Bakı Apellyasiya Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, "Medi Sina” klinikasının sahibi M.Həşimov iş adamı Ramazan Zeynalova qarşı (“Hacı Mazan“) 163 min manatlıq dələduzluq edib. “Hacı Mazan“ müqavilə əsasında klinikanı M.Həşimova icarəyə verib.
Onu da əlavə edək ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi. “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Həşimov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaş: