Xəbər lenti

 

Bir müddət əvvəl Azərbaycanın sabiq Müdafiə naziri Rəhim Qazıyev saytımıza yazdığı məktubunda Heydər Əliyevin hərbi səlahiyyətli nümayəndəsi Urfullah Qurbanovun iddialarına cavab verərkən bildirmişdi ki, Azərbaycan hakimiyyəti 1991-92-ci illərdə nəinki Naxçıvana silah göndərəcək halda deyildi, əksinə, özü silahı Muxtar Respublikadan alırdı.

Rəhim bəy buna misal olaraq həmin vaxt AMİP-in sabiq sədri Etibar Məmmədovun Türkiyədən Naxçıvana 5000 ədəd silah gətirdiyini və onun 4000-ni təyyarə ilə Yevlaxa daşıdıqlarını iddia etmişdi.

Faktı dəqiqləşdirmək üçün Etibar Məmmədova müraciət etdik.

Etibar bəy Ovqat.com əməkdaşıyla söhbətində məlumatı təsdiqləyərək, silahın necə əldə olunub Azərbaycana gətirilməsi barədə maraqlı açıqlamalar verdi.

Onun bildirdiyinə görə, 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyimizi elan etdiyimiz zaman bu aktın tanınmasını təşkil etmək məqsədi ilə Azərbaycan Ali Sovetinin xəttiylə Türkiyəyə gedib və ölkə rəsmiləriylə danışıqlar aparıb: “Danışıqlardan sonra Azərbaycanın müstəqilliyi noyabrın 9-da  Türkiyə tərəfindən tanındı. Mən isə hərbi məsələləri, xüsusilə Qarabağda gedən döyüşləri müzakirə etmək üçün Türkiyədə qaldım”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, Azərbaycanın ozamankı prezidenti Ayaz Mütəllimovun fərmanıyla Dövlət Müdafiə Şurası yaradılmışdı və Etibar Məmmədov da həmin qurumun üzvüydü: “Təmsil olunduğum Dövlət Müdafiə Şurası Azərbaycan Silahlı Qüvvələrinin yaradılması vəzifəsini öz üzərinə götürmüşdü və mənim yenicə yaranmaqda olan ordumuzun silahla təzhizatıyla əlaqədar Türkiyə rəsmiləriylə danışıqlar aparmaq səlahiyyətim var idi. Müəyyən danışıqlardan sonra razılıq əldə olundu və Türkiyə bizə 5000 ədəd silah verdi”.

Bildirildiyinə görə, əsasən AKM tipli rus avtomatları olan və zərərsizləşdirilmiş terrorçu qruplardan toplanılan həmin silahların Azərbaycana gətirilməsi xeyli məşəqqətli olur. Əvvəla, Ayaz Müttəlibov, nədənsə, bir müddətdən sonra öz fərmanıyla yaratdığı qurumu buraxır və bu da silahların birbaşa Bakıya yox, Naxçıvana gətirilməsi zərurətini yaradır: “Ayaz Müttəlibovun o zaman Türkiyəyə səfəri gözlənilirdi. O, həmin səfər ərəfəsində Turqut Özalla telefonla danışmış və silahlardan onun xəbəri olmadığını, yardımın dayandırılmasını xahiş etmişdi. Daha sonra isə Dövlət Müdafiə Şurasını ləğv etmiş, beləcə, mən rəsmi şəxsdən qeyri-rəsmi şəxsə çevrilmişdim. Yaxşı ki, Türkiyə rəsmiləri Ayaz Mütəllibovun bu israrını ciddiyə almadılar və mən silahları Naxçıvana gətirə bildim”.

İkincisi, Azərbaycan-Türkiyə arasındakı hava yolları Rusiyanın nəzarətində olduğundan həmin silahların təyyarə ilə birbaşa Bakıya göndərilməsi məsləhət bilinmir və bu amil də yardımın Naxçıvan üzərindən ünvana çatdırılması variantını daha güvənli hala gətirir. Beləcə, 1991-ci ilin noyabrın ilk günlərində Türkiyədən qıda yardımı adıyla Naxçıvana göndərilən silahlar 1992-ci ilin yanvar ayının ilk günlərində Muxtar Respulika sərhədlərindən manesiz keçirilir.

Bundan sonra  hərbi yardımın əsl ünvanına çatdırılması mərhələsinə Heydər Əliyevlə Rəhim Qazıyev rəhbərlik edir. Dövlət Müdafiə Şurasının digər üzvü olan Rəhim Qazıyev Naxçıvana gəlir və silahların 4000-i təyyarə ilə Yevlaxa aparılır, ordan ölkənin müxtəlif rayonlarındakı müdafiə batalyonlarına paylanılır: "Bu mərhələdə xüsusilə məhrum ulu öndərin xidmətlərini qeyd etmək yerinə düşərdi. Heydər Əliyevin təcrübə və uzaqgörənliyi silahların tam təhlükəsiz şəraitdə Yevlaxa çatdırılmasında mühüm rol oynadı".

Etibar Məmmədovun dediyinə görə, silahların bölüşdürülməsinə şəxsən özü rəhbərlik etsə də, bu işi Nazirlər Kabinetinin sədri Həsən Həsənovun razılığı və imzasıyla həyata keçirib.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 8 120          Tarix: 24-10-2017, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma