Sosial şəbəkələrdə yayılan bir görüntü ayıq sürücü xidməti göstərən şəxs və şirkətlərin yol polisi ilə əməkdaşlığı məsələsini gündəmə gətirib.
Görüntülərdə yol polisinin öncə yolayrıcına gəldiyi, sonda onu görməsinlər deyə avtomobili bir qədər geriyə sürdüyü əks olunub.
Ayıq sürücünün idarə etdiyi avtomobil isə dayandıqdan və ayıq sürücü maşını tərk edib uzaqlaşandan dərhal sonra yol polisi həmin avtomobilə doğru hərəkət edir.
Bu görüntülər Bakıda bir binanın təhlükəsizlik kamerasına düşüb. Görüntü sosial şəbəkələrdə yol polisi ilə ayıq sürücü arasında işbirliyi olduğu iddiası ilə yayılıb. İddialara görə maşının sahibi ayıq sürücünü yola salandan sonra həyətdə maşını park etmək üçün sükan arxasına oturan kimi onu yol polisləri yaxalayıblar.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsi də rəsmi münasibət açıqlayıb. İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bu iddialar içkili halda olan sürücülərin özlərini müdafiə etmək üçün ortaya atdığı əsassız fikirlərdir. Onun sözlərinə görə hətta əgər sürücü yaşadığı həyətdə belə avtomobilin sükanı arxasına sərxoş halda əyləşibsə bu qanunla yolverilməzdir və yol polisinin inzibati xətanı tətbiq etməsi üçün heç bir maneə yoxdur. Vaqif Əsədov sürücülərə ayıq sürücüyə güvənmədikləri halda özlərinə yaxın bildikləri şəxslərin köməyindən faydalanmağı tövsiyyə edib.
İddialarla bağlı ayıq sürücü xidmətlərindən biri ilə də əlaqə saxlanılıb. Şirkətin əməkdaşı Renad Əliyev bildirib ki, əksər hallarda problemlər səyyar şəkildə fəaliyyət göstərən ayıq sürücülərdə baş verir. Onların şirkətində belə halın yaşanmasının mümkünsüz olduğunu bildirən şirkət əməkdaşı sürücülərə bütün lazımı təlimatları öncədən verdiklərini deyir. Belə bir iddia ilə müştərilərdən şikayət daxil olarsa və təsdiqlənərsə həmin sürücü ilə əmək müqaviləsinə xitam veriləcəyini bildirib.//XəzərXəbər
Paylaş: