Hava şəraiti ilə əlaqədar “Azneft” İstehsalat Birliyi üzrə 1000 nəfərdən çox işçi təxliyə edilib.
İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, martın 30 və 31-də açıq dənizdə arabir 30 m/s-dən yüksək sürətli küləyin gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İB tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib. Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində bütün işlərin maksimum mümkün dərəcədə məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.
Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıbr. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb.
Bundan əlavə, mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir.
Paylaş: