Xəbər lenti

Tərcümə Mərkəzi AMEA-nın nəşr etdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qüsurlar aşkarlayıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, mərkəz tərəfindən aşkarlandığı iddia edilən qüsurlar “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” kitabında yer alıb.

Kitabda bildirilib ki, orfoqrafiya lüğətinə ümumişlək, anlaşıqlı və populyar səciyyəli terminlər daxil edilir. “Azərbaycanda Orfoqrafiya sözlüyü kimi strateji bir dilçilik əsərinin tərtibi işinə xüsusən son dövrlərdə xeyli dərəcədə laqeyd, hətta demək olar ki, məsuliyyətsiz yanaşılıb.

Tərcümə Mərkəzinin “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin son nəşri üzərində apardığı təhlillər külli miqdarda faktlarla təmsil olunan prinsipal qüsurlar aşkarlanıb ki, onlardan birincisi müasir Azərbaycan dilində işlənməyən, artıq tamamilə arxaikləşmiş ərəb, fars və s. mənşəli çoxsaylı əcnəbi sözlərin tədricən nəinki lüğətlərdən çıxarılması, hətta nəşrdən-nəşrə daha da artırılmasıdır. Məsələn, “ab”, “aba”, “abxor”, “çakər”, “canfəza”, “danişgah”, “dəh”, “abi-həyat”, “əhıi-eşq”, “dərdi-sər” kimi minlərlə söz və izafət birləşmələri orfoqrafiya lüğətinə hansı məntiqlə daxil edilə bilər? 

İkinci qüsur mövcud orfoqrafiya lüğətində ümumişlək səciyyəsi daşımayan, yalnız müxtəlif elmlər və ya peşələr üzrə mütəxəssislərin dar ünsiyyət dairəsinə mənsub söz-terminlərə geniş yer verilməsidir. Məsələn, “abaksial”, “abandon”, “abatment”, “dedveyt”, “dzeren” və s. kimi sözlərin orfoqrafiya lüğətinə daxil edilməsi yanlışdır. Burada söhbət yalnız beynəlmiləl terminalogiyadan deyil, milli söz-terminlərdən də gedir. Məsələn, “cərgəarasıseyrəklik”, “çoxmemarlılıq”, “dimdikşəkillilik” kimi terminoloji vahidlər orfoqrafiya lüğətində heç bir funksiya daşımır.

Üçüncü qüsur lüğətdə ədəbi normativlikdən və ya kütləvi işləklikdən məhrum dialektizmlər, yaxud loru sözlər də çoxdur. “Adə”, “ağzıyelli, “anarı”, “ağarantı”, “ağzıbir”, “alabaydaq” tipli dialekt, “adıbatmış”, “açarınıitirən”, “ağzıcırıq”, “çezdirmə”, “çırtı-pırtı” kimi loru sözlərin orfoqrafiya lüğətində verilməsi, ən azından, yazı mədəniyyətinə ziddir.

Lüğətin dördüncü qüsuru heç bir ehtiyac olmadam söz yaradıcılığı hesabına yüklənməsi və ya süni olaraq həcmcə genişləndirilməsidir. Nə ehtiyac var ki, “silahlandırılma, silahlandırılmaq, silahlandırma, silahlandırmaq, silahlanma, silahlanmaq… silahsızlandırılma, silahsızlandırılmaq” kimi sicilləmələr orfoqrafiya lüğətinə daxil edilsin? Əgər mətləb sözün törəmələrinin düzgün yazılış qayda və ya formalarının təsbitindən gedirsə, daha doğru, daha elmi yanaşma odur ki, lüğətə tamamilə təbii olaraq əlavə edilmiş “Orfoqrafiya qaydaları”nda müxtəlif növ şəkilçilərin orfoqrafiyası təfsilatı ilə verilsin.

“Lüğət”də Azərbaycan dilinin mövcud söz yaradıcılığı imkanlarından sui-istifadə edilərək “yaradılmış” xeyli qurama sözlərə rast gəlinir ki, bu, beşinci qüsurdur. Buraya “abır-həyagözləmə”, “abırsızolma”, “abzasdanbaşlama”, “acıdilliliketmə”, “açıqcagöndərmə” və s. tipli qondarma “mürəkkəb sözlər” aiddir ki, onların sayı lüğətdə olduqca çoxdur. Bu cür sözlərin lüğətə ayaq açması “söz” anlayışı barədəki təsəvvürün yanlışlığından , yaxud elmi olmamasından irəli gəlir. Maraqlıdır ki, tərtibçilər Azərbaycan dilində, məsələn, “ətriyyatçılıqetmə”, yaxud “ətriyyatçıolma” sözlərinin mövcudluğunu qəbul edirlər, ancaq deyək ki, “müəllimliketmə”, yaxud, “müəllimolma” “söz”lərini qəbul edib lüğətə daxil etmirlər… Bu isə o deməkdir ki, ən adi elmi prinsiplər belə gözlənilməyib, tərtibçilər ya hansı mətndəsə təsadüf etdikləri “söz”ləri almış, ya da sadəcə özlərindən uydurmuşlar.

“Lüğət”in altıncı qüsuru “söz” anlayışı hüdudlarına sığmayan yamsımalara və ya fonetik təqlid cəhd-vahidlərinə, heç bir əsas olmadan, geniş yer ayrılmasıdır. Məsələn, “car-cur”, “cığ-cığ”, “cirinq”, “cükk”, “çıqq”, “çıpaçıp”, “çıp-çıp”, “çırt”, “danq”, “dit-dit”, “dızz” və s.

Nəhayət, yeddinci qüsur bir sıra sözlərin düzgün yazılışında: A) tələffüz variantlılığından; B) alınmalarda mənbə dildəki yazı normasına münasibətdən; C) mürəkkəb sözlərin bitişik, yaxud defislə yazılmasından və s. irəli gələn problemlər vardır. Məsələn: addama-adlama, basdalama-bastalanma, başaçıq-başıaçıq, cəlal-calal, çaşma-şaşma, qorxutma-qorxuzma, yorğun-yornuq, yumurlama-yumrulama və s.

Beləliklə, orfoqrafiya lüğətinin son – 2013-cü il nəşri (o nəşrin ki, əsas missiyası məhz bu cür qüsurları mümkün dərəcədə aradan qaldırmaq idi) bugünkü tələblərə cavab vermir”.




Ana səhifəyə qayıt        Baxış: 711          Tarix: 11-01-2018, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma