Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Lənkəran Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi” mövzusunda mühazirəsi və müəllifi olduğu “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı keçirilib.
Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov qonağı tədbir iştirakçılarına təqdim edib, erməni terrorizmini, xalqımıza qarşı törədilən cinayətləri dolğun və həqiqətə uyğun açıb göstərdiyinə görə Oleq Kuznetsova təşəkkürünü bildirib.
O.Kuznetsova əsrlərdən bəri ermənilər tərəfindən dünyanın bir sıra ölkələrində terror əməllərinin törədildiyini, Xocalı soyqırımının da məhz erməni terror təşkilatlarının əli ilə icra olunduğunu faktlarla diqqətə çatdırıb. Erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlara malik olduğunu söyləyib, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirib.
ASALA, “Daşnaksutyun” kimi erməni terror təşkilatlarının törətdikləri cinayətlərin geniş təhlilini verən tanınmış tarixçi uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və xalqımıza qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyib. Xocalı soyqırımının Rusiya Dumasında tanınmasından ötrü Lənkəran ictimaiyyətini https//www.cvhange.org saytında yaradılmış petisiyaya qoşulmağa çağırıb.
Lənkəran Dövlət Universitetinin kafedra müdiri, dosent Kamran Kazımov, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev və digər çıxış edənlər erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına görə O.Kuznetsova minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları erməni terrorunu pisləyən petisiyanı imzalamaq aksiyasına qoşulacaqlarını söyləyiblər.
Paylaş: