİDEO)
II hissə
Sizin ağlınıza gəlməyən adamlar övladları üçün yanıma gəliblər
– Zülfüqar Qubad bir maraqlı sual soruşub: “Eşitdiyimizə görə müxalifət funksionerlərindən birinin yaxın qohumunun imtahanlarda çox cüzi balı çatmayıb və həmin insan Əbülfəz Elçibəydən xahiş edib. Elçibəy də Sizdən xahiş edib ki, bəs bu uşaq filankəsin yaxın qohumudur, buna kömək et, qoy keçsin, bunun çox cüzi balı çatmır. Sizsə ərizənizi yazıb Bəyin stolunun üzərinə qoyubsunuz ki, mən işdən çıxıram, amma onu edə bilmərəm. Bəy də Sizə deyib ki, ərizənizi götürün, çox sağ olun, mənə Sizin kimi insanlar lazımdır.” Belə rəvayətlər, əfsanələr çoxdur. Amma bunların hansındasa həqiqəti olanı varmı?
– (Gülür…) Sual verənə təşəkkürümü bildirirəm. Bəli, bu, siz deyən kimi əfsanələr, rəvayətlər silsiləsindəndir. Məsələ bir az başqa cür olub. Əbülfəz bəyin məni sınaması üçün ehtiyac yox idi ki, mütləq bunun üçün ərizə yazmalı olaydım… Əbülfəz bəy məni kifayət qədər sınamışdı. O vəzifəyə də təbii ki, məni təsadüfi təyin eləməmişdi. Məsələ belə olmuşdu… O zaman Əbülfəz bəyə yaxın olan adamlardan və mənim dostlarımdan birinin övladı aşağı bal toplayaraq, başqa bir ixtisasa yer qazanmışdı. O isə Tibb Universitetini istəyirdi.
– Deməli, belə bir hadisə olmuşdu?..
– Bəli. O zaman həmin adam mənim yanıma gəldi. Özü də o bir hadisə deyildi. Bizim çox görkəmli sənət adamlarımız, şairlərimiz də var idi ki…
Elçin Əfəndiyev zəng edib dedi ki…
– Vurğun bəy, elə adamlar var idi?
– Çox. Onlar yanıma gəlirdilər. İzah edirdim ki, bu məsələdə onlara kömək edə bilmərəm. Kömək eləmək mümkün deyil, mümkün olsa da, kömək eləmərəm. Çünki bu, başqasının haqqını yeməkdir. Onlar da narazı qalırdılar ki, “prezident bizi tanıyır…” Mən də deyirdim ki, “bilirəm, prezidentin sizə böyük hörməti var. Buyurun, yanına gedin”. Əbülfəz bəy də onlardan kimisinə nəsə izah edirdi, kimisinə nəsə başa salırdı. Dostuma da zarafatyana bir cavab vermişdi ki, “mən ona söz deyə bilmərəm.” “Necə deyə bilmərəm? Siz bu ölkənin prezidentisiniz.” Bütün bunları sonralar o adam özü mənə danışıb. Deyir ki, “Əbülfəz bəy mənə güldü və dedi ki, “mən ölkənin prezidentiyəm, amma o sahənin prezidenti odur. Mən ona söz deyə bilmərəm””. Təbii ki, Əbülfəz bəy belə bir cavabı o adamı sakitləşdirmək üçün verib. Sizin ağlınıza gəlməyən adamlar övladları üçün yanıma gəliblər. Bunların içərisində məşhur sənət adamları, qələm əhli, sovet dövründən qalma, bizim dövrümüzdə də vəzifə daşıyan adamlar. Bunların bəzilərinə iki kəlmə bəs eləyirdi ki, baxın, “Azərbaycan dövlətinin siyasəti budur və biz bu məsələdə heç kimə kömək eləməyəcəyik”. Bəziləri isə bunu heç cür qəbul eləyə bilmirdi. “Prezidentə gedib deyəcəm”. Buyur, get! Ya da narazı qalıb gedirdi, arxamca rəvayətlər qururdu. Amma hesab edirəm ki, hər kəs əmin oldu ki, biz bu məsələdə heç kəsə üzgörənlik eləmədik. Azərbaycanda yüksək vəzifə tutanların övladları, qohumları və s. bu qəbuldan kömək görmədilər. Amma tutaq ki, Əbülfəz Elçibəy hakimiyyəti zamanı həbsdə yatan keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Vaqif Hüseynovun övladı çox yüksək balla universitetə qəbul olundu. Ya indiki baş nazirin müavini Elçin Əfəndiyev o zamanlar özünü müxalifətdə hesab edirdi, – Azərbaycan İstiqlal Partiyasının üzvü, ya təəssübkeşlərindən idi – mənə zəng vurub dedi ki, “bilirəm, biz müxalifətdəyik, bizim övladlarımızı yaxına buraxmazsınız…”
– Elçin?
– Hə. “… ali məktəbdə oxusun”. Dedim, “Elçin müəllim, özünüzə yaraşan söhbət eləmirsiniz. Nəticələr çıxar, baxarıq…”
– Hələ imtahanın nəticələri açıqlanmamışdı?
– Sonradan məlum oldu ki, onun övladı yüksək balla yaxşı bir yerə qəbul olundu. Elmira Axundova öz övladı üçün çox narahat idi.
– İndiki deputat?
– Bəli. Nəticələr açıqlanandan sonra bəlli oldu ki, onun övladı çox yaxşı bir yerə qəbul olunub. O zaman o çox məşhur bir qəzet olan “Literaturnaya qazeta”nın əməkdaşı idi. O zaman deyirdilər ki, biz ruslarla düşmənçilik aparırırq. Həmin qəzetdə düz bir səhifə bu qəbulla bağlı yazı dərc etdirdi. Yəni belə şeylər olub.
Niyə ADR-dəyəm?
– Hə. Çox maraqlıdır. Firəddin Əlioğlunun sualları ilə başqa siyasi suallara keçək: “Sədr müavini olduğu ADR-in perspektivləri haqqında nə deyə bilər?” Eyni zamanda Samir Əhmədov soruşur ki, “ADR partiyaya çevriləcəkmi?”
– Mən ümumiyyətlə, çox sadə bir məntiqə əsaslanaraq deyirəm ki, əgər orada perspektiv görmürəmsə, niyə ordayam? Ortaya belə bir sual çıxır.
– Təbii…
– Təbii ki, mən ADR-in perspektivini yaxşı görürəm. Onu da deyim ki, ADR-in yarandığı müddət çox da deyil. Az müddətdə özündən deyən siyasi partiyalar ADR qədər təşkilatlana bilməzdi. Çox qısa zaman içərisində biz 50-dən çox rayon təşkilatı qurduq. ADR-in siyasi partiyaya çevrilib çevrilməyəcəyi məsələsinə gəlincə, ola bilər ki, Vurğun Əyyubun da sözünün bir çəkisi olsun. Amma heç bir halda bu qərarı nə Qubad İbadoğlu, nə Vurğun Əyyub, nə də digər müavinlər verməyəcək. Bu qərarı versə, ADR üzvləri verəcək. Əgər belə bir niyyət olarsa, o zaman ADR-in müvafiq qurumları var. O qurumlarda bu məsələni müzakirə edib, bir qərar verəcəyik.
– ADR-də durum demokratikdirmi?
– ADR-in Məclisi var, yəni bir qərar ancaq Məclisdə müzakirə olunub qəbul edilə bilər.
– Yəni deyirsiniz ki, bu, tək şəxsin verdiyi qərar ola bilməz?
– Heç bir halda… Heç bir halda belə bir şey olmayacaq. Mən hesab edirəm ki, o cür ciddi qərar nəinki Məclisdə verilməlidir, Məclisdə hər bir təmsilçi öz yerində rayon təşkilatında bu qərarı müzakirə eləməlidir. Çünki ADR-in də bir hərəkat olaraq fəaliyyət göstərir. Hərəkat olaraq bizim təşkilatda başqa-başqa hərəkatların, partiyaların nümayəndələri də var. Onların da fikirlərini mütləq almaq lazımdır. Çünki səhər ADR partiyaya çevriləcəksə, həmin adam iki partiyanın üzvü ola bilməz. Seçim eləmək məcburiyyətindədir. Ona görə də bu qərar yalnız və yalnız ADR-in müvafiq qurumlarında verilə bilər.
Sevinc xanımgil Müsavat partiyasını elə bir həddə çatdırıblar ki…
– Sevinc Hüseynova yazır: “Vurğun Əyyub indi ancaq köhnə dividentlərinə görə tanınır. Güclü siyasətçi kimi ADR təşkilatını niyə gücləndirə bilmir?”
– Mən düşünürəm ki, bu sualı verən hazırda Müsavat partiyasının Nəzarət Təftiş Komissiyasında olan Sevinc xanımdır. Sevinc xanımgil Müsavat partiyasını elə bir həddə çatdırıblar ki, indi nəinki ADR, hətta zəif partiyalar belə ondan güclüdür.
– Müsavatdan?
– Hə.
– Tanış bir adam xahiş etdi ki, adını anonim saxlayım və dedi ki, Müsavatda baş verənlərdə həm də Vurğun bəyin özü günahkar deyilmi?
– Nə mənada? Sual konkret verilməyib.
– Müsavat partiyasında qurultaydan sonra baş verən bölünmələrdən sonra Müsavat partiyası indiki duruma gəlib düşdü. Sizin təbirinizcə desək, ən zəif partiyalar belə indi Müsavat partiyasından güclüdür. Bu baxımdan, özünüzü günahkar hesab etmirsiniz ki? Çünki siz Müsavat partiyasının zamanında ikinci adamı olubsunuz. Ən səlahiyyətli adamlarından biri olmusunuz.
– Əvəz bəy, mən Müsavat partiyasında ikinci adam olmamışam. Mən Müsavat partiyasının əmanət edildiyi azsaylı adamlardan biriyəm. Mən Müsavatın – təsis deməyim – bərpa qurultayına qədər onun Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri olmuşam. Mənim həyatımın böyük bir hissəsi Müsavatla bağlıdır. Bu gün də mən özümə söz vermişəm ki, Müsavat haqqında danışmayacam. İndi də Sevinc xanımın ADR haqqında o cür bədbin fikirlərinə görə söz dedim.
– Amma danışmasanız da soruşurlar. Məsələn, Ehtiram Əsgərli yazır ki, “Müsavatı necə geri alaq? Əski Müsavat olacaqmı?”
– Hər sual verənə hörmətlə yanaşıram. Onların sual vermək hüquqları olduğu kimi, mənim də cavab verməmək hüququm var.
Məni partiyadan gülməli bir arqumentlə azad eləyiblər
– Var, təbii ki…
– Mən istəmirəm indi mənim Müsavat haqqında danışdıqlarım diqqəti böyük problemlərdən yayındırsın. Növbəti bir konflikt, növbəti dedi-qodu, söz atışmasına gətirib çıxarsın. Təbii ki, Müsavatın indiki durumu məni narahat eləyir. Amma qətiyyən o işlərə qarışmaq niyyətim yoxdur. Onun bu hala düşməsində bəlkə də ən axırıncı adam mən ola bilərəm. Məni faktiki olaraq partiyadan azad eləyiblər. Özü də gülməli bir arqumentlə azad eləyiblər. Ki, guya mən üzvlük haqqı ödəməmişəm.
– O səbəbdən azad eləmişdilər?
– Bəli.
– Vurğun bəy, aylıq üzvlük haqqı nə qədər idi?
– Bir faiz, əgər işləyirsənsə…
– Maaşın bir faizi?..
– Bu arqument o qədər gülməlidir ki…
– Üzr istəyirəm, ayda ödəyəcəyiniz üzvlük haqqı nə qədər idi ki? Hətta bu səbəb olmuş olsa belə…
– İşləməyən adamlar üçün bir manat idi.
Müsavat üçün xərclədiklərim…
– Deməli, bir manata görə sizi Müsavatdan xaric ediblər?
– Amma mənim Müsavat üçün xərclədiklərim min ilin üzvlük haqqını eləyər. Belə bir absurd arqument idi. İkincisi, mənim iştirakım olmadan, məni dinləmədən necə azad edirsiniz?
– Bu da olmayıb?
– Olmayıb. Bir dəfə iclasa dəvət ediblər, mən də demişəm ki, indi xəstəyəm, növbəti iclasda gələrəm. Bu qərar o qədər absurd idi ki, hətta rayon təşkilatı o qərarı ləğv elədi. Amma Müsavat partiyasının Nizamnaməyə cavabdeh olan qurumu – Mərkəzi Nəzarət Təftiş Komissiyası rayon təşkilatının qərarını ləğv elədi və heç bir demokratik Nizmnamə tələblərinə sığmayan bir qərar qəbul elədi. İndi camaatda belə bir təsəvvür var ki, guya mən Müsavatdan özüm çıxmışam.
– Açığı, mən də elə bilirdim…
– Qətiyyən. Mən Müsavatda özümü Məclis üzvü hesab etməmişəm, ona görə ki, qurultay demokratik qaydalara uyğun keçirilmədiyi üçün orada seçilən Məclis üzvlərini mən legitim hesab eləmirəm. Özümü də legitim hesab eləmirəm. Amma mən partiyadan çıxmamışam. Partiyadan gedəcəyimi deməmişəm. Məni partiyadan bax, bu yolla azad eləyiblər. Və… Müsavatçılıq, yalnız Müsavat partiyasına bağlı olan bir şey deyil ki… Vaxtında Məhəmməd Əmin Rəsulzadə bunu deyib. Biz harada olmağımızdan asılı olmayaraq, müsavatçılıq ideologiyasının daşıyıcılarıyıq. Mən sadəcə indi Müsavat partiyasında baş verənləri kənardan ürəkağrısı ilə seyr eləyirəm. Heç bir daxili işlərinə-filan da qarışmaq niyyətim yoxdur.
– Elçin Aztürk yazır: “Müsavat Rəsulzadənin yadigarı idi. İndi həmin Müsavatdan əsər-əlamət qalmayıb. Partiya şəxsi mülkə çevrilib. Müsavat üçün bu qaranlığın sonu varmı? Yoxsa, tarixəmi qovuşdu?”
– Müsavatın bütün gücü onun demokratik tələblərə əməl etməsində və sahib olduğu ideologiyada idi. O demokratik tələblər, mənim fikrimcə, tapdalanır. Bu da Müsvatın zəifləməsinə gətirib çıxarır.
– Yəni siz hesab edirsiniz ki, bu gün Müsavat zəifdir.
– Bunu təkcə mən hesab eləsəydim, dərd yarı idi. Uzaqbaşı bunu mənim ayağıma günah kimi yazardınız. Amma cəmiyyətdə Müsavatın zəifləməsi haqda fikir hakimdir.
– Rəşid Hüseynov yazır: “Müsavat partiyasında müsavatçılıq ideologiyasının yoxluğunu hiss edirsinizmi?”
– Vallah, maraqlanmadığım üçün bir söz deyə bilmərəm. Sadəcə olaraq, onu deyə bilərəm ki, vaxtilə Müsavat partiyası müsavatçılıq ideologiyasına bir neçə töhvə vermişdi. Ortaya proqramlar qoyurdu, problemlərdən çıxış yolları ilə bağlı təkliflər irəli sürürdü. O işləri görən adamlar indi ya partiyadan çıxıblar, ya da azad olunublar. İndi qoysunlar ortaya…
İsa bəy tərəfkeşlik elədi
– Vüsal Qasımoğlu soruşur. “Müsavatın növbəti qurultayında Vurğun bəyin dəstəkləyəcəyi namizəd olacaqmı?”
– Təbii ki, olmayacaq. Çünki mən artıq Müsavat partiyasının üzvü deyiləm.
– Mən sizdən bir şey soruşum. Uzun illərdir siz İsa bəylə bir yol gəldiniz. Çox uzun illərdir, haradasa hərəkatdan bu tərəfə… Və bu qurultay məsələsndə mövqeləriniz haçalandı. Ədalətsizlikmi elədi İsa bəy, tərəfkeşlikmi elədi?
– Bəli, İsa bəy tərəfkeşlik elədi. Bunu nə qədər dansa da, bu, bir çox adamların gözü qarşısında baş verdi.
– Amma özü deyir ki, qurultaya qədər mən heç bir mövqe bildirmədim.
– Əlbəttə, açıq mövqe bildirmədi. Kinin nə deməyindən asılı olmayaraq, mən bunun şahidiyəm. Aşıq Ələsgər deyirdi ki,
Haqq ilə nahaqqı axtaran hakim,
Tapar, göz ilə qulaq arasında…
Mən qulağımla eşitdiyim, gözümlə gördüyüm məsələni gəlib dedim ki, “İsa bəy, Müsavat partiyasının uzun illərdən bəri Təşkilat şöbəsinin müdiri olan adam qapının ağzında dayanıb, rayon təşkilatlarından gələn nümayəndələrə deyir ki, İsa Qəmbərin seçimi Arif Hacılıdır. Özünüzü ora-bura vurmayın, gedin səs verin. Bunu qarşısını alın”. Mənə cavab verdi ki, “Şişirtmə…” O zaman mənim üçün hər şey aydın oldu.
İsa Qəmbərin təbrikini gözləmirdim
– Bir anonim yazmışdı, amma buna mən özüm də şahidəm. Ona görə sizdən soruşuram. 60 illik yubileyinizdə İsa bəy sizi təbrik elədi?
– Əgər siz o təbriki görməmisinizsə, mən də görməmişəm.
– Bəs, Əli Kərimli necə?
– Əli bəyin təbriki var idi, təşəkkür elədim. Sizi inandırım ki, mən onların heç birindən heç bir təbrik gözləmirdim. Heç lazım da bilmirdim.
– Amma hər halda cəmiyyəti maraqlandırır.
– Mənim problemim deyil, onların problemidir…
– İllərdir çiyin-çiyinə mübarizə aparan insanlar bu gün Azərbaycanda sayılıb seçilir. Onlardan biri yubileyini qeyd edir, digəri təbrik etməyi belə lazım bilmir.
– Amma onu da deyim ki, İsa bəyin 60 yaşı məndən qabaq oldu. Mən də onu təbrik eləməmişdim.
– Bəs siz niyə eləmədiniz?
– Təbrik eləməmək üçün ciddi əsaslarım var idi.
– Nə əsaslar idi onlar?
– Onlar mənim üçündür artıq.
– İncikliyiniz belə ciddidir?
– İnciklikdən daha böyük bir şeydir..
– Qopmadırmı, qırılmadırmı?
– Hə.
– Nazim Səfəvi Həmzəyev soruşur: “Vurğun bəy Elçibəy hakimiyyəti komandasının ən uğurlu adamı hesab edilir. Vurğun bəy necə, özünü Elçibəy komandasının uğurlu adamı hesab edirmi?”
– Mənim bu suala cavabım çox qeyri-təvazökar səslənər.
– Türkiyədə fəaliyyət göstərən tanınmış jurnalist Aynur İmran soruşur: “Bu gün Elçibəy hakimiyyətinin bir illik hakimiyyət dönəmində olsaydı, nəticənin bu qədər hüsranla bitməməsi üçün nələrin qarşısını alardı, öz komandasında kimlərin qarşısını alardı? Detallı və ad çəkərək mümkünsə… Yəni ümumi cavab istəmirik.”
– Aynur xanıma təşəkkür edirəm. Ümumi sual olduğu üçün ümumi cavab vermək məcburiyyətindəyəm. Komandanın məsuliyyətini mən daşımıram. Komandanı mən müəyyənləşdirməmişdim. Şərtlərlə olan bir şeyə cavab vermək istəmirəm. Tarix geri dönmür, o tarix olaraq da qalır. Bir şeyi də deyim. Başım mənə tapşırılan bir işi məsuliyyətlə, vicdanla yerinə yetirməyə o qədər qarışıb ki, ümumiyyətlə, komanda daxilində nələrin baş verdiyindən çox da xəbərdar olmamışam. Bir çox məsələlərdən də uzaqda olmuşam. Mən nə Nazirlər Kabinetinin – hökumətin iclaslarında iştirak eləməmişəm, nə orada…
– Hökumətə daxil deyildiniz?
– Yox, mən bayaq dediyim kimi, prezidentə tabe olduğum üçün hökumətin tərkibində deyildim. Orada olan müzakirələrə də məni heç bir zaman dəvət eləməyiblər. Bir dəfə Əbülfəz bəy Kələkiyə gedəndən sonra Sürət Hüseynov baş nazir olanda bir qalmaqallı müzakirədə iştirak eləmişəm. O zaman da iştirak etməyəcəkdim. Sadəcə birinci müavin olan Vahid Əhmədovun xahişini nəzərə alaraq, iştirak eləmişəm.
İsa Qəmbər istefa ərizəsini açıqlamazdan 2-3 saat əvvəl onun otağında olmuşam
– Vurğun bəy, qiyam dönəmini necə xatırlayırsınız? Sizdən o vaxt söz soruşan oldumu? Yəqin Aynur xanım da onu nəzərdə tutur. Həmin vaxt İsa bəy istefa verdi, Pənah Hüseyn istefa verdi. Bu istefalarla bağlı sizin mövqeyiniz oldumu? Bir yerə yığışdınızmı, orada fikrinizi bildirdinizmi?
– Mən sözümü tək İsa Qəmbərə demişəm. O, istefa ərizəsini açıqlamazdan 2-3 saat əvvəl onun otağında olmuşam. Məndən qabaq otaqdan Rahim Qazıyev çıxıb. Ondan sonra otağa mən daxil olmuşam və demişəm ki, “eşitmişəm istefa vermək fikrindəsən, qətiyyən belə bir şey eləmə…” O da mənə deyib ki, “bir xəbər gözləyirəm. O xəbərin nəticəsindən asılı olaraq qərar verəcəm”. Mən evə çatandan sonra – artıq iki saat keçmişdi – İsa Qəmbərin istefası barəsində eşitdim.
– Siz sonralar soruşdunuzmu ki, o hansı xəbər idi?
– Yox. Demədi də, mən də soruşmadım. Dolayı bir dəfə soruşdum, demədi, sonra da mən heç bir zaman soruşmadım.
– Belə ciddi nə baş vermişdi? Siz necə fikirləşirsiniz? O vaxtdan yəqin müəyyən məlumatlarınız da olmamış deyil.
– Qətiyyən bir söz deyə bilmərəm. Mənə elə gəlir ki, İsa bəy qiyamın yatırılıb-yatırılmaması imkanları ilə bağlı məlumat gözləyirmiş. Mənə elə gəlir. Yəni bu baxımdan dəqiq bir şey deyə bilmərəm.
– Mümkündür ki, ona məlumat veriblər ki, qiyamı yatıra bilməyəcəklər, o da istefa verib. Elədirmi?
– Mənə elə gəlir. Dəqiq heç bir şey bilmirəm. Ümumiyyətlə, Pənah Hüseynin də istefasının qəti əleyhinə olmuşam. İstefa verəcəyini bilməmişəm. İstefası barədə məsələ qaldırılanda ona da narazılığımı bildirmişəm ki, nəyə görə istefa verməlidir.
– Sürət Hüseynovun keçirdiyi iclasda nə baş vermişdi? Bayaq dediniz ki, bir qalmaqallı iclasda iştirak etmisiniz.
– O zaman dövlət katibi Lalə Şövkət, Baş nazir isə Sürət Hüseynov idi. Onların arasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə bağlı bir problem yaranmışdı.
– Maraqlıdır…
Lalə Şövkətə xəbər göndərdim ki…
– Sürət Hüseynova başa salmışdılar ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası çox mühüm bir qurumdur. O, nəyə görə prezidentə tabe olmalıdır. Hətta ilk fərmanı da onun qarşısına qoymuşdular…
– Çox maraqlıdır.
– Mənsə bunun hansı fəlakətlərə səbəb olacağını bilirdim. Ona görə birinci müavinə dedim ki, sən Lalə xanımla tanışsan, – deyəsən, gənclik dövründə hansısa kursda bir yerdə oxumuşdular. Nəsə indi dəqiq xatırlamıram, amma münasibətləri var idi, – get, onunla danış, buna heç bir zaman yol vermək olmaz.
– Yəni sizin özünüzün Lalə xanımla heç bir əlaqəniz, kontaktınız yox idi?
– Yox. Heç bir əlaqəm olmayıb. Və hökumətdə olan bəzi adamlar da fikirləşirdilər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını Nazirlər Kabinetinin tabeçiliyinə qaytarmaqla qəbulda nələrsə eləyə bilərlər və bu zaman onlar guya qarşıdan gələn qəbul məsələlərini, oradakı prinsipləri müzakirə etmək adı ilə toplaşmışdılar. Mən də dedim ki, sizin buna səlahiyyətiniz yoxdur. Nazirlər Kabinetinin belə bir səlahiyyəti yoxdur və mən də bu müzakirələrdə iştirak etmək niyyətində deyiləm. Sadəcə olaraq Vahid Əhmədov mənə zəng vurub xahiş elədi ki, “iclası aparmağı Sürət Hüseynov mənə tapşırıb. İclasda iştirakını xahiş edirəm…” İclasda olduq, amma sonu qalmaqalla bitdi. Bütün müşavirə iştirakçılarına qarşı təkbaşına dayanmaq məcburiyyətində qaldım.
– İclasda Sürət Hüseynovun özü yox idi?
– Yox. Amma yaxın adamları zalda idi və onların içərisində universitet rektorları, texnikum direktorları da var idi. Hətta yadımdadır ki, bizim komandadan da bəziləri hücumu mənə yönəldirdilər…
– Allah… Allah…
– Təbii ki, bunların hamısına cavab verməli oldum. Çünki təkbaşına qalmışdım. Məni orada müdafiə eləyən, amma bununla belə səsini çıxara bilməyən tək adam, APİ-nin rektoru rəhmətlik Sərvər Aslanov idi. Həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının üzvlərindən biri olan, bayaq adını çəkdiyim Zakir Hüseynov idi. Hətta o da yadıma gəlir ki, Sürət Hüseynovun yaxın adamlarından biri mənə qarşı kobudluq elədi, mən də o cür kobudcasına onun cavabını verdim. Dedim ki, “Atalar yaxşı deyib, uzunun ağlı topuğunda olar”…
– Saday?
– Yox, hansısa texnikumun direktoru idi.
– Nə istəyirdilər, Vurğun bəy? Məqsədləri nə idi?
– İstəyirdilər tələbə qəbulunda prinsipləri dəyişsinlər. Amma əsas məqsəd bu müşavirənin nəticəsi olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını Nazirlər Kabinetinin nəzdinə qaytarmaq və oradan asılı eləmək idi. Onda da dedim ki, “mən bilirəm, kimə arxalanırsan. Mən nəinki səndən, heç o arxalandığın adamdan çəkinmirəm. Gedib, elə belə də özünə deyərsən”. Halbuki mən heç bir zaman Sürət Hüseynovla üz-üzə gəlməmişəm. Onun yanında olan bəzi adamların da mənə hörməti olub. Hərçənd ki, mənim onlara hörmətim yox idi.Yəni bunların hamısı olub. Tarixdir və artıq keçib gedib.
Əbülfəz Elçibəy Kələkiyə gedəndən sonra…
– Sizin göndərdiyiniz mesaj Lalə Şövkətə çatdırıldı? Lalə Şövkət sizi müdafiə elədi?
– Güman ki, çatdırılmışdı. Bilmirəm, müdaxilə elədi, ya eləmədi. Amma fakt odur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası prezidentin tabeçiliyində qaldı.
– Vurğun bəy, siz Heydər Əliyevin dövründə işləməyə nə qədər davam elədiniz?
– (Gülür…) Demək olar ki, heç nə qədər.
– Heç işləmədiniz?
– Əbülfəz Elçibəy Kələkiyə gedəndən sonra Heydər Əliyev prezidentin səlahiyyətlərini yerinə yetirməyə başlayanda…
– İyulun 24-də…
– Mən o zaman fikirləşməyə başladım. Çünki tələbə qəbulu haqda elan prezidentin sərəncamından sonra verilməli idi. Düşündüm ki, bunu gecikdirsəm, sonradan mənim əleyhimə çevirəcəklər. Ona görə bir məktub yazdım…
– Heydər Əliyevə…
– Məktubun da başında yazdım ki, “Hörmətli Milli Məclisin sədri Heydər Əliyev. Ölkə prezidentinin Bakıda olmadığını nəzərə alaraq, MM-in sədri kimi sizdən xahiş edirəm ki, qəbul qaydalarını təsdiq edəsiniz”. Bu məktubla yanaşı, qəbul planı və s. çox qalın bir sənədlər qovluğunu onun yanına qoydum. Bunu hazırladıqdan sonra rəhmətlik Afyəddin Cəlilova zəng vurdum ki, “xahiş edirəm, bu sənədləri Heydər Əliyevə təqdim edəsiniz”. Göndərdim. Afiyəddin Cəlilov məktubun başına baxan kimi mənə zəng vurdu ki, “sən dəli olubsan? Sən neyləmək istəyirsən? Bu nə məktubdur?” Dedim ki, “Afiyəddin müəllim, nə məktubdur ki? Bəs necə yazmalıyam?” Dedi, “Başlıqda yaz ki, prezident səlahiyyətlərini icra edən…” Dedim ki, “Heydər Əliyevi Milli Məclisin sədri kimi tanıyıram. Hüquqi bir addım nəticəsində belə olub. Amma onun prezident səlahiyyətlərini icra eləməyini hüquqi baxımdan düzgün hesab eləmədiyim üçün də yazmıram”. Afiyəddin dedi ki, “bunun nəticəsi pis olacaq.” Dedim ki, “bu, artıq sizin işinizdir…” Onunla belə səmimi münasibətlərimiz var idi. Dedim ki, “Afiyəddin müəllim, mən onsuz da burada işləmək istəmirəm. Amma mən nə vəzifəmi dondurmayacam, nə də istefa verməyəcəm. Götürün, çıxardın.” Səhəri gün Afiyəddin Cəlilov yenidən mənə zəng vurub dedi ki, yaxşımı elədin, istədiyinə nail oldunmu? Soruşdum, nə oldu? Dedi ki, “Heç nə. Heydər Əliyev sənədləri mənim üstümə atıb, dedi ki, bu nə məktubdur, yazıb. Get, onun da fərmanını hazırla.” Dedim, lap yaxşı. Elə axşam evə gedəndə bu fərman televiziya vasitəsilə oxundu.
– Hə, yəni siz nə istefa vermisiniz, nə də vəzifənizi dondurmamısınız…
– Yox.
– Heydər Əliyev rəsmən sizi işdən çıxardı…
Paylaş: