Xəbər lenti

Milli Məclis mayın 1-də İnzibati Xətalar Məcəlləsinə və “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna jurnalistlərin fəaliyyətil ilə bağlı dəyişikliklər edib.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik hərbi vəziyyət durumunda KİV-in fəaliyyəti ilə bağlıdır. Məcəllənin “Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması” adlanan 517-ci maddəsinə 517-2.15-ci maddə əlavə edilib.

Həmin maddədə hərbi vəziyyətin elan olunduğu ərazidə kütləvi informasiya vasitələrinə tətbiq edilən xüsusi fəaliyyət rejiminə əməl etməyənlərin cərimələnməsi nəzərdə tutulur. Maddə vəzifəli şəxslərin 1000 manatdan 1500 manata, hüquqi şəxslərin isə 6000 manatdan 8000 manata qədər cərimələnməsini nəzərdə tutur. “KİV haqqında” qanuna edilən dəyişiklik senzura ilə bağlıdır. Qanunun senzuranın yolverilməzliyi ilə bağlı müddəalarına dəyişiklik edilib.

Mövcud qanunun “Senzuranın yolverilməzliyi” adlanan maddəsinin mətnində KİV üzərində dövlət senzurası qadağan edilir. Ancaq 2 hal istisna təşkil edir.

Birincisi fövqəladə vəziyyət durumunda məhdudiyyətə icazə verilir. Bundan başqa, hazırkı qanun dini ekstremizm əleyhinə əməliiyyatlar zamanı da informasiyaların verilməsinə məhdudiyyətlərin tətbiq edilə bilməsini mümkün sayır.

Dəyişiklik bu çərçivəni bir qədər də genişləndirib. Bundan sonra hərbi vəziyyət dövründə KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə biləcək. Bundan əlavə, hərbi vəziyyət tətbiq edilən ərazilərdə KİV-ə xüsusi fəaliyyət rejimi tətbiq ediləcək.

İnzibati Xətalar Məcəlləsinə və “KİV haqqında” qanuna edilmiş bu dəyişikliklər ötən il qəbul edilmiş “Hərbi vəziyyət haqqında” qanunla əsaslandırılır. Parlament bir sıra başqa qanunlara da eyni əsaslarla dəyişiklik edib.

Ötən il Azərbaycanda “Hərbi vəziyyət haqqında” qanun qəbul edilib. Həmin qanun hərbi vəziyyət durumunda KİV-in fəaliyyətinin məhdudlaşdırılmasına, habelə hərbi senzuranın tətbiqinə imkan verir.

Sözügedən qanunu ekspertlər birmənalı qarşılamayıb.

Deputatlar, eləcə də hökumətə yaxın bəzi ekspertlər, media təmçsilçiləri hərbi durumda məhdudiyyətin tətbiqini normal hesab etsə də, bəzi ekspertlər bu fikri qəbul etmirlər. Onlar hesab edir ki, ölkə Konstitusiyası aydın şəkildə dövlət senzurasını qadağan edib.

“Konstitusiyanın 50-ci maddəsi dövlət senzurasını qadağan edir. Bu səbəbdən heç bir halda qanunvericilikdə dövlət senzurası nəzərdə tutula bilməz. Bu, Konstitusiyanın pozulmasıdır”, ekspert Ələsgər Məmmədli “Amerikanın Səsi”nə bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 753          Tarix: 2-05-2018, 17:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma