Xəbər lenti

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması iş adamlarının fəaliyyətinə müdaxilələrin, süni maneələrin, korrupsiya və sui-istifadə hallarının qarşısının alınmasına zəmin yaradıb, qanun pozuntularının, Apellyasiya şuralarına ünvanlanan şikayətlərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Bu fikri Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev AZƏRTAC-a açıqlamasında bildirib.

Bunun nəticəsidir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Prezident yanında Apellyasiya Şurasına daxil olmuş ümumi müraciətlərin sayı 2,9 dəfə, bilavasitə sahibkarlar tərəfindən verilən şikayətlərin sayı 2,2 dəfə azalıb.

Hesabat ilində Prezident yanında Apellyasiya Şurasına hüquqi və fiziki şəxslərdən 317 müraciət daxil olub.

Onlardan 163 müraciət Şuranın səlahiyyətinə aid olmadığından araşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Həmin şikayətlər əsasən sahibkarlar tərəfindən verilməyən, sahibkarlıq fəaliyyətinə aid olmayan məsələlərlə, habelə cinayət təqibi, məhkəmə işləri, inzibati cərimələr, bank kreditləri, su, qaz, işıq təchizatı ilə əlaqədar olub.

Hesabat dövründə Prezident yanında Apellyasiya Şurasının səlahiyyətinə aid 154 müraciət daxil olub. Onlardan 120 şikayət prosedur qaydalara əməl olunmadan, mərkəzi və ya yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarında baxılmadan birbaşa Prezident yanında Apellyasiya Şurasına verildiyindən həmin orqanlara, onların Apellyasiya şuralarına göndərilib.

Apellyasiya şuralarına göndərilmiş həmin şikayətlərdən 93-ü yerlərdə qanuni həllini tapdığından, mübahisə aradan qalxdığından onlardan təkrar şikayət verilməyib, Şuraya ünvanlanmış 7 müraciət isə təşkilati məsələlər şikayəti təmin olunmuş sahibkarların təşəkkürləri barədə olub.

2017-ci ildə Prezident yanında Apellyasiya Şurasının icraatına 27 şikayət götürülüb. Müsbət haldır ki, həmin il Şurada baxılan işlərin sayı 2016-cı illə müqayisədə 12,9 faiz azalıb. Hesabat ilinin ikinci yarısının göstəriciləri daha uğurlu olub, 2016-cı ilin həmin dövrü ilə müqayisədə Şurada baxılmış şikayətlərin sayı 2,3 dəfə aşağı düşüb.

Ötən il Prezident yanında Apellyasiya Şurasının icraatına götürülmüş 20 şikayət üzrə müvafiq qərarlar qəbul edilib, 3 müraciət şikayətçilərə qanunvericiliyin tələbi izah edilməklə baxılmamış saxlanılıb, 2 müraciət baxışa çıxarılanadək öz həllini tapdığından geri götürülüb, 2 şikayət isə hazırda baxılma mərhələsindədir.

Araşdırmalardan məlum olur ki, şikayətlərin əksər hissəsi sahibkarların öz hüquq və vəzifələrini mükəmməl bilməməsi, qanunvericiliyin tələblərini, müəyyən edilmiş prosessual qaydaları pozması, hətta bəzən haqsız tələblər irəli sürməsi üzündən yaranıb.

Statistik məlumatlardan göründüyü kimi sahibkarların Prezident yanında Apellyasiya Şurasına ünvanladığı 163 müraciət Şuranın səlahiyyətinə aid olmayıb, 120 şikayət mərkəzi və ya yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarında baxılmadan birbaşa Prezident yanında Apellyasiya Şurasına verilib. Şuraların iclasında baxılmış 13 şikayət əsassız olduğundan təmin edilməyib, yaxud baxılmamış saxlanılıb. Bəzi şikayətlər qanunvericiliyin tələbi pozulmaqla eyni vaxtda həm məhkəməyə, həm də Apellyasiya Şurasına verilib.

Bununla belə, Prezident yanında Apellyasiya Şurasına göndərilən şikayətlər, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları hesabat ilində xeyli azalsa da, hələ də tam aradan qaldırılmayıb.

Bəzən mərkəzi və yerli icra hakimiyyətləri, onların Apellyasiya şuraları müraciətlərə baxarkən sahibkarların özlərini dinləmədən, şikayətin bütün hallarını tam, hərtərəfli araşdırmadan, toplanmış sənədlərə düzgün hüquqi qiymət vermədən əsassız qərarlar qəbul edirlər. Sahibkarların müraciətlərinin həllinə belə münasibət son nəticədə iqtisadi inkişafa mənfi təsir göstərir, qanun pozuntularına, haqlı narazılıqlara gətirib çıxarır, şikayətlərin sayının artması, əlavə iş yükünün yaranması ilə nəticələnir.

İş adamlarının şikayətləri düzgün araşdırılmadığına görə hesabat ilində mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının doqquz qərarı ləğv edilib, bir halda Şuranın hərəkətsizliyi qanunsuz sayılıb.

Qeyd edilən hallara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, profilaktik tədbirlərin tətbiqi dairəsinin genişləndirilməsi, şikayətlərin vaxtında və hərtərəfli araşdırılması, sahibkarların haqlı tələblərinin təmin olunması məqsədilə bütün mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarına zəruri tapşırıqlar verilib.

Hesabat dövründə Prezident yanında Apellyasiya Şurası tərəfindən mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının fəaliyyəti də ümumiləşdirilərək təhlil edilib.

 

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində iş adamlarına hərtərəfli dəstək verilməsi, onların müraciətlərinə diqqətlə yanaşılması, hüquqlarının tutarlı qorunması məqsədilə yaradılmış Apellyasiya şuralarının fəaliyyətə başlaması, çoxpilləli nəzarət mexanizminin qurulması, hər bir qanun pozuntusuna ciddi reaksiya verilməsi işin səmərəliliyini artırmış, müraciətlərin sayının nəzərəçarpacaq dərəcədə azalmasına imkan yaradıb.

Görülmüş tədbirlər nəticəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının hesabat göstəricilərində müsbət dinamika müşahidə edilib, mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının 55,5 faizinə, yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının 83,5 faizinə sahibkarlar tərəfindən, ümumiyyətlə, şikayət verilməyib.

2016-cı ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına sahibkarlar tərəfindən verilmiş şikayətlərin sayı daha çox olub, bu göstəricilər müvafiq olaraq 50 və 58,2 faiz təşkil edib.

Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına verilən şikayətlərin sayında da xeyli azalma müşahidə edilib. 2017-ci ildə bu orqanların Apellyasiya şuralarına cəmi 304 şikayət daxil olub. Həmin göstərici 2016-cı illə müqayisədə təqribən 1,7 dəfə azdır.

210 şikayət Şuranın səlahiyyətinə aid olmadığından və digər əsaslarla onlara baxılmasından imtina edilib, 21 şikayət Şuranın iclasına çıxarılanadək təmin olunduğundan geri götürülüb.

Hesabat ilində Apellyasiya şuralarının icraatına 73 şikayət qəbul edilib.

Həmin şikayətlərin 48 faizi (35 şikayət) təmin olunub, 37 faizi (27 şikayət) rədd edilib, 2,7 faizi (2 şikayət) üzrə yeni qərarlar qəbul edilib, 12,3 faizi (9 şikayət) hazırda baxılma mərhələsindədir.

 

Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 9 əməkdaşı sahibkarların müraciətlərinin araşdırılmasında qanun pozuntularına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunub.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli Fərmanı ilə dövlət qulluğuna qəbulla bağlı müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması səlahiyyəti Hesablama Palatası, İnsan hüquqları üzrə müvəkkil, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurasının aparatları, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyi üzrə Prezident yanında Apellyasiya Şurasına, mərkəzi icra hakimiyyəti orqanları üzrə bu orqanların Apellyasiya şuralarına, məhkəmə orqanları və Məhkəmə-Hüquq Şurasının aparatı üzrə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasına tapşırılıb.

Ümumiləşdirmə zamanı məlum olub ki, hesabat dövründə dövlət qulluğuna qəbulla bağlı Prezident yanında Apellyasiya Şurasına şikayət daxil olmayıb, mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına verilmiş dörd şikayətdən üçü təmin, biri rədd edilib.

Prezident yanında Apellyasiya Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuraları şikayətlərə baxılması sahəsində işin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılması, iş adamlarının hüquqlarının müdafiəsi, haqlı tələblərinin operativ və obyektiv həlli istiqamətində fəaliyyətlərini davam etdirirlər.




Ana səhifəyə qayıt        Baxış: 884          Tarix: 22-01-2018, 14:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma